Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

M.Cabbarov: Azərbaycan təhsili müsbət inkişaf vektorundadır

 

Təhsil naziri Mikayıl Cabbarovun ANS televiziyasına müsahibəsi 

Avqustun 1-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ANS televiziyasına müsahibə verib. Bir saat 40 dəqiqə çəkən müsahibənin kiçik bir hissəsi növbəti gün ANS televiziyasının "Xəbərçi" proqramında efirə verilib. Müsahibədə açıqlanan məqamlar geniş maraq doğurduğundan Təhsil Nazirliyinə müsahibənin tam mətninin açıqlanması ilə bağlı media mənsublarından müraciətlər daxil olub. Bunu nəzərə alaraq təhsil naziri Mikayıl Cabbarovun ANS televiziyasına müsahibəsinin tam mətnini təqdim edirik.

Təhsil Nazirliyi ANS teleradio şirkətinə maraqlı müsahibəyə görə öz təşəkkürünü bildirir.

Qeyd edək ki, müsahibə ANS televiziyasında tam olaraq sentyabrın 14-də yayımlanacaqdır. 

Təhsil Nazirliyinin mətbuat xidməti 


Mirşahin: Mikayıl müəllim, nazir təyin olunduğunuz vaxtdan 2 ildən bir az artıq vaxt keçir. Nə demək olar? İslahatlara başlamısınız, demək olar ki, hansısa mərhələ arxadadır, haranı bitmiş, haranı bitməmiş hesab eləmək olar?

M.Cabbarov: Həqiqətən 2 ildən bir qədər artıq vaxt keçibdir. Bunu hesabat dövrü adlandırmaq mümkün olarsa, bu dövr ərzində baş verən ən böyük hadisə Azərbaycan təhsil sisteminin cəmiyyətimizin və dövlətimizin digər sahələrlə bağlantısını əks etdirən, onun dərin təhlilini həyata keçirən, qarşımızda duran vəzifələri aydın şəkildə müəyyən edən və həmin vəzifələrin həyata keçirilməsi üçün istər təhsil işçiləri tərəfindən, istər cəmiyyətin digər təbəqələri tərəfindən "hansı işlər görülməlidir" kimi mövzuları əhatə edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın dövlət başçımız tərəfindən qəbul edilməsi olub. Çox rəmzi hal ondan ibarətdir ki, bu, cənab Prezidentin yenidən dövlət başçısı vəzifəsinə seçiləndən sonra imzaladığı dövlət strategiyası sahəsində ilk sənəd olubdur və bununla da təhsil sahəsində islahatların prioritetliyi müəyyənləşibdir. Bu ilin yanvarında isə Strategiyanın həyata keçirilməsi üçün Fəaliyyət Planı imzalanıbdır. Qarşımızda duran işlər çoxdur, mən düşünürəm ki, islahatların başa çatdırılmasından danışmaq çox tezdir. İslahatlar yenicə başlayıbdır, buna baxmayaraq qısa müddət ərzində bir sıra konkret addımlar atılıbdır. İlkin mərhələdə olan bu proses davam etdiriləcək.

Biz nəyə nail olmuşuq və nəyin üzərində gələcək işlərimizi qurmaq niyyətindəyik? Hesab edirəm ki, ilk növbədə təhsil sisteminə olan, müəyyən mənada skeptisizm və inamsızlıq aradan qaldırılıbdır. Təhsil sahəsində həyata keçirilən bir sıra işlərin nəticələrini biz artıq görürük, digər işlərin nəticələrini biz gələcəkdə görəcəyik. Təhsildə abu-hava dəyişib, ilk növbədə kadr seçimi və kadrların təhsil sistemi daxilində uğurlu vəzifəyə nail olması üçün hansı meyarlara malik olmasının vacibliyi kimi meyarlar aydın şəkildə müəyyənləşdirilib, seçimdə yalnız peşəkar nailiyyətlərə, akademik göstəricilərə, konkret təhsil nəticələrinin yaxşılaşdırılmasına əsaslanan meyarların tətbiqi mümkün olub. Bunun bir nümunəsi olaraq biz Azərbaycan Respublikasında müəllimlərin işə qəbulu prosesini göstərə bilərik - bu, tam şəffaf şəkildə keçirilən bir prosesdir. Bu proses başa çatıb, 20 mindən çox ərizəçi respublikamızın məktəblərində 3 mindən çox vakant yerlərə iddiaçı idilər və imtahan nəticəsində 2200-ə yaxın vakant yer tutulub. 2200-ə yaxın müəllim tam şəffaf və peşəkar imtahan nəticəsində iş yeri əldə edib [qeyd: müsahibə avqustun 1-də alınan vaxt müəllimlərin işə qəbul müsabiqəsinin birinci - test mərhələsinin nəticələrinə görə vakant yer tutmağa namizədlərin sayı 2200 nəfər idi, müsabiqənin ikinci mərhələsi avqustun 4-də tam yekunlaşmış və 1892 nəfərin işə qəbul olunmasına razılıq verilmişdir].

Cənab Prezidentin sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında müəllimlərin əməkhaqqının qaldırılması ilə bağlı islahatı da xatırlatmaq istəyirəm. Bunu yalnız hazırda fəaliyyət göstərən müəllimlərin firavanlığının artırılmasına deyil, həm də müəllim peşəsinin imicinin yüksəlməsinə və onun cəmiyyətdə seçilən peşə edilməsinə yönəlmiş bir addım kimi dəyərləndirmək lazımdır. Profilləşmiş məktəblərin, ixtisaslaşmış məktəblər şəbəkəsinin yaradılması və genişləndirilməsi, peşə təhsilində yeni layihələr, ali təhsildə SABAH qruplarının yaradılması, ali təhsil müəssisələrində həyata keçirilən bəzi kadr islahatları və s. də əhəmiyyətli işlərdəndir. Ənənəvi təhsil sisteminin yığılıb qalan problemləri fonunda müasir çağırışlara cavab verə bilən vətəndaş, kadr hazırlaya bilən təhsil sisteminin qurulması prosesi davam etdirilir və bu işin orta müddətdə, yəni 3-5 il ərzində davam edəcəyi gözləniləndir.

Mirşahin: Mikayıl müəllim, nazir təyin olunandan hansı sahədə daha çox problemlərlə üzləşdiniz? Haranı təmizləmək daha çox vaxt apardı və ya haradan daha tez çıxdınız, harada daha çox ilişdiniz? İslahatlar axı asan olmur.

M.Cabbarov: Təhsilin dəyərinin qaldırılması mövzusu, cəmiyyətdə təhsilə verilən dəyər, cəmiyyətimiz tərəfindən təhsilin dəyərinin uğurla olan bağlantılarının aydın şəkildə qəbul olunması və təhsil sistemi tərəfindən onun düzgün şəkildə təqdim edilməsi bizim başlıca vəzifələrimizdən biridir. Mən deməzdim ki, hansısa bir konkret sahədə işləri başa çatdırmaq daha asan və tez mümkün olubdur. Çox ağrılı islahatlara artıq başlanılıbdır. Onların bəziləri kifayət qədər irəliləyibdir. Bunun bir misalı kimi ali təhsildə keyfiyyət və kəmiyyət göstəricilərinin tarazlaşmasını göstərə bilərik. Siz bilirsiniz ki, son 20 il ərzində Azərbaycanda ali təhsilə qəbul olunan məzunların sayı 2 dəfədən çox artıbdır. Nəzərə alın ki, 20 il öncə ilə müqayisədə məzunların ümumi sayı azalıb. Bu demoqrafik səbəblərlə izah edilir. Buna baxmayaraq, biz ali təhsil müəssisələrimizə daha çox tələbə qəbul edirik. Sadə dillə desək, əgər ötən əsrin 90-cı illərinin əvvəllərində məktəbi bitirən hər 100 məzundan 15-16-nı, yəni 15-16 faizini ali təhsilə qəbul edirdiksə, 2014-cü ildə bu göstərici 37%-ə yaxınlaşıb. Yəni cəmiyyət olaraq biz ali təhsil müəssisələrində tələbələrimizin sayını artırmışıq. Hazırda ali təhsil sistemində 160 min tələbə təhsil alır. Lakin sual yaranır ki, bütün bunlar tələbələrin akademik keyfiyyətinə və ali təhsil müəssisəsində həmin tələbənin hazırlıq prosesinə müsbət təsir göstəribmi? Biz illər ərzində ali təhsil səviyyəsinə qəbul olunmaq üçün abituriyentlərə qoyulan tələblərin getdikcə aşağı salınmasının şahidi olmuşuq. Bu da, o cümlədən, onunla bağlıdır ki, ali təhsil müəssisələrinin, oradakı kafedraların fəaliyyətlərinin mövcudluğu üçün tələbələrin minimum sayı zəruridir.

Bu ildən başlayaraq biz çox mühüm qərar qəbul etmişik. Ali təhsil səviyyəsində qəbulda elan olunmuş minimal keçid balı aşağı salınmayıb. Bu il keçid balı 200 elan olunub və bal qorunub saxlanılır. Səhv etmirəmsə, yalnız kənd təsərrüfatı ixtisası istisnadır. Çünki onun üçün hökumətin ayrıca qərarı var. Minimal balın saxlanması bəzilərinə texniki qərar kimi görünə bilər. Əslində bu, ali təhsil sahəsində çox ciddi islahat yönümlü bir qərardır. Qərarın balaca bir tarixçəsi də var. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın iclasında Təhsil Nazirliyinin ali təhsildə keyfiyyətin qaldırılması ilə bağlı bu təklifi müzakirə olunarkən  sual olundu ki, biz ali təhsildə keyfiyyətə fikir vermək istəyirik, yoxsa kəmiyyətə. Bizim cavabımız odur ki, keyfiyyətə, çünki bugünkü minimal biliyə, akademik göstəriciyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə, bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Çox faydalı müzakirələr oldu. Təhsil Nazirliyinin bu təklifi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, TQDK rəhbərlikləri tərəfindən də dəstəkləndi, ümumi qərar ondan ibarət oldu ki, bu il və gələcək illərdə elan olunmuş ballar, yəni səviyyə saxlanılacaqdır. Bu il ola bilsin ki, biz ötən illərlə müqayisədə 3-5 % daha az tələbə qəbul edəcəyik. Lakin biz əmin olacağıq ki, qəbul etdiyimiz hər bir tələbənin keyfiyyəti minimum standartlara cavab verir və onların gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişməsi üçün biz daha əlverişli zəmin yaradırıq. Yəni bu məsələdə detalları açıqlamaqda mənim məqsədim təhsil sahəsində qəbul olunan bir sıra qərarların öz nəticəsini bu gün vermədiyini izah etməkdir, nəzərə alın ki, mənim misalımda bu il qəbul olunan gənclər əmək bazarına 4 il sonra çıxacaqlar. O toxumlar bu gün əkilməlidir, düzgün qərarlar bu gün qəbul olunmalıdır ki, biz onların bəhrəsini orta müddətdə görə bilək.

Mirşahin: Mənim ağlıma bir fikir gəlir. Bəlkə heç bu lazım da deyil. Tutaq ki, 5 il müddətinə ali təhsilə qəbul olmasın. Əlimizdə olan adamları əvvəl yerləşdirək. Baxaq görək harada boşluqlarımız var və bundan sonra lazım biləriksə 5 il, 7 il, 10 il sonra yenidən qəbulu bərpa eləyək. Bilirsiniz bunu nəyə görə deyirəm? Ona görə ki, məsələn, mənim əlimdə informasiya var. Biz araşdırmışıq, bu gün Azərbaycanda tutaq ki, 1800 həkim çatışmır. Amma Tibb Universiteti ildə 1200-ə yaxın belə deyək ki, ixtisaslı həkim buraxır. 1 il yarımda Azərbaycanın ehtiyatları tam ödənir. Amma ödənmir axı. Hər il bu qədər həkim gedir istehsalata, hər il də çatışmayan yerlər artır və biz bütün bu qəbulları niyə edirik? Ona görə ki, sizin dediyiniz məntiqlə yanaşsaq keyfiyyətcə ediriksə mənim dediyimin yeri var, kəmiyyətcə eləmiriksə yenə mənim dediyimin yeri var. Və bugünkü söhbətdə gəlin bunu səsləndirək.

M.Cabbarov: Çox maraqlı sualdır. Bir az öncə dediyim kimi biz müəllimlərin işə qəbulu prosesini keçiririk. Bizim respublikanın müxtəlif məktəblərində 3000-dən çox boş müəllim yeri mövcuddur və həmin yerlərə 20 mindən çox muraciət var. Onların əlində diplom var, onlar ali və orta ixtisas təhsilli məzunlardır, lakin biz  keçirilən imtahan nəticəsində cəmi 2200 belə müraciətçinin müəllim adını daşımaq səviyyəsində biliyinin təsdiqlənməsinin şahidi oluruq. Yəni biz qalan 17 min, 18 min namizədi neçə dəfə imtahan etsək də, onların yalnız müəyyən bir hissəsinin öz üzərində işlədikləri təqdirdə istədiyimiz keyfiyyəti təmin edə biləcək müəllim ola biləcəyini görürük. Mənim fikrimcə, vəziyyətin dondurulması və yeni qanın iqtisadi və sosial həyata buraxılmaması halında belə, diplomu olan vətəndaşlarımız çoxdur. Lakin həmin bu vətəndaşların kadr kimi, yüksək səviyyəli mütəxəssis kimi iqtisadiyyatda və sosial həyatda rolu var, yoxsa yoxdur? Düşünürəm ki, bu sualı hər kəs özü üçün cavablandırmalıdır. Təhsil müəyyən dövrlərdə hər zaman sosial lift funksiyasını həyata keçirir, başqa sözlə, uğur qazanmağın ən şərəfli, ədalətli yollarından biri təhsil olub. Azərbaycan cəmiyyətində təhsilə olan hörmət, əvvəllər təhsilli insanların...

Mirşahin: Təhsillə, yoxsa diplomla?

M.Cabbarov: Bu başqa mövzudur. Bunu ayrıca cavablandıracam. Bu gün biz narahatedici tendensiyaları görürük. Dəyərlərimiz haqqında danışanda biz müəllim, təhsil, savad, maarifçi konsepsiyalar...

Mirşahin: Sosial lift çox maraqlı ifadədir. Və mən hesab edirəm ki, mövcud vəziyyəti çox yaxşı izah edir.

M.Cabbarov: Bu nöqteyi-nəzərdən hesab edirəm ki, gələcək nəsillərə  konstitusion [qeyd:təhsil] hüququnu verməmək və yaxud onların da öz təhsil haqqını realizə etməyə mənəvi hüquq verməmək yalnız təhsillə bağlı olan məsələ deyil, ümumi ictimai ədalətlə bağlı olan bir məsələdir. Mənim fikrimcə, burada başqa məqamlar da var. Təhsilə dəyər verilir, yoxsa təhsilin olduğunu təsdiq edən sənədə, kağıza? Bu sənəd attestat adlandırıla bilər, diplom adlandırıla bilər - yoxsa biz buna dəyər veririk? Və burada mən sizinlə həmfikirəm. Nədə həmfikirəm? Həmfikir ordayam ki, narahatedici tendensiyalar son illərdə var, mən düşünürəm ki, insanlar həmin o təhsili sübut edən sənədin dəyərini səhv salıblar və bir qrup insan həmin o kağız parçasına, həmin o sənədə daha çox üstünlük verir.

