Avqustun 1-2-də "Akademi Group" Xaricdə Təhsil
Mərkəzinin təşkilatçılığı ilə Bakıda Türkiyə
universitetlərinin təhsil sərgisi keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, "Hilton Baku"
otelində Türkiyə universitetlərinin və yataqxanalarının
iştirakı ilə növbəti təhsil sərgisi təşkil olunacaq.
Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil
imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı
məlumat veriləcək. Həmçinin bu universitetlərin pulsuz
təhsil imkanları haqqında təqdimat və seminarların
keçirilməsi də nəzərdə tutulur. Digər sərgilərdən
fərqli olaraq avqustda təşkil edilən sərgilərdə ənənə
halını alan sənəd qəbulu da həyata keçiriləcək. Belə ki,
abituriyentlər və tələbələr sənədlərini universitet
nümayəndəsinə birbaşa təqdim edə biləcəklər.
Sərgidə Azərbaycanın Təhsil Nazirliyinin
nümayəndələrinin, Türkiyənin ölkəmizdəki səfirliyinin
təhsil müşavirliyinin əməkdaşlarının iştirakı
gözlənilir. |