Avstraliya
Milli Universitetinin tələbəsi Nicat Hacıxanovla söhbət
Nicat Hacıxanov 1990-cı ildə Balakən rayonunun Hənifə
kəndində anadan olub. Orta təhsilini kəndlərində
yerləşən orta məktəbdə və Balakən rayonu Humanitar və
texniki təmayüllü liseydə alıb. 2007-2011-ci illərdə
Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi
iqtisadiyyat istiqaməti üzrə bakalavr təhsilini
fərqlənmə diplomu ilə bitirib. Hərbi xidməti başa
vurduqdan sonra 2012-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetində Xidmət sferasında mühasibat uçotu
ixtisası üzrə magistratura təhsilinə başlayıb. 2013-cü
ildən universitetin Maliyyə və təminat departamentində
iqtisadçı, 2014-cü ildən aparıcı iqtisadçı vəzifələrində
çalışıb. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul
olub. Hazırda Avstraliya Milli Universitetində Mühasibat
uçotu ixtisası üzrə magistratura pilləsində təhsil alır.
- Nicat, gəlin əvvəlcə orta və ali məktəb illərinizi
xatırlayaq.
- Orta məktəb illərim çox maraqlı keçib və fənlərə
marağımın daha da artmasında müəllimlərimin rolu böyük
olub. Məncə, orta məktəb müəllimləri insanın
formalaşmasında əvəzedilməz rol oynayırlar. Riyaziyyat
fənnini həddindən artıq çox sevirdim və dərsliklərdən
əlavə tapşırıqların yerinə yetirilməsinə çalışırdım. Bu
işdə anam mənə çox kömək edirdi.
Liseydə oxuduğum zaman artıq hansı sahəyə doğru
addımlayacağımı planlaşdırmışdım. Bu müddət ərzində fənn
olimpiadalarının qalibi olurdum. Ali məktəb illərində
daha çox tədqiqat aparmağa, professorlardan daha çox
biliklər öyrənməyə, maksimum faydalanmağa çalışmışam.
Bakalavr təhsilim zamanı elmi konfransların iştirakçısı
olmuşam, mükafatlar qazanmışam.
Magistr təhsili aldığım zaman müvəffəqiyyət
göstəricilərimin yüksək olmasına görə universitetdə
işləmək şansı qazandım. Bu mənim üçün çox böyük uğur idi
və ixtisasıma uyğun olaraq təcrübə əldə etmək, praktik
biliklərimi tətbiq etmək imkanı yarandı. Məhz işlədiyim
zaman Dünya Bankının Maliyyə Hesabatlılıq Mərkəzi
tərəfindən təşkil olunan silsilə tədbirlərə, seminarlara
qatıldım, ixtisas biliklərimi beynəlxaq aləmdə olan
yeniliklərə uyğun olaraq təkmilləşdirdim.
-
Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz?
- Mənim ətrafımdakı dostlarım xaricd
ə təhsillərini tamamlayıb artıq ölkəmizin inkişafı üçün
çalışırlar. Onlarla görüşlərimdə hər zaman hər hansı
məsələnin həllində müxtəlif yanaşmaların, daha ideal
variantların irəli sürülməsinin şahidi olurdum. Əlbəttə,
bütün bunlar xaricdə təhsilin nəticələri idi. Qərara
aldım ki, artıq mühasibat uçotu sahəsində biliklərimi
daha da dərinləşdirməyin vaxtı çatıb. Digər fakt kimi
qeyd etmək istərdim ki, təhsil aldığım və işlədiyim
dövrdə Azərbaycan Dövlət İqtisad Universiteti rəhbərliyi
hər zaman mənim xaricdə təhsil almaq fikrimi
dəstəkləyib. Bütün bu faktorlar xaricdə təhsil
planlarımı qətiləşdirməyi sürətləndirdi.
- Dövlət Proqramında iştirakınızı, seçim mərhələlərini
necə xatırlayırsınız?
- Xaricdə təhsil arzusunun reallaşması təkcə ölkənin və
universitetin seçilməsi ilə yekunlaşmır. Bildiyimiz kimi,
xarici universitetlərdə təhsil haqqının yüksək olması
çox hallarda arzuları imkansız edir. Lakin təqdirəlayiq
haldır ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci
il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət
Proqramı əsasında xaricdə təhsil almaq arzum reallaşdı.
Proqramın icrası üçün xüsusi mexanizm yaradılıb və
burada iştirak üçün bir neçə mərhələdən ibarət müsahibə
nəzərdə tutulur. İlkin mərhələdə mən də Dövlət
Proqramına müraciət etdim. Müsahibədə iştirakımdan xeyli
müddət keçməsinə baxmayaraq onun hər anını dəqiqliklə
xatırlayıram. Təhsil Nazirliyindən təbrik məktubu
aldıqda çox sevinmişdim. Hər zaman məni dəstəkləyən
valideynlərimin də sevincinin hədd-hüdudu yox idi.
- Azərbaycanın təhsil sistemində aparılan islahatlara
münasibətiniz necədir?
- İnsan kapitalının inkişafını əsas tutan, təhsilin
keyfiyyət göstəricilərinin beynəlxaq standartlara
uyğunlaşdırılmasını və digər prioritet məsələləri özündə
ehtiva edən "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın mərhələli şəkildə
həyata keçirilməsinə başlanılıb. Fikirləşirəm ki, Dövlət
Strategiyasının icrası ilə bağlı Fəaliyyət Planındakı
tədbirlərin həyata keçirilməsi artıq öz müsbət
nəticələrini göstərib. İnanıram ki, ölkə Prezidentinin
bu istiqamətdə gördüyü işlər digər sahələrdə olduğu kimi
dövlətimizin mövqeyini daha da gücləndirəcək.
Maraqlı bir cəhəti bildirim ki, artıq xarici tələbələrlə
görüşümdə Dövlət Proqramından bəhs etdikdə onlar
heyrətlərini gizlədə bilmirlər. Çünki çox nadir hallarda
dövlət dəstəyi əsasında digər ölkələrdən gənclər xaricdə
təhsil alırlar. Təkcə bu fakt ölkəmizdə təhsilə
göstərilən qayğının necə güclü olmasından xəbər verir.
- Təhsil aldığınız universitet haqqında danışaq.
- Təhsil aldığım Avstraliya Milli Universiteti
Avstraliyanın paytaxtı Kanberrada yerləşir.
Universitet Avstraliyada ilk sıralarda qərarlaşıb. Dünya
reytinq sıralamasında isə 4 istiqamət üzrə 10-cu, digər
10 istiqamət üzrə isə 25-ci yerdədir. Avstraliya Milli
Universiteti elmi tədqiqat işlərinin aparılmasına,
qabaqcıl texnologiyadan istifadə edilməsinə görə çox
məşhurdur. Məhz universitet məzunları və fakültə
əməkdaşları arasında 6 Nobel mükafatı laureatı var.
Universitet kampusu çox böyükdür. Təhsil həyatım çox
maraqlı keçir. Demək olar ki, dərslər və hazırlıq
prosesi günün çox hissəsini alır. Ancaq hər zaman
çalışıram ki, vaxt tapım və şəhəri gəzim, Avstraliyanı
tanıyım. Boş vaxtlarımda idman etməyi unutmuram və eyni
zamanda universitetin idman klubu tərəfindən təşkil
olunan futbol oyunlarına qatılıram.
Eyni zamanda universitetin həm bakalavr, həm də magistr
istiqamətində böyük və nüfuzlu sosial birliklər
fəaliyyət göstərir. Həmin cəmiyyətlər tərəfindən hər
həftə müxtəlif tədbirlər, ictimai mühazirələr keçirilir.
Maksimum dərəcədə iştirak etməklə faydalanmağa
çalışıram.
Təhsil aldığım universitet dövlət universitetidir. Ancaq
universitetin büdcəsi demək olar ki, müxtəlif
mənbələrdən formalaşır. Dövlətin bu sahədə xüsusi
tənzimləmə siyasəti mövcuddur. Eyni zamanda prioritet
ixtisas istiqamətlərinin elan olunması və bu istiqamətdə
fəaliyyətin həyata keçirilməsi də nəzərə
çatdırılmalıdır. Təhsil sisteminə müxtəlif təhsil
səviyyələri daxildir. Mən ali təhsil barəsində
universitetin tədris proqramlarının necə qurulması,
tədris prosesində tələbənin daha aktiv iştirak etməsi
üçün təqdim edilən imkanlar, tələbələrin tədqiqat
qabiliyyətinin artırılması üçün mövcud olan struktur
vahidlərini xüsusi vurğulamaq istərdim.
- Təhsil aldığınız universitetdə sizdən başqa
azərbaycanlı var?
- Hazırda təhsil aldığım universitetdə 5 nəfər
azərbaycanlı var, halbuki ötən il yalnız bir nəfər
təhsil alırdı. Avstraliyanın digər şəhərlərində isə
kifayət qədər həmyerlimiz təhsillərini davam etdirir.
Azərbaycanlıların sayının artması artıq ölkəmizi,
tariximizi, mədəniyyətimizi geniş şəkildə təbliğ etməyə
imkan verir. Bu il tələbələr arasında mədəniyyətlərarası
festivalda Azərbaycan guşəsi də yer aldı. Bu çox
sevindirici hal idi. Universitet tələbələri Azərbaycan
haqqında tariximizi əks etdirən broşüralarla, milli
mətbəximizdən yeməklərlə tanış olmaq imkanı əldə
edirdilər. Universitetdə demək olar ki, dünyanın bütün
ölkələrindən tələbələr təhsil alır və ölkələrin
tanınması üçün müxtəlif cəmiyyətlər fəaliyyət göstərir.
Bu yaxınlarda Azərbaycan cəmiyyətinin təsis edilməsini
müzakirə etmişik və hazırlıq işləri aparılır. Bu,
ölkəmizin universitetdə təbliği istiqamətində çox mühüm
addım olacaq. Digər tərəfdən, biz Azərbaycan
Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin
keçirdiyi tədbirlərdə yaxından iştirak edirik və
təşkilatçılıq işlərinə köməkliyimizi göstəririk.
- Gələcək planlarınız nədir?
- Gələcək işlərim barəsində artıq planlarımı qururam.
Belə ki, müəllimlərin məsləhətləri ilə tədqiqat
istiqamətinin seçilməsini və doktorantura pilləsinə
ilkin hazırlıq işlərini həyata keçirirəm. Mühasibat
uçotu sahəsində doktorantura təhsilinin alınması gələcək
planımın tərkib hissəsidir. Eyni zamanda təhsil aldığım
şəhərdə dünyanın məşhur mühasibat assosiasiyaları
fəaliyyət göstərir və universitet ilə sıx əlaqələri
mövcuddur. Bu imkandan istifadə edib beynəlxalq
kvalifikasiyalara yiyələnmək məqsədlərimdən biridir.
Doktorantura pilləsini tamamladıqdan sonra günü-gündən
inkişaf edən iqtisadiyyatımızın, təhsilimizin inkişafı
üçün var gücümlə çalışacağam.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |