Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edəcək

 

Azərbaycan 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edəcək. Bu haqda qərar 2015-ci il iyulun 26-dan avqustun 2-dək Qazaxıstanın Almatı şəhərində keçirilmiş XXVII Beynəlxalq İnformatika Olimpiadasında qəbul olunmuşdur.

Beynəlxalq İnformatika Olimpiadası (BİO, ingiliscə: International Olympiad in Informatics, qısaltması: IOI, "ay-o-ay" kimi tələffüz olunur) orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışdır. İlk Beynəlxalq İnformatika Olimpiadası 1989-cu ilin may ayında YUNESKO-nun təşkilatçılığı və sponsorluğu ilə Bolqarıstanın Pravets şəhərində keçirilmişdir. Bu olimpiadada 13 ölkənin komandası iştirak etmişdir. BİO-da iştirakçı ölkələrin sayı ilbəil artmış və son olimpiadada bu göstərici 84 olmuşdur.

Azərbaycan bu olimpiadaya 1993-cü ildə dəvət almış, ancaq həmin il viza problemi səbəbindən Argentinada keçirilən yarışlara qatıla bilməmişdir. Məktəblilərimiz ilk dəfə 1994-cü ildə İsveçdə keçirilən 6-cı Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmişlər. Ölkəmizin BİO-da iştirakı Azərbaycan Respublikası Təhsil Nazirliyinin olimpiada tədbirləri sisteminə daxil edilib. Beynəlxalq olimpiadanın təşkilat komitəsinin rəsmi dəvəti əsasında Azərbaycan Respublikasının təhsil naziri respublika yığma komandasını olimpiadaya göndərmək haqqında əmr imzalayır. Əmrdə respublika komandasının tərkibi və olimpiadada iştirakla bağlı zəruri xərclərin ödənilməsi qaydası müəyyən olunur.  

Böyütmək üçün seçinBeynəlxalq İnformatika Olimpiadası hər il keçirilir. Hər bir iştirakçı ölkənin nümayəndə heyətinin tərkibinə komandanın rəhbəri, onun müavini və dördədək şagird daxil ola bilər. Şagirdlərin cari olimpiada ilinin iyul ayının 1-dək 20 yaşı tamam olmamalı və onlar əvvəlki olimpiada ilinin sentyabr-dekabr aylarında orta ümumtəhsil məktəblərində oxumuş olmalıdırlar. Ölkə komandasının tərkibinə informatika üzrə milli olimpiadaların qaliblərini, yaxud beynəlxalq olimpiada öncəsi xüsusi seçim turundan keçmiş şagirdləri daxil etmək məsləhət görülür. Nümayəndə heyətinin tərkibinə əlavə olaraq başqa şəxslər də daxil ola bilər: iştirakçıların məşqçiləri, informatika sahəsində məsləhətçilər və mütəxəssislər, eləcə də tərbiyəçilər və başqa xidmət heyəti.

Hər olimpiadada 3 ildən sonra BİO-nu keçirmək üçün yeni ölkənin seçimi baş verir, çünki 3 ilədək dövrdə təşkilatçı ölkələr əvvəlki olimpiadalar zamanı seçilmiş olur. 2016, 2017 və 2018-ci illərdə Beynəlxalq İnformatika Olimpiadası uyğun olaraq Rusiya, İran və Yaponiyada keçiriləcək.

BİO-nun təşkilati-texniki baxımdan mürəkkəb və maliyyə baxımından bahalı tədbir olmasına baxmayaraq bir çox ölkələr informasiya-kommunikasiya sahəsində öz imkanlarını nümayiş etdirmək, ölkələrində informatikanı populyarlaşdırmaq, bütün dünyadan olan istedadlı şagirdləri öz ölkələrində oxumağa və sonradan işləməyə cəlb etmək üçün olimpiadanın təşkilatçısı olmaq uğrunda mübarizə aparırlar. BİO-nu öz ölkəsində keçirmək üçün iddiaçı ölkə hökumət adından BİO-nun Beynəlxalq Komitəsinə ərizə ilə müraciət etməli və BİO-nun Nizamnaməsində ətraflı təsvir olunmuş seçim prosedurundan keçməlidir. Hər hansı ölkəyə beynəlxalq olimpiadanın təşkilatçısı olmaq üçün yekun qərarı Beynəlxalq Komitə verir və həmin qərar Baş Assambleyada təsdiq olunduqdan sonra qüvvəyə minir.

Beynəlxalq İnformatika Olimpiadasına 2019-cu ildə ev sahibliyi etmək üçün Azərbaycanla yanaşı Sinqapur da müraciət etmişdi. BİO-nun Beynəlxalq Komitəsi iyul ayının 28-də Azərbaycanın, 30-da isə Sinqapurun təqdimatını dinlədi. Avqust ayının 1-də Baş Assambleyanın iclasında Beynəlxalq Komitənin qərarı elan olundu. Hər iki ölkənin layiqli namizəd olduğunu nəzərə alaraq çətin seçim qarşısında qalan Beynəlxalq Komitə Beynəlxalq İnformatika Olimpiadasının 2019-cu ildə Azərbaycanda, 2020-ci ildə isə Sinqapurda keçirilməsinə qərar vermişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov