Nüşabə ƏMİROVA,
Lerik rayonu, Ə.Musayev adına Vizəzəmin kənd tam orta
məktəbinin riyaziyyat-informatika müəllimi
V SİNİF
Dərsin mövzusu:
Alqoritm.
Standart:
2.2.1. Alqoritmin təsvir üsullarını izah edir
Dərsin məqsədləri:
- Alqoritm anlayışını izah etmək;
- alqoritmi addımlarla yazmaq;
- addımlarla yazılmış alqoritmi icra etmək;
- alqoritmi sözlərlə təsvir etmək.
Fənlərarası inteqrasiya:
riyaziyyat 2.1.1, texnologiya 3.1.1, fiziki tərbiyə
1.2.1.
İş formaları:
kiçik qruplarla iş, bütün siniflə iş, cütlərlə iş.
İş üsulları:
beyin həmləsi, klaster, müzakirə.
Resurslar:
dərslik, iş vərəqləri, kompüter, krossvord olan A4
vərəqləri, özünüqiymətləndirmə vərəqləri.
Dərsin gedişi:
Lövhədə qabaqcadan A4 formatlı kağızda hazırladığım
krossvordu asıram:
(Üfiqi)
1.Qrafın oxşadığı obyekt.
2.Hesablamalar aparmaq üçün proqram.
3.Faylları özündə qruplaşdıran obyekt.
4.Kompüterdə informasiyaları emal edən qurğu.
5.Kompüterin əsas daxiletmə qurğusu.
6.İnformasiyanın xassələrini öyrədən fənn.
7.Qrafik redaktor.
8.Kompüterin əsas xaricetmə qurğusu.
Şagirdlər bir-bir gəlib krossvordu doldururlar. Sinfə
müraciət edirəm:
-Uşaqlar, yəqin ki, bugünkü mövzumuzun adını özünüz deyə
bilərsiniz. Şagirdlərdən "Alqoritm" cavabını aldıqdan
sonra lövhədə dairə çəkib, içində "Alqoritm" sözünü
yazıram. Klaster üsulundan istifadə edib şagirdlərdən
alqoritmə dair ibtidai siniflərdən bildikləri əsas
anlayışları şaxələrdə yazmağı xahiş edirəm.
Şagirdlərdən "Çayın dəmlənməsi" zamanı yerinə yetirilən
hərəkətlər ardıcıllığını soruşuram. Şagirdlərin
diqqətini dərslikdəki şəklə cəlb edib, suallar verirəm:
- Uşaqlar, quş yuvasını nəyin əsasında yığırlar?
- Bu sxemdən siz də istifadə edə bilərsinizmi?
Cavablar alındıqdan sonra tədqiqat sualı qoyuram.
Tədqiqat sualı: Görüləcək işin planını necə qurmaq olar?
Şagirdləri 4 qrupa bölüb yazılmış iş vərəqləri
paylayıram.
I qrup. Paint proqramında aşağıdakı şəkil çəkilib. Onun
çəkilmə ardıcıllığını yazın.
II qrup. Binanın tikilib istifadəyə verilməsi üçün
hərəkətlər ardıcıllığını yazın.
III qrup. Təyyarənin düzəldilib uçuşa buraxılması üçün
hərəkətlər ardıcıllığını yazın.
IV qrup. Mətn redaktorda aşağıdakı sənəd hazırlanıb.
Cırtdanın evi.
Onun hazırlanması üçün hərəkətlər ardıcıllığını yazın.
Verilən vaxt bitdikdən sonra hər qrupun lideri qrupun
işini təqdim edir.
Müzakirə aparılır. Digər qrupların və müəllimin sualları
cavablandırılır.
Qruplara aşağıdakı suallar verilir:
I qrupa: - Şəklin çəkilməsində hansı alətlərdən istifadə
edilib?
- Neçə addım alındı?
II qrupa: - Çertyoju çəkməmiş binanı tikmək olarmı?
- Nə üçün əvvəlcə özül tökmək lazımdır?
- Addımların sayı arta bilərmi?
III qrupa: - Maketini yoxlamadan təyyarəni düzəltmək
olarmı?
- Addımların yerini dəyişsək nəticə eyni olarmı?
IV qrupa: - Fiqurları haradan tapmaq olar?
- Addımların sayını azaltmaq olarmı?
- Bütün hallarda hərəkətlər ardıcıllığının yerinə
yetirilməsində bir məqsəd varmı?
Ümumiləşdirmə aparılır:
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yerinə yetirilən
hərəkətlər ardıcıllığına alqoritm deyilir. Alqoritmdə
hər bir bitkin hərəkət addım, yaxud alqoritmin addımı
adlanır.
İstənilən hərəkətlər ardıcıllığına alqoritm demək olmaz.
Hərəkətlər ardıcıllığının alqoritm olması üçün hər bir
hərəkət dəqiq və konkret, onların sayı sonlu olmalıdır.
"Alqoritm" sözünün mənşəyi barədə məlumat verilir.
Düzbucaqlının perimetrini P=2•a+2•b düsturu ilə
hesablamaq üçün alqoritm şagirdlər tərəfindən lövhədə
yazılır:
1. Düzbucaqlının tərəfinin uzunluğunu (a və b) müəyyən
etmək.
2. Birinci tərəfi 2-yə vurmaq: 2•a.
3. İkinci tərəfi 2-yə vurmaq: 2•b.
4. 2-ci və 3-cü addımların nəticəsini toplamaq: P=2•a+2•b.
Sinfə müraciət olunur:
- İndiyə qədər dərsliyinizdə rast gəldiyiniz
alqoritmlərin icrası kim üçün nəzərdə tutulub?
(şagirdlər üçün);
- Aşağıdakı alqoritmə uyğun ifadə yazılmış bəndi tapın
(dərslikdən).
1. 134-dən 45 çıxın.
2. Alınmış nəticəni 4-ə vurun.
3. Alınmnış nəticəni 2-yə bölün.
4. Alınmış nəticəni bir vahid artırın.
A) 134-454:2+1 B)
(134-45)•(4:2+1)
C) (134-45)•4:2+1 D)
134-454:2-1.
Aşağıdakı alqoritmin Paint proqramında icrasından sonra
nə alınacaq?
1. Düzbucaqlı alətini seç.
2. Fiqur çək.
3. İçini sarı rənglə boya.
4. Ellips alətini seç.
5. Göy rəngi seç.
6. Göstəricini əvvəl çəkilmiş şəklin ortasına gətir.
7. Fiquru çək.
Şagirdləri cütlərlə kompüter qarşısında əyləşdirib Word
mətn redaktorunda düzbucaqlının perimetrini P=2•(a+b)
düsturu ilə hesablamaq üçün alqoritm yazmağı tapşırıram.
Qiymətləndirmə:
Qruplarla iş zamanı qrupların işi aşağıdakı meyarlarla
qiymətləndirilir:
Qrup işinin qiymətləndirilməsi
Fərdi özünüqiymətləndirmə
Ev tapşırığı:
müxtəlif fənlərə aid alqoritmlər qurmaq. |