Mirşahin: Çox uzaqdan gəldiniz, Mikayıl müəllim. Sözün adı belədir: rüşvət veririk ki, təhsil almayaq. Pul veririk ki, bizə təhsil verməsinlər. Və mən istəyirəm ki, bizim beynimizdə, nəhayət, belə bir dəyişiklik baş versin ki, biz pul verək ki, bizə təhsil versinlər. Növbəti sualımı ona gətirib çıxarmaq istəyirəm ki, cənab nazir, bizdə nə vaxt bu təfəkkür tərzi dəyişəcək? Axı bir qapalı dairə var. Bizə keyfiyyətli kadr lazımdır. Keyfiyyətli müəllim lazımdır. Keyfiyyətli müəllimi hazırlayır tutaq ki, ali məktəb. Ali məktəbdə də bu keyfiyyətli müəllimi hazırlayan özü keyfiyyətli müəllim olmalıdır. Amma bu keyfiyyətli müəllim keyfiyyətli müəllimi hazırlaya bilmir, ona görə ki, onun müəllim hazırlayacağı adam orta məktəbin partası arxasından durub gəlib keyfiyyətsiz şagird kimi və bu, qurtarandan sonra da olacaq keyfiyyətsiz müəllim. Bu keyfiyyətsiz müəllim gedib bizim üçün keyfiyyətli abituriyent və keyfiyyətli müəllim hazırlamalıdır. Bir növ qapalı dairə. Bax bu qapalı dairədən çıxmağı siz necə tövsiyə edirsiniz?

M.Cabbarov: Peşə seçimi mövzusundan başlamalıyıq. Həqiqət ondan ibarətdir ki, ötən əsrin 80-ci illərindən başlayaraq sovet məkanında, ümumiyyətlə sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid edən dövlətlərdə peşə seçimi, müəllim kimi təhsilə getmək sahəsində tendensiyaların dəyişməsinin şahidi olduq. Sosialist iqtisadiyyatında müəllim, mühəndis və ya həkim işləməyin o qədər də çox fərqi yox idi. Bəlkə cüzi fərqlər var idi, maddi nöqteyi-nəzərdən və həmin o fərqlər də cəmiyyətin verdiyi digər hansısa imtiyazlarla əvəzlənə bilirdi. Daha çox hörmət, işıq pulunun 50% ödənilməsi, fəxri adlar və s. Lakin bazar iqtisadiyyatı bərqərar olunduqca, bu, yalnız Azərbaycanla bağlı məhdud olan proses deyil, müəllimin, müəllim fəaliyyətinin peşə seçimi kimi cəlbediciliyi sürətlə azalmağa başladı. Çünki digər yeni fəaliyyət növləri ilə müqayisədə müəllimliklə və təhsillə məşğul olaraq iqtisadi firavanlıq əldə etmək, sadə dillə desək, zənginləşmək, ailə dolandırmaq kimi mövzular o qədər də asan mövzular olmadı və bunun nəticəsində müəllimliyə gedən tərkib dəyişdi. Sadə dildə desək, əgər əvvəllər uğurlu məzunun böyük hissəsinin iddiası müəllim olmaq idisə, son 20 ildə biz müşahidə edirik ki, bu məzun daha çox hüquqşünas, iqtisadçı, dövlət məmuru və s. kimi peşələrə daha çox üstünlük verməyə başladı. Və peşə seçiminə "bunların heç biri alınmasa mən müəllim olmağa da hazıram" fikri ilə yanaşır. Hərçənd mən vurğulamalıyam ki, bu heç də 100% hallarda belə olmur. Bizdə ənənələr var. Mən hər zaman vurğulayıram ki, müəllimlik bir missiyadır. Müəllimliyə sadə bir peşə kimi baxmaq səhv olardı. Müəllim bilik işığını, çırağını daşıyan insan olmalıdır, o dəyərlərə inamı olmalıdır ki, onları düzgün ötürə bilsin. O sadəcə riyaziyyat, vurma cədvəlini, başqa qaydaları izah etməklə işini məhdudlaşdıra bilməz. Çünki o, vətəndaş yetişdirir. Amma qayıtsaq bunun iqtisadi tərəfinə, bəli, biz burada problem görürük. Siz dediyiniz o qapalı dairənin böyük bir hissəsi ondan ibarətdir ki, müəllimliyə gələn, peşə seçimini edən insanların akademik səviyyəsi aşağı düşməyə başladı. Bunları nəzərə alaraq biz bu sahədə bir sıra islahatlar həyata keçirmişik. Bunlardan bəzilərini mən xatırlatmaq istəyirəm. Birincisi, gənc istedadların müəllimlik peşəsinə gəlməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub. Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd veririk. İkincisi, müəllimlərin əməkhaqqının qaldırılması prosesi və bunun respublikada orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması gündəmdədir. Hətta təhsilin inkişafı üzrə strategiyada konkret rəqəmlər göstərilib və biz orada qeyd etmişik ki, müəllimlərin əməkhaqqını orta aylıq əməkhaqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindəyik. Bu, əlbəttə, peşə seçiminə böyük təsir edəcək, insanlar o qərarları verərkən biləcək ki, onların yenə də şərəfli, yüksək maaşlı işləri olacaqdır. Amma biz bunun ani effektini görməyəcəyik. Çünki o insanın, o gəncin peşəni seçməsi, təhsili bitirməsi və müəllim kimi işə başlaması müəyyən vaxt apara bilər. Qısa müddətdə nə edə bilərik, bu gün nə edə bilərik? Ali təhsildə biz SABAH qrupları layihəsinin həyata keçirilməsinə başlamışıq. Bu layihənin məntiqi çox sadədir. Ali təhsil müəssisələrimizdən istedadlı gəncləri biz seçmişik. Onların təhsil mühitindən başlamış müəllim seçiminə qədər mərkəzləşdirilmiş qaydada şəffaf təşkil edirik. Biz istedadlı gəncləri qısa müddət ərzində əmək bazarına buraxmağı düşünürük və qısa müddətdə bunun töhfəsini iqtisadiyyatın hər sahəsində, o cümlədən təhsildə görmək niyyətindəyik. İkincisi, işə qəbuldan danışırıqsa, biz müəllimlər üçün də ixtisasartırma keçiririk. Bakıda keçirilən sınaq qiymətləndirməsi bizə imkan yaratdı ki, müəllimləri ixtisasartırmaya dəvət edəndə onlarda nə çatışmadığını əvvəlcədən bilək - kurikulumu ona izah eləmək lazımdır, metodikanı kifayət qədər bilmir. Məqsədli şəkildə biz o müəllim üçün treninq keçiririk. Nəticələr bizə nəyi göstərir? Treninqdən əvvəl və ixtisasartırma kursu başa çatandan sonra qiymətləndirmə keçiririk. Nəticələr bizə göstərir ki, qısa müddət ərzində, yəni təxminən üç aylıq bir müddətdə ixtisasartırmaya cəlb olunmuş müəllimin göstəricilərinin təxminən 30%-ə qədər yüksəlməsinə nail oluruq. Amma ümumilikdə, bu kimi addımları təhsil sistemində sadəcə vaxt məhdudiyyətini nəzərə alaraq atmışıq. Biz məktəb idarəedicilərini, ali təhsil idarəedicilərini, idarəetmə sistemi yaradanların istedadlarını, yeni qanı bu işə cəlb etmək üçün addımlar atırıq və gələcəkdə də bu tədbirləri həyata keçirəcəyik. Və son məsələ bu suala dair. Mən sizin sualınızın istiqamətini qəbul edirəm, amma ümumiləşdirmələri qəbul etməkdə bir az çətinlik çəkirəm. Çünki biz ümumiləşdirməməliyik. Hamısının biliyinin aşağı səviyyədə olması düzgün fikir deyil. Sistem çox rəngarəngdir - bizim dünya səviyyəli idarəedicilərimiz var, şagirdlərimiz, müəllimlərimiz var. Bunun da sübutu yəqin, odur ki, istənilən beynəlxalq yarışlarda, beynəlxalq olimpiadalarda bizimkilər yer tuturlar, məsələn, bu il beynəlxalq [qeyd: fənn] olimpiadalarda Azərbaycan 8 medal alıb. Bu çox yüksək göstəricidir. Ötən illə müqayisədə və ya 3-5 illə müqayisədə xeyli artımdır. Çünki dövlət məktəblərində müasir metodikaları öyrənirlər, tətbiq edirlər. Xoş haldır ki, özəl məktəblərdə də bu müşahidə edilir. Burada vəziyyət siz dediyiniz kimi ümidsiz deyil həqiqətən. Sadəcə olaraq o sağlam, potensialı yüksək olan elementləri, şəxsləri, fərdləri, məktəbləri görmək lazımdır. Biz məktəblərin reytinqini aparırıq və bu reytinqi ictimailəşdiririk. Biz istəyirik valideynlər də övladlarını məktəbə vermək qərarına gələndə bilsinlər ki, bu məktəbin akademik göstəriciləri nədir, onun məzunlarının işə götürülmə reytinqi necədir. Çünki hər bir abituriyentin hüququ var ki, universitetə gedəndə onun əmək bazarında iş əldə etmə faizinin, şansının nə qədər olduğunu bilsin. Ona görə də burada müxtəlif sistemli addımlar həyata keçirilir.

Mirşahin: Aydındır, Mikayıl müəllim. Oturmuşuq burada, gördüyünüz işlərdən danışırıq, aparılan islahatlardan danışırıq və tamaşaçılar məndən belə bir sualı mütləq gözləyirlər ki, bütün bu aparılan islahatlar nə verir. Təhsildə rüşvət yoxdur - cənab nazir, elan eləmək olarmı bu gün təhsildə rüşvət yoxdur?

M.Cabbarov: Ümumiyyətlə, mən düşünürəm ki, təhsil digər başqa sahələr kimi vakuumda deyil və ümumi ictimai həyatın, cəmiyyətin müxtəlif sahələrinin tərkib hissəsidir. Biz bilirik ki, Azərbaycanda bu gün rüşvət və korrupsiya ilə ciddi mübarizə aparılır. Təhsil sahəsi bu istiqamətdə öndə gedən və qətiyyətli addımlar atan sistemlərdən biridir. Atılan addımlardan bir neçəsini deyə bilərəm. Birincisi, baş verən hallarla mübarizə zamanı cəzalandırmadır. Son iki il ərzində nazirliyin müvafiq strukturu tərəfindən görülən işlər nəticəsində onlarla məmur, məktəb direktoru və təhsil rəsmiləri vəzifəsindən azad edilib, bir çox işlər üzrə cinayət işləri açılıb, başa çatdırılıb. Bəziləri barədə hökmlər var. Buna dair aidiyyəti qurumlar ictimaiyyəti məlumatlandırır. Bu proses kampaniya xarakterli deyil, davamlı olacaq. İkinci mühüm məsələ odur ki, biz fərdi hallarla mübarizə ilə yanaşı iş görürük ki, rüşvətin yaranması üçün lazım olan zəmini aradan qaldıraq. Deyək ki, daha çox hansı istiqamətlərdə həmin o mənfi pozuntunu biz görürdük? Təlim-tədris prosesində, məktəblərdə pul yığımları kimi hallar, 1-ci siniflərə uşaqların qəbulunda, təhsil hüququnun həyata keçirilə bilməsinə yaradılan süni maneələr, müəllimlərin işə qəbulu. Bütün sadaladığım istiqamətlər üzrə sistemli qərarlar qəbul eləmişik. Müəllimlərin işə qəbulunu tam şəkildə mərkəzləşdirmişik. Dediyim kimi 20 mindən çox adam imtahana girir, tam şəffaf bir şəkildə imtahan keçirilir. Bunların videomüşahidəsi həyata keçirilir, proses şəffaflaşır, nəticədə şikayətlər azalır. Birinci sinfə qəbul üçün bu ildən başlayaraq elektron sistem tətbiq etmişik. Valideynlə direktor arasında heç bir ünsiyyət yoxdur, siz istənilən məktəbi internet üzərindən seçirsiniz, orada dərhal sizə göstərilir ki, məktəbdə neçə sinif var və s. Uşağın sənədini elektron qaydada təqdim edirsiniz. Bütün bunlarla prosesdə məmurla vətəndaş ünsiyyətini tam aradan qaldırmışıq.

Məktəblərdə yığımlar məsələsinə gələk. Verdiyimiz qərarlardan biri ondan ibarətdir ki, Bakı şəhərində yerləşən hər bir məktəbi təsərrüfat işləri üçün lazımi vəsait olan bank kartı ilə təmin etmişik və məktəbdə oxuyan şagirdlərin sayına uyğun maliyyə limitləri vermişik. Bununla, kiçik xərcləri direktorlar birbaşa özləri həyata keçirirlər. Qeyri-qanuni vəsait yığımı üçün bəhanə aradan qaldırılıb. Digər məsələ xaricdə təhsildir. Dövlət başçımızın təşəbbüsü ilə qəbul olunan dövlət proqramına uyğun olaraq vətəndaşlarımız xaricdə təhsil alır. Unikal proqramdır bu. Biz son üç il ərzində müraciətlərin 4 dəfə artmasını görürük. Müraciətçilər görürlər ki, seçim şəffafdır. Müraciətlər elektron ərizə vasitəsilə qəbul edilir, müsahibə videomüşahidə olan otaqda aparılır. Heç bir məmurla ünsiyyət yoxdur. Müsahibə komissiyasında yalnız bir nəfər Təhsil Nazirliyindəndir. Apelyasiya veriləndə də müraciətçinin müsahibəsi istənilən şikayətçi ilə birgə baxılır. Bir mühüm məsələ var, mən onu deməyə bilmərəm - korrupsiya əlaməti olan hansı hallarla mübarizə aparmaq daha çətindir. Burada ictimai məsələlərə olan diqqətinizi bilərək bu məsələyə sizi cəlb etmək istəyirəm.

Şərti olaraq korrupsiya elementləri 3 qrupa bölünür. Birinci qrup odur ki, orada korrupsiya məcburi deyil, yəni insanlar bunu təşəkkür olaraq bildirirlər.

Mirşahin: Yəni hörmət edirlər?

M.Cabbarov: Mən daha çox nəzəriyyədən danışıram. Yalnız Azərbaycandan danışmıram. Qanun yol verməsə də, kimsə əldə etdiyi xidmətdən o qədər məmnundur ki, təşəkkür etmək istəyir. 3-cü növ hal - ikinciyə qayıdacam - vətəndaş baryer qarşısında qalaraq hüququnu əldə etmək istəyən zaman yaranır. Məsələn, uşağı məktəbə qoyarkən. Bu pozuntular dərhal görünür, şikayətlər, siqnallar daxil olur, araşdırılır. Bu nöqteyi-nəzərdən onları görmək və aradan qaldırmaq çətin deyil. İstək varsa, iradə varsa, o olacaqdır. Korrupsiyanın ən təhlükəlisi və həcminə görə ən böyüyü 2-ci tipdir. 2-ci tip o münasibətdir ki, burada həm rüşvət verən, həm rüşvət alan vəziyyətdən razıdır. Yeganə itirən tərəf, razı qalmayan tərəf cəmiyyətdir. Bu o haldır ki, məhz rüşvət verən şikayət etmək istəmir. Siz dediyiniz misaldakı kimi. Kimsə sənədi, diplomu almağa layiq deyil, o qiyməti yazan da bilir ki, bu, ona layiq deyil, bunu almaq istəyən də bilir ki, ona layiq deyil. Bu tip pozuntuların müəyyənləşdirilməsi, aşkar olunması vətəndaşın aktiv vətəndaş mövqeyi olmadan çox çətin və mürəkkəbdir. Çünki faktiki olaraq burada bu halın görünməsi fiziki olaraq mümkün deyil. Burada mən düşünürəm ki, böyük təbliğata ehtiyac var. Burada aktiv vətəndaş mövqeyi zəruridir. Təhsil Nazirliyinin qaynar xətti, daxili nəzarət şöbəsi var, hər ay biz vətəndaşları qəbul edirik, görüşürük və bu gün Təhsil Nazirliyinə əlçatmazlıq yoxdur. Təhsil Nazirliyinə istənilən şikayəti və müraciəti çatdırmaq mümkündür. Amma bir çox hallarda hətta absurd hallar baş verir, siqnal haqqında məlumatımız var və bu belədir, amma aktiv vətəndaş mövqeyi görmürük.

Mirşahin: Bir halda ki, vermək istəyən insanlar var, bəlkə onların bu rüşvət vermək, hörmət eləmək xüsusiyyətlərindən Azərbaycan təhsilinin maraqları üçün istifadə edək. Yəni bu adamlar pul vermək istəyirlərsə qoy versinlər. Qapalı məktəblərdə necə ki, Britaniyada özünün forması, qapısı, pəncərəsi, İsveçrədə özünün forması, qapısı, pəncərəsi, hətta özünün diplomu, təqdimetmə mərasimləri olan məktəblər var. Bizim özümüzdə də xüsusi imtiyazlı məktəblər var. "Oksford" çox nüfuza malikdir. "XXI əsr" çox böyük gücə malikdir. Heydər Əliyev adına lisey çox böyük nüfuza malikdir. Və bu məktəblərə indi uşaq aparıb qoymaq çox çətindir. Ona görə ki, orada, əvvəla, növbə var, ikincisi, orada doğrudan da ciddi seçim var. Bəlkə belə məktəblərin sayını artıraq. Onda adamların müraciət eləməyə ünvanları çoxalacaq, bir növ monopoliyalar yığışdırılacaq. İnsanlar sərbəst şəkildə biliklərini, bacarıqlarını bazara çıxaracaqlar. İndi qeyri-qanuni məktəb toçkaları var ki, piştaxtalar qoyublar, bilmirəm kimlərin vaxtından bu günə gəlib çatıb, bunlar aradan çıxacaq. İnsanlar artıq sizin dediyiniz qaydada bilik almamağa görə yox, bilik almağa görə pul verəcəklər.

M.Cabbarov: Çox mühüm bir məsələyə toxunmusunuz. Yenə də məsələnin kökü təhsilin dəyər kimi qəbul olunmasındadır. Biz təhsili dəyər kimi qəbul edirik.

Statistika göstərir ki, Azərbaycanda bu gün 20-dən çox özəl məktəb var, orada oxuyan şagirdlərimizin sayı cəmi 6 mindən bir az çoxdur, təxminən 6500 nəfərdir. Bu da respublikada ümumi təhsil alanların 0,5 faizidir. Cəmi yarım faiz şagird özəl məktəblərdə oxuyur. Bu gün bizdə pullu təhsil yalnız özəl məktəblərdədir. Və özəl məktəblərin əldə etdiyi resurslar, başqa sözlə təhsil haqqı dövlət tərəfindən təhsil üçün verilə bilən resurslardan dəfələrlə çoxdur. Bu bir reallıqdır. Tək Azərbaycanda deyil, amma biz indi Azərbaycandan danışırıq. Eyni akademik səviyyəyə malik olan uşağın yüksək keyfiyyətli məzun kimi yetişdirilməsində və qlobal iqtisadiyyatda rəqabətli kadr kimi yetişməsində mövcud resursların, yəni məktəbdə olan müəllimin səviyyəsi, müəllimin əməkhaqqı, laboratoriyaların və s. maddi-texniki tərəfin önəmi var, yoxsa yox - mən başa düşürəm ki, bu əlaqəni inkar etmək qeyri-mümkündür. Böyük bir realizə edilməmiş potensial var. Lakin, biz sual verəndə və düşünəndə ki, bəs nəyə görə şagirdlərin cəmi 0,5 faizi özəl məktəblərdə təhsil alır? Özəl məktəblərin sayının və şəbəkəsinin artırılması lazımdır, ancaq müəyyən səviyyəyə qədər. Çünki orada da kritik hədd keçilməməlidir. Amma bizim mövcud 0,5 faizdən ən azı bir neçə dəfə arta bilər, artmalıdır. Bu məsələ Təhsil Nazirliyinin siyasətinin tərkib hissəsidir və biz hətta bu il üçün hökumətə bununla bağlı təkliflər hazırlayırıq. Təkliflərdə də əsas hədəf özəl təhsil müəssisələrinin, özəl məktəblərin vergi vəziyyətinin sadələşdirilməsi və yaxşılaşdırılmasıdır, başqa sözlə, 2 il bundan öncə məktəbəqədər, yəni uşaq bağçalarına şamil edilən imtiyazlar kimi bir yanaşmanın tətbiqidir. Burada məqsəd bu sahəyə sərmayələrin yatırılmasına marağı artırmaqdır. Çünki özəl məktəb açmaq o qədər də asan və ucuz bir iş deyil. Və bir məsələ də çox mühümdür - keyfiyyətə nəzarət. Yəni özəl məktəbin mövcudluğu öz-özlüyündə yüksək keyfiyyətli təhsil demək deyil. Uşaq özəl məktəbə gedirsə və ildə şərti olaraq 6 min pul ödəyirsə, bu o demək deyil ki, o mütləq şəkildə dövlət məktəbinin məzunundan daha yaxşı nəticə göstərəcək. Bu, yalnız o halda mümkündür ki, özəl məktəbin tətbiq etdiyi texnologiyalar, cəlb etdiyi müəllimlər, məzmun müasir tələblərə cavab versin, bəli, bu halda o ola bilər və buna görə də tənzimləmə həyata keçirilməlidir.

Bütün bunları deyərkən onu da qeyd etməliyik ki, bu gün dövlət məktəblərinin infrastrukturu və ilk növbədə kadr potensialı çox güclüdür. Çünki ənənəvi olaraq biz qəbul etmişik və hələ də asanlıqla deyə bilmərik ki, ən yaxşı müəllimlər özəl məktəblərdədir. Bunun başqa səbəbləri var. Məktəblərin ənənələri var. Müəllimlik elə bir peşədir ki, müəllimlər bir qayda olaraq öz məktəblərinə bağlıdır. Əgər biz uzun müddətdən danışırıqsa, yenə də vurğulayıram, birmənalı şəkildə sizin dediklərinizdə həqiqət çoxdur. Həqiqət də ondan ibarətdir ki, bu əlaqəni tanıyan və bu qərarı verə bilən vətəndaşlarımızın qərarları nəticəsində özəl məktəblərimizə şagirdlərimizin axını artacaqdır. Ümumi nəticədə də bu, bizə daha çox sayda rəqabətli məzunumuzun, yüksək biliyə malik olan məzunlarımızın olmasına xidmət edəcəkdir.

Mirşahin: Mən Azərbaycanımızın təhsil naziri ilə söhbət edirəm. Orta təhsilin də böyüyü sizsiniz, ibtidai təhsilin də, ali təhsilin də böyüyü sizsiniz. İndi mən sualı çox sadə dildə vermək istəyirəm. Ali təhsil, yəni Azərbaycanın təhsil naziri və ali təhsil müəssisələri arasında subardinasiya münasibətlərini soruşmaq istəyirəm. Naziri də, rektoru da Prezident təyin edir. Belə olan halda sizin nazir olaraq hansısa rektor üzərində təsiriniz, nəzarətiniz nə dərəcədə nəzərəçarpacaq  və  ya  belə demək mümkünsə, "nazirə çarpaçaqdır", yəni Azərbaycanın təhsil naziri istənilən ali məktəb rektorundan yuxarı vəzifəli şəxs olaraq özünü necə hiss edir.

M.Cabbarov: Baxın, Mirşahin müəllim, bu əslində kifayət qədər sadə çalışan bir mexanizmdir. Ali təhsil müəssisələri - dünyada da belədir, Azərbaycanda da belədir - dərin ənənələrə malik qurumlardır, strukturlardır. Və ali təhsil müəssisəsinə rəhbərlik etmək bir sıra yüksək keyfiyyətlər, peşəkar keyfiyyətlər tələb edir. Təbii olaraq bunun akademik və elmi elementi də var. Azərbaycanın halında bir çox ali təhsil müəssisələrinin rəhbərlərinin funksiyaları yalnız ali təhsil müəssisəsinə rəhbərliklə məhdudlaşmır. Onların bəzilərinə, məsələn, deyək ki, sizin bölgədə, seçki dairəsində vətəndaşlarımız, o cümlədən ali təhsil müəssisələrinin rəhbərləri olan şəxslərə etimad göstərib və onlar millət vəkilləri kimi fəaliyyət göstərirlər. Elə insanlar var ki, onlar həm rektor vəzifəsi daşıyır, həm aktiv elmi fəaliyyətlə məşğuldur. Elə insanlar var ki, onlar hətta Azərbaycanın beynəlxalq siyasətində və digər ümumi və dövlət, ictimai maraqları olan sahələrdə fəaliyyət göstərir. Nəyə görə mən bunları xatırladıram? Ona görə ki, Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsinin rektorunun münasibəti müəyyən mənada o səviyyəyə uyğun olan bir münasibətlərdir. Bəli, təbii olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisələri Təhsil Nazirliyinə tabedir. Bu belədir. Həm akademik nöqteyi-nəzərdən, tədris prosesi və s. Amma təhsil o sahədir və təhsil o dəyərdir ki, təhsil sahəsində həmin o münasibəti texniki tabelik kimi qəbul eləmək və yaxud texniki tabelik gözləmək gözləntisi olmamalıdır. Burada aparılan diskussiyalar da, verilən qərarlar da, olunan tənqid də bir məqsəd daşımalıdır. Bu məqsəd ondan ibarətdir ki, Azərbaycan təhsilinin keyfiyyətinin artırılması, müvafiq ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşməsidir və s. Təhsil naziri kimi mən rektorlarla olan münasibətlərdən şikayətçi deyiləm. Kiminsə işini biz daha yüksək qiymətləndiririk, kiminsə işini biz o qədər yüksək qiymətləndirmirik. Haradasa biz hesab edirik ki, subyektiv səbəblər daha çoxdur. Onların aradan qaldırılmasında universitet rəhbərliyinin rolu daha çox olmalıdır. Haradasa biz obyektiv çətinliyi tanıyırıq. Və ya əksinə, düşünürük ki, belə obyektiv vəziyyətdə daha da çətin şərait ola bilərdi.  

(Davamı növbəti nömrəmizdə)

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov