Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsinin "Türkiyəşünaslıq" ixtisası
üzrə təhsil alan bir qrup tələbə qardaş Türkiyənin
Dənizli şəhərində yerləşən Pamukkale Universitetində
təşkil olunmuş Yay məktəbində iştirak edib, ikihəftəlik
istehsalat təcrübəsi keçiblər.
Səfərdən əvvəl BSU-nun rektoru, professor Asif Hacıyev,
Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Aygül Hacıyeva
və fakültə dekanı Əsgər Əhmədlə görüşən gənclər Yay
məktəbində həm təcrübə keçməklə, həm də Azərbaycanı
layiqincə təmsil etməklə bağlı təlimatlandırılıb.
BSU-nun əməkdaşları Ramin Səmədov və Ziyafət Qasımovanın
rəhbərlik etdikləri azərbaycanlı tələbələr Pamukkale
Universitetinin rektoru, professor Hüseyn Bağcı ilə
görüşdə Bakı Slavyan Universitetinin tələbə həyatı
barədə geniş məlumat verib və Yay məktəbində zəngin
təcrübə əldə edəcəklərinə ümid bəslədiklərini
bildiriblər. Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun və Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Könüllülər Birliyinin üzvü
olan tələbələrin hər iki qurumun fəaliyyəti, həyata
keçirdiyi layihələr, eləcə də bütün dünyanın diqqət
mərkəzində olmuş və uğurla başa çatmış birinci Avropa
Oyunları haqqında danışdıqları böyük maraqla qarşılanıb.
Görüşdə universitet rəhbərliyinə Bilik Fondunun
hədiyyələri təqdim edilib.
Tələbələr Yay məktəbi dövründə təcrübəli mütəxəssislərin
məşğələlərində iştirak etməklə yanaşı, Dənizli şəhərinin
Pamukkale, Loodikea, Kəloğlan mağarası kimi görməli
yerlərində olub, füsunkar təbiəti ilə fərqlənən bu
bölgənin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından
tanış olmaq imkanı əldə ediblər.
Bu il Bakı Slavyan Universiteti tələbələrinin Yay
məktəbi Bolqarıstan və Çexiyada da təşkil olunub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |