Son
illər Şəki rayonunda təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində
davamlı tədbirlər həyata keçirilir. Hazırda Şəkinin
kəndlərində dörd yeni məktəb binası tikilir. Bundan
əlavə, şəhərdəki qarışıq tipli internat məktəbində
Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir işləri
aparılır.
Şəhər təhsil şöbəsinin müdiri Südabə İsmayılova
redaksiyamıza bildirib ki, Qoxmuq, Baş Göynük və
Göybulaq kəndlərində inşa edilən yeni məktəb binalarında
hazırda son tamamlama işləri görülür. Hər üç məktəb
binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə
tutulur. Şəhərdəki qarışıq tipli internat məktəbində
aparılan əsaslı təmir işləri, həmçinin Qaratorpaq
kəndində 130 şagird yerlik yeni məktəb binasının
tikintisi isə davam etdirilir. İnternat məktəbində əlavə
korpus da inşa olunur. Bu məktəb binalarının cari ilin
sonunadək istifadəyə verilməsi planlaşdırılır.
***
Şamaxı
rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər
davam etdirilir.
Rayon təhsil şöbəsindən bildirilib ki, hazırda rayonun
Mədrəsə qəsəbəsində 380, Şərədil kəndində isə 80 şagird
yerlik yeni tədris ocaqları tikilir. Hər iki binanın
yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.
Bundan əlavə, Talışnuru və Hacıqədirli kənd məktəbləri
üçün 80 şagird yerlik yeni binaların tikintisinə də
hazırlıq işləri görülür. Bu məqsədlə yer ayrılıb,
layihə-smeta sənədləri hazırlanıb. |