Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan
milli mətbuatının 140 illik yubileyinin keçirilməsi
haqqında sərəncamından irəli gələn vəzifələrin icrasına
xidmət məqsədilə Naxçıvan Dövlət Universitetinin tədris
işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru,
dosent Surə Seyidin "Naxçıvanda mətbuatın inkişaf tarixi
("Şərq qapısı" qəzetinin materialları əsasında)" adlı
kitabı nəşr olunub. "Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyinin nəşri olan bu kitab ingilis dilində işıq üzü
görüb. Kitabın tərcüməçisi filologiya üzrə fəlsəfə
doktoru, dosent Fiyalə Abdullayeva, dizayneri Nurlan
Fətəliyevdir. Bu kitab müəllifin Naxçıvanda mətbuat
tarixinin tədqiqinə həsr olunmuş sayca üçüncü kitabıdır.
XX əsrin əvvəllərində Naxçıvanda mətbuatın yaranmasını
şərtləndirən başlıca amillər, "Kommunist, "Naxrespublika",
"Cavanlar həyatı", "Füqəra səsi" kimi qəzetlərin nəşri
çətinlikləri kitabın ilk fəsillərinin başlıca tədqiqat
obyektidir. Azərbaycanda mətbu nəşrlər sırasında az qala
bir əsrlik tarixdə fasiləsiz nəşr olunan yeganə qəzet
kimi "Şərq qapısı" -nın fəaliyyə başlaması ilə yeni
mərhələyə qədəm qoyan mətbuatın keçdiyi şərəfli yol
kitabın ikinci fəslinin aparıcı qayəsini təşkil edir.
Kitabda eyni zamanda ilk dəfə olaraq XX əsrin 30-cu
illərində Azərbaycanın tanınmış ədəbi simaları Mirzə
İbrahimov və Əli Vəliyevin fəaliyyətinin Naxçıvan dövrü
araşdırılır. 1933-cü ildə Naxçıvanda Mirzə İbrahimovun
redaktorluğu ilə nəşr olunan, "Ədəbiyyat" və
Maşın-Traktor Stansiyasının orqanı olan "Sürət"
qəzetlərinin nəşri zərurəti, bu haqda müxtəlif
mənbələrdəki faktlar ilk dəfə olaraq sistemləşdirilir və
tədqiqata cəlb olunur. Böyük Vətən müharibəsi illərində
Naxçıvanda mətbuatın inkişaf istiqamətləri də kitabda
araşdırılan məsələlər sırasındadır.
Dahi rəhbər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
ilk mərhələsində Naxçıvanda mətbuatın inkişaf meyilləri,
"Şərq qapısı"nın 50 və 60 illik yubileylərinin dövlət
səviyyəsində qeyd olunması, qəzetin sənətkarlıq və
yaradıcılıq xüsusiyyətləri növbəti fəsillərdə elmi
təhlil süzgəcindən keçirilir.
Kitabda 1990-cı ilin qanlı yanvar günlərində Naxçıvan
MSSR Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in
tərkibindən çıxmasını elan edən Naxçıvan Respublikasının
ilk müstəqil mətbu orqanı kimi 8 nömrəsi işıq üzü görən
"Şərq qapısı"nın şəxsi arxivlərdən toplanmış nömrələri
tədqiqata cəlb olunur, qəzet səhifələrindəki tarixi
faktlar önə çəkilir.
Müstəqillik illərində yeni forma və məzmun əldə edən
"Şərq qapısı" qəzetinin dövlət və KİV münasibətlərinin
tənzimlənməsindəki rolu araşdırılan mövzular
sırasındadır. Xüsusən, ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətində "Şərq qapısı" qəzetinin yeri və
rolu müəyyən olunur, həmin dövr ayrıca tədqiqata cəlb
edilir.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun
Naxçıvanda nəşr olunan mətbu orqanların maddi-texniki
bazasının möhkəmləndirilməsi tədbirləri haqqında 2000-ci
ildə imzaladığı sərəncamdan sonra fəaliyyətində əsaslı
dönüş yaradan mətbu orqanların fəaliyyəti müəllif
tərəfindən təhlil, konkret nəticələr təqdim olunur.
Xüsusən də Ali Məclis Sədrinin jurnalistlərlə keçirdiyi
görüşlər, bu sahənin inkişafı ilə bağlı görülən
tədbirlər, "Şərq qapısı" qəzeti redaksiyası üçün tikilib
istifadəyə verilən inzibati bina və ən son texniki
avadanlıqlarla təchiz olunmuş mətbəənin fəaliyyəti də
kitabda təqdim olunan yeniliklər sırasındadır.
Kitabda ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixinin
öyrənilməsində "Şərq qapısı" qəzetinin rolu məsələsi
aydınlaşdırılır. Eyni