İyulun
29-da Azərbaycan Dillər Universitetində (ADU) Çin dili
və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq
Şahmat Gününə həsr olunmuş "Syansi" Çin şahmat
oyunlarının öyrənilməsi haqqında "açıq dərs" keçirildi.
Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor
Rafiq Abbasov idman sahəsində Azərbaycan-Çin
əməkdaşlığı, Çində keçirilən Ümumdünya intellektual
oyunlarında Azərbaycan şahmatçılarının ənənəvi iştirakı
barədə danışdı. O, ümummilli lider Heydər Əliyev
tərəfindən 1970-ci ildə təməli qoyulmuş şahmatın
inkişafı üzrə Dövlət Proqramının Azərbaycanda uğurla
həyata keçirildiyini qeyd etdi.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Faiq Həsənov ölkədə şahmat idman
növünün inkişaf prosesi, respublikanın regionlarında
şahmat məktəblərinin açılışı və beynəlxalq yarışlarda
milli komandanın qazandığı nailiyyətlər haqqında məlumat
verdi.
Sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri
tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı Pərvin
Əfəndiyeva Azərbaycanda orta əsrlərdə geniş yayılmış və
Xaqani, Nizami, Füzuli, Məhsəti Gəncəvi kimi böyük
şairlərin əsərlərində əks olunmuş şahmatın sələfi - Ərəb
oyunu "Şatranc" haqqında geniş məlumat verdi.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan
tələbələri Çin şahmat oyununun tarixi və inkişafı,
oyunun qaydaları, eyni zamanda Syansidə fiqurların
hərəkətləri və şahmat debüt nəzəriyyəsi barədə
danışdılar.
Tədbirdə həmçinin ADU-nun tədris işləri üzrə prorektoru
Vazeh Əsgərov, regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin dekanı Anar Nağıyev, Çinin Azərbaycandakı
səfirinin mədəniyyət üzrə müşaviri cənab Cen və onun
köməkçisi cənab Li iştirak edirdi.
İctimaiyyətlə əlaqələr Departamenti |