Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Riyaziyyat dərslərində İKT-dən istifadə

 

Mütəllim MÜTƏLLİMOV,
Kürdəmir rayon Pirili kənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi
 

Böyütmək üçün seçinBütün fənlərin tədrisində olduğu kimi riyaziyyat dərslərində də İKT-nin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Riyaziyyat dərsində kompüterdən istifadənin forma və yeri, əlbəttə, bu dərsin məzmunundan, qarşıya qoyulan məqsəddən asılıdır. Belə dərsin aşağıdakı funksiyalarını sadalamaq olar:

* instrumental (əyani vəsaitlərlərin hazırlanması);

* nümayiş (slaydlar, təqdimatlar, filmlərin göstərilməsi);

* tədris (trenajorlar);

* yoxlama.

İT tətbiqi ilə müxtəlif dərs növləri mövcuddur: kompüterdən bir əyani vəsait kimi istifadə etməklə dərs-söhbət, tədqiqat işlərinin təklif olunması və aparılması dərsləri, məşğələ dərsləri, yoxlama dərsləri, qarşılıqlı dərslər və s.

Təcrübə göstərir ki, riyaziyyat dərslərində kompüterdən istifadə etmək aşağıdakı hallarda daha məqsədəuyğundur:

* şifahi hesablamalarda (tez bir zamanda tapşırığı verib, cavabı yoxlamaq);

* yeni materialın öyrənilməsində (müxtəlif əyani vəsaitdən istifadə etmək, yeni anlayışlara keçidin motivasiyasını qurmaq);

* frontal sorğunun yoxlanmasında;

* məsələlərin həllində (şəklin çəkilməsi, müəyyən bacarıqların oyrədilməsi);

* şagirdlərin tədqiqat fəaliyyətinin təşkilində;

* başqa uyğun fənlərlə inteqrasiyanın qurulmasında.

"Bu cür aparılan dərslərin üstünlüyü nədən ibarətdir" sualına belə cavab verərdim: belə dərslərdə şagird tədrisin subyektinə çevrilir, şagirdlə işləməyin optimal tempi əldə edilir, verilən tapşırıqların sayı artır, şagirdin buraxdığı səhvlər tez tapılıb düzəldilir, şagirdin işi tez qiymətləndirilir, müəllim işlərin yoxlanılmasına az vaxt sərf edir, telekommunikasiya vasitələrindən istifadə edərək başqa məkanların verilənlər bazasından əldə olunmuş materiallarla dərsi təmin etmək mümkün olur, kompüterlə işləyərkən dərsdə oyun elementləri ortaya çıxır və bu da əksər uşaqlarda tədrisə marağı artırır.

Təhsildə kompüter texnologiyalarının bütün imkanlarının istifadəsi şagirlərin öyrənmə həvəsini, yaradıcılıq təşəbbüsünü, özünə və özünün təhsilinə aktiv mövqeyini stimullaşdırır. Bu stimul sadaladığım səbəblərlə yanaşı, müəllimin dərslərdə təqdimatlardan necə istifadə etməsindən də böyük ölçüdə asılı olur.

Bəs mən özümün  riyaziyyat və informatika dərslərimdə təqdimatlardan necə istifadə edirəm?

İlk öncə qeyd etmək lazımdır ki, insan fəaliyyətinin hər bir sahəsinə daxil olan informasiya texnologiyaları müasir dərs prosesində də özünə geniş yer tapıb. Danılmaz faktdır ki, müasir dövrdə  dərsi kompütersiz  təsəvvür etmək qeyri-mümkündür.  Cavabı almaq üçün hazır alqoritmlərdən istifadə etmək  şagirdin yaradıcılıq, sərbəst düşünmək, nitq və müşahidə etmək, axtarışlar aparmaq kimi keyfiyyətlərini azaldır, bəzən isə "0"-a endirir. Məlumdur ki, müasir dərsin öyrədici, inkişafetdirici, tətbiqedici funksiyaları şəxsiyyətin inkişafına xidmət edir və  burada müəllimin rolunun əvəzsiz olduğu görünür. Fəal  təlimdə məntiqi təfəkkür, özünüinkişaf, özünütəhsil kimi amillərin də olmasını nəzərə alsaq, onda əsl müəllimin üzərinə necə böyük bir yük düşdüyü  aydın olar.

İnkişafedici təlim müəllimdən  şagirdin biliyi alması  üçün istəlinən situasiyalardan istifadə etməsini tələb edir. Əyanilik prinsipi bütün vaxtlarda təlim prosesində əsas rol oynamışdır. Orta və yaşlı nəsil müəllimlərinin yaxşı yadındadır ki, 1960-1980-ci illərdə  dərslər kodoskopla, model, maket,  müxtəlif cədvəl, qrafik və sxemlər olan plakatlarla keçilirdi. Kimya və fizika dərslərində aparılan təcrübələr dərsin effektini çox artırırdı.  

Artıq son  onilliklərin təcrübəsi göstərir ki, yuxarıda adları çəkilən resursları özündə birləşdirən və onlardan da qat-qat effektli olan vasitə İKT-dir.   Bu gün  müasir informasiya texnologiyaları dərs prosesinə təkcə   avadanlıqlar kimi yox, həm də yeni yanaşma  metodu  kimi daxil olub.

Fundamental elm olan riyaziyyatı öyrədərkən vacibdir ki, şagirdlər  əzbərçilikdən  uzaq olaraq tədqiq olunan obyektin mənasını tam dərindən  başa düşsünlər. Riyaziyyat müəlliminin vəzifəsi səviyyəsindən asılı olmayaraq hər bir şagirdı öz fənni  ilə maraqlandırmaq, müxtəlif tipli məsələləri sərbəst həll etdirməkdir. Belə olan halda müəllimin qarşısına bir sual çıxır: dərsi necə qurmaq lazımdır ki, bu prosesdə bütün şagirdlərin,  hətta zəif oxuyanların da inkişafı görünsün, onların diqqəti, idraki bacarığı, nitqi  inkişaf etsin.  

