Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Azərbaycan Dövlət Dəniz Akademiyasında görüş

 

Böyütmək üçün seçinİyulun 27-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təhsil naziri Mikayıl Cabbarovun və QSC-nin sədri Rauf Vəliyevin iştirakı ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Çingiz Əliyevi ADDA-ya rektor təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Təhsil naziri bildirib ki, Dövlət Dəniz Akademiyasının ölkəmizin ali təhsil sistemində xüsusi yeri var: "Bu Akademiya ölkənin iqtisadi inkişafında mühüm yeri olan "Xəzər Dəniz Gəmiçiliyi"nin peşəkar kadrlarla təmin edilməsində vacib rol oynayır. Tələbələrin kamil mütəxəssis kimi yetişməsində təcrübənin rolu böyükdür. Buna görə də tələbələrin gəmilərdə tədris, istehsalat və üzmə təcrübələrinə xüsusi diqqət yetirilir. Dəniz Akademiyasında tədrisin təkmilləşdirilməsinə, elm və istehsalatla əlaqəyə də ciddi fikir verilir. Əminəm ki, Prezident İlham Əliyevin 2015-ci il 24 iyul tarixli sərəncamı ilə ADDA-ya rektor təyin olunan Çingiz Əliyev qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, ona bəslənən ümidləri doğruldacaq".

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev isə ölkəmizdə gəmiçiliyin möhkəm təməl üzərində bərqərar olduğunu diqqətə çatdırıb. İqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 22 oktyabr tarixli sərəncamı ilə respublikada mövcud olan iki böyük donanmanın əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradıldığını vurğulayan R.Vəliyev səhmdar cəmiyyətin peşəkar kadrlarla təmin edilməsində Akademiyanın üzərinə düşən vəzifələrdən danışıb.

Qeyd olunub ki, 1881-ci ilin noyabrında Azərbaycanda dənizçi kadrların hazırlanması ilə ölkədə dənizçilik təhsilinin bünövrəsi qoyulub. Azərbaycan Dövlət Dəniz Akademiyası Böyütmək üçün seçinisə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz yolları məktəbinin bazasında yaradılıb. Hazırda ADDA-da 3 fakültə, 12 kafedra fəaliyyət göstərir. ADDA Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınıb, onun təşəbbüsü ilə dünya ali dəniz təhsili sisteminə daxil edilib. Akademiya MDB və xarici ölkələrin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir və Sankt-Peterburqdakı admiral S.Makarov adına Dəniz Akademiyası yanında elmi-metodik Şuranın üzvüdür. ADDA-nın diplom və sertifikatları beynəlxalq səviyyədə tanınır.

Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır. Bu siyasət peşəkar kadrların yetişdirilməsinə, təhsilin müasirləşməsinə yönəlib. QSC sədri "Xəzər Dəniz Gəmiçiliyi"nin yüksək ixtisaslı kadrlara ehtiyacının olduğunu vurğulayaraq deyib: "Bu gün bizə peşəkar kadrlar lazımdır. Odur ki, ixtisaslı dənizçilərin hazırlanmasında keyfiyyətə üstünlük verilməlidir".

Sonra ADDA-nın rektoru Çingiz Əliyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov