Avqustun
6-da Gəncə şəhərində Azərbaycan Texnologiya
Universitetinin pedaqoji kollektivinin iclası keçirilib.
Azərbaycan Respublikasının təhsil nazirinin müavini
Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini
Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi
iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş
müzakirə olunub.
Təhsil nazirinin müavini F.Qurbanov çıxış edərək son
zamanlar universitet ətrafında cərəyan edən proseslər
haqqında məlumat verib.
O, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil
Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində
universitetdə nöqsanların aşkarlandığını, kollektivin
bəzi üzvlərinin neqativ hallara yol verdiklərini,
yoxlama materiallarının prokurorluq orqanlarına
göndərildiyini bildirib, bu kimi halların ali məktəbin
imicinə ziyan vurduğunu qeyd edib.
Firudin Qurbanov çıxışında təhsil naziri Mikayıl
Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə
universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən
azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.
Tədris işləri, həmçinin elm və texnika üzrə yeni təyin
olunmuş prorektorları kollektivə təqdim edən F.Qurbanov
rektora universitetin gənc və perspektivli kadrlarla
təmin edilməsi, kollektivdəki mənəvi-psixoloji
vəziyyətin sağlamlaşdırılması, maliyyə intizamının
gücləndirilməsi, tədrisin keyfiyyətinin qaldırılması
barədə nazirin tapşırıqlarını çatdırıb. Həmçinin,
nazirin əmrinə əsasən, universitet rəhbərliyi tərəfindən
nazirliyin kollegiya iclasında 2015/2016-cı tədris
ilinin nəticələrinə dair geniş hesabatın təqdim
edilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Təhsil Nazirliyi öz növbəsində bu ali məktəbdəki kadr
hazırlığı prosesinin keyfiyyətinin artırılması
istiqamətində zəruri addımların atılmasını davam
etdirəcək.
İclasda müalicədən yenicə qayıtmış rektor Akif
Süleymanov da çıxış edib və rəhbərlik etdiyi kollektivin
adından, deyilən iradlardan nəticə çıxaracaqlarını,
fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun
qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə
yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.
İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri
də iştirak edib. |