Artıq neçə illərdir ki,  məktəblərdə kompüter kabineti, internet var. Demək olar ki, bütün mövzular üzrə dərs prosesində kompüterdən istifadə edilir. Riyaziyyatda elə mövzular  var ki, onları  simvollarla izah etmək mümkün deyil (məsələn: funksiyaların qrafikinin, gözlə görünməyən kəsiklərin qurulması, sistem tənliklərin qrafik həlli və s.).   İKT-dən istifadə edən  müəllimlər çox yaxşı bilirlər ki, belə məsələlər kompüterdə necə gözəl həllini tapır.

Əvvəllər dərs prosesində öyrədici dərs proqramlarından geniş istifadə edirdik. "Nauka",  "Prosveşeniya", "Russobit-M", "Uçitel" nəşriyyatlarının buraxdığı riyaziyyat və informatikadan olan  öyrədici disklər əsas dərs resurslarımız idi. İndi Təhsil Nazirliyinin buraxılış sinifləri üçün tərtib etdiyi  test tapşırıqları, TQDK-nın elektron testləri də çox köməyimizə gəlir. Bununla belə, internet nəhəng resurs kimi daha geniş imkanlara malikdir. Buna görə də indi dərs zamanı internetdən götürülmüş hazır, ya da özümün hazırladığım   təqdimatlardan daha geniş istifadə edirəm. Bu  zaman  şagirdlərlə işləyərkən verilən informasiylar daha maraqlı və əyani, həm də yaddaqalan olur.

Fikrimcə, dərslərdə  təqdimatlardan istifadə təlimə yeni yanaşma metodu kimi qiymətləndirilə bilər. Məhz bunu nəzərə alıb aşağıda riyaziyyat və informatika dərslərində kompüterdə yaratdığımız təqdimatlardan istifadə  təcrübəmi oxucularla  bölüşmək istərdim.

I nümunə. Fəal təlim metodları ilə işləyən V və VI siniflərdə keçilən hər bir   dərsi kompüterdə hazırlanmış  təqdimatlarsız təsəvvür etmək olmaz. Riyaziyyatdan  şifahi hesablamaya, yoxlama, ya da sərbəst yazı işlərinə aid tapşırıqların həll, informatikadan informasiya, kompüter, tətbiqi proqramlar, alqoritmlər kimi mövzuları izah edərkən təqdimatların rolu əvəzsizdir.  Həm də nəzərə alaq ki, ibtidai sinifdən təzəcə ayrılmış şagirdlərlə işləyərkən vaxta qənaətdə kompüter nə qədər köməklik edir.   Şagirdləri yaxşı cavab verdiklərinə görə, növbəti dərsə həvəsləndirmək, əhval-ruhiyyələrini yüksəltmək üçün təqdimatın sonunda, bəzən də slaydın içində "Bir az pozitiv!", "Bir dəqiqəlik idman!", "Bu bizik!" adlı slaydlar  yaradıram ki, bu da onların çox xoşuna gəlir. Animasiyalı slaydlar bir-birini əvəz etdikcə şagirdlər onlara diqqətlə baxır və kömək olmadan özləri nəinki çalışmaları  başa düşür, həm də alqoritm, proqram və tənliyi qururlar.  Müəllimə təzə dərsi izah etmək çox asan və rahat   başa gəlir (halbuki həmin təqdimatı hazırlamaq üçün saatlarla yox, bəzən günlərlə vaxt lazım gəlir). Sonradan isə bu təqdimatların üzərində bir neçə dəyişiklik edib digər  mövzularla yanaşı, bəzən  bütöv bölmənin də təkrarında istifadə etmək olur. 

II nümunə. Riyaziyyat və informatika elmləri bir-biri ilə sıx bağlı olduğundan onlar arasında inteqrasiya yaratmaq çox rahatdır. VII və VIII siniflərdə "Sistem tənliklərin qrafik həlli" mövzusunu izah edərkən yazı taxtasında təbaşirlə (təbaşir rəngli olsa belə) izahat nə qədər vaxt aparır. POWER POINT proqramında  hazırlanmış animasiyalı təqdimatın slaydlarında  isə bu izahat çox effektli  olur.  Hər dəfə "siçanın" düyməsini sıxanda animasiyalar bir-birini əvəz etdikcə, şagirdlər ekranda gördükləri suallara cavab verdikcə, elə bil ki, kompüter ən zəif oxuyan şagirdi belə özünə cəlb edir. Düz cavabı tapmaq üçün onlar da fəallaşırlar. İnformatika dərslərində belə təqdimatların yaradılması üsulları şagirdlərə öyrədilir.

Yaratdığım təqdimatlardan çoxlu sayda nümunələr  göstərə bilərəm. Lakin bu o demək deyil ki, bütün dərs  prosesində şagirdlərlə  yalnız kompüterdə işləyirik.  Dərsliyin, yazı taxtası,  təbaşir,  markerin və s. də  öz yeri var və müəllim yeri gəldikcə bunlardan da istifadə etməlidir.

Beləliklə, bütün vasitə və tədbirlər, yuxarıda da qeyd etdiyim kimi, şagirdlərin öyrənmə həvəsini, yaradıcılıq təşəbbüsünü, özünə və özünün təhsilinə aktiv mövqeyini stimullaşdırmağa xidmət edir.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov