Güllübəyim CƏRULLAYEVA,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti
Respublikamızda
uğurla həyata keçirilən təhsil islahatının indiki
mərhələsində digər fənlərlə yanaşı, musiqi üzrə də
müasir dərsliklər, şagirdlər üçün iş dəftərləri
və müəllim üçün metodik vəsaitlər nəşr olunmuşdur.
Kurikulumda musiqi üzrə qarşıya qoyulan vəzifələri
yerinə yetirmək üçün həm sinif-dərs
məşğələlərindən, həm də sinifdənxaric işlərin
müxtəlif formalarından kompleks şəkildə istifadə
olunmalıdır. Kurikulumun tələblərinə görə, şagirdlər
mahnı oxumaq qaydalarını, mahnıları mətnlərinin
məzmununa görə səhnələşdirməyi, musiqi alətlərini
xarakterinə və tembrinə görə bir-birindən
fərqləndirməyi, müxtəlif janrlı musiqi əsərlərinə
münasibət bildirməyi, Azərbaycan və Avropa
bəstəkarlarını tanımalı, onların əsərlərini müqayisə
edə bilməli, musiqi notlarının adlarını demək və
oxumağı, onları sadə musiqi alətində çalmağı
bacarmalıdırlar.
Buradan belə bir sual yaranır. Musiqi üzrə
göstərilən bacarıq və qabiliyyətləri həftədə bir
saat hesabı ilə keçilən musiqi dərslərində
ibtidai sinif şagirdlərinə aşılamaq mümkündürmü?
İbtidai sinifdə musiqi fənnini tədris edən müəllim
kimi qeyd etməliyəm ki, olduqca çətindir. Çünki ilk
baxışda sadə görünən, həmin bacarıqların və
qabiliyyətlərin aşılanması üçün uşaqlarla günlərlə,
həftələrlə, aylarla məşğul olmaq lazım gəlir. Buna
görə də musiqi dərsləri bu sahədə müəyyən
səriştəsi olan müəllimlər tərəfindən keçilməli,
eləcə də sinifdənxaric işlərin müxtəlif
formalarından istifadə olunmalıdır.
Fənnin tədrisi prosesində öyrənilən mahnılar
şagirdlərin vətəndaş kimi böyüməsinə, mənəvi
tərbiyəsinə çox böyük təsir göstərir. Aşağıda belə
dərslərdən birinin icmalını həmkarlarıma təqdim edirəm.
IV sinif.
Mövzu:
Bəstəkar və operetta.
Standart:
1.1.1.; 1.2.3.
Məqsəd:
Şagirdlər: 1.Operetta janrı haqqında tam məlumat
əldə edirlər.
2.Azərbaycanda operetta janrının yaranma tarixi
haqqında məlumatlanırlar.
3.Musiqi janrı, musiqi alətləri və kollektivi
arasında əlaqəni izah edirlər.
İnteqrasiya:
Azərbaycan dili, Təsviri incəsənət, Texnologiya.
İş forması:
Fərdlərlə və qruplarla iş.
İş üsulu:
Şaxələndirmə (klaster), BİBÖ, müzakirə.
Resurslar:
Dərslik, iş vərəqləri, kompüter, proyektor.
Dərsin gedişi:
Dərsə salamlaşma ilə başlayıram.
I.Motivasiya.
Şagirdlər proyektorla Dövlət himninin məzmununa uyğun
videoçarxı izləyərək himni ifa edirlər. Uşaqlardan
himnimizin müəlliflərini soruşur, "Şair kimə deyilir,
bəstəkar kimə deyilir" kimi suallarla onlara müraciət
edirəm. Uşaqlar sualları cavablandırırlar. Müsahibəni
davam etdirirəm:
- Hansı Azərbaycan və Avropa bəstəkarlarını
tanıyırsınız?
Şagirdlər slaydlara baxa-baxa bəstəkarların
adlarını sadalayırlar. Sonra dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin portretini göstərir və uşaqlara
müraciət edirəm:
- Üzeyir Hacıbəyli kimdir? Uşaqlar şaxələndirmə üsulu
ilə Üzeyir Hacıbəyli haqqında məlumatlanırlar.
Müzakirələrdə onun həyatı, yaradıcılığı,
publisistikası və nəhayət, Azərbaycanda opera və
operettanın yaradıcısı olaraq vurğulanır.
Tədqiqat sualı:
Operettada hansı musiqi janrlarından istifadə
olunur və hansı musiqi kollektivləri iştirak edir?
II. Tədqiqatın aparılması.
Şagirdlərə üzərində cədvəl çəkilmiş iş vərəqləri
paylayıram və doğru cavabın qarşısında (+)
qoymalarını tapşırıram. Şagirdlər cədvəli doldurduqdan
sonra proyektorda doğru cədvəl əks olunur.
Uşaqlar öz yazdıqları ilə doğru cavabı müqayisə
edirlər.
Tədqiqatı daha geniş aparmaq üçün şagirdlər 5 qrupa
bölünürlər. Qruplar Üzeyir Hacıbəylinin əsərlərinin
adları ilə adlandırılırlar və hər qrup özünə lider
seçir. İş vərəqlərini qruplara paylayıram.
İş vərəqi 1.
"O olmasın, bu olsun" qrupunun sualları:
Tapşırıq 1.
"Arşın mal alan" musiqili komediyası hansı dünya
dillərinə tərcümə olunmuşdur?
Cavab:
"Arşın mal alan" musiqili komediyası ingilis, alman,
Çin, ərəb, fars, gürcü, polyak, Belarus və s. dünya
dillərinə tərcümə olunmuşdur.
Tapşırıq 2.
"O olmasın, bu olsun" musiqili komediyasından
Məşədi İbadla Rüstəm bəyin dialoqunu ifa edin.
Cavab:
İki şagird ifa edir və monitorda həmin fraqment
səslənir.
İş vərəqi 2.
"Koroğlu" qrupunun sualları:
Tapşırıq 1.
Verilmiş rəngli kağızdan rəqs edən qızların
geyimlərini kəsib yapışdırın.
Cavab:
Qırmızı kağızlarda rəqs edən qızlar təsvir olunur.
Tapşırıq 2.
"Arşın mal alan" operettasına ilk film nə vaxt çəkilib?
Cavab:
1945-ci ildə "Arşın mal alan" operettası əsasında
C.Cabbarlı adına "Azərbaycanfilm" studiyasında bədii
film çəkilib.
İş vərəqi 3.
"Leyli və Məcnun" qrupunun sualları:
Tapşırıq 1.
"Arşın mal alan" operettası nə vaxt yazılıb?
Cavab:
Bəstəkar "Arşın mal alan" operettasını 1913-cü ildə
Peterburqda təhsil alarkən yazıb.
Tapşırıq 2.
Opera nədir?
Cavab:
Əvvəldən sona qədər musiqi ilə ifa olunan səhnə
əsərinə opera deyilir.
İş vərəqi 4.
"Arşın mal alan" qrupunun sualları:
Tapşırıq 1.
Üzeyir bəy Hacıbəylinin musiqili komediyalarından
sevdiyin bir obrazın rəsmini təsvir et.
Cavab:
Şağird sevdiyi bir obrazı təsvir edir (Məşədi İbad).
Tapşırıq 2.
"Arşın mal alan"operettasından musiqili parça ifa
edin.
Cavab:
Sinfin bütün qızları qrupa qoşularaq arşınmalalan
rəqsini ifa edirlər.
İş vərəqi 5.
"Ər və arvad" qrupunun sualları:
Tapşırıq 1.
Azərbaycanda musiqi günü nə vaxt qeyd olunur?
Cavab:
Hər il 18 sentyabr Azərbaycanda musiqi günü kimi
qeyd olunur.
Tapşırıq 2.
Krossvordu həll et.
Cavab:
Krossvord həll olunur və düzgün cavab monitorda
görünür.
III. Məlumatın mübadiləsi.
Verilmiş vaxt tamam olduqdan sonra qruplar öz
işlərini təqdim edirlər, informasiya mübadiləsi
başlayır.
IV. Məlumatın müzakirəsi və təhlili.
Bu mərhələdə digər qruplar da cavablara münasibət
bildirir, qrup liderlərinə suallar verirlər.
V. Nəticənin çıxarılması və ümumiləşdirilməsi.
Qrupların təqdimatlarını dinlədikdən sonra
ümumiləşdirməyə başlayıram. Əvvəlcə uşaqlardan öz
təqdimatlarından, cavablarından razı
qalıb-qalmadıqlarını soruşuram. Onlar razı qaldıqlarını
bildirirlər. Təqdimat zamanı yol verilən xırda
nöqsanlar da qeyd edilir.
M.: - Bəli uşaqlar, biz bugünkü dərsimizdə bəstəkar
və operetta haqqında demək olar ki, yetərincə
məlumat əldə etmiş olduq. Biz öyrəndik ki,
operetta janrı bəstəkar və libretto müəllifi
tərəfindən işlənilir, Musiqili Komediya Teatrının
aktyor və musiqi kollektivləri tərəfindən tamaşaya
hazırlanır və tamaşaçılar tərəfindən dinlənilir.
BİBÖ cədvəli uşaqların iştirakı ilə doldurulur və
əldə olunmuş nəticə burada özünü göstərir.
VI. Qiymətləndirmə.
Bilik və bacarıqları şagirdlərin iştirakı ilə
müəyyən meyarlar üzrə qiymətləndirirəm.
VII. Ev tapşırığı.
Evdə Üzeyir Hacıbəylinin musiqili komediyalarından
ibarət albom hazırlamaq tapşırılır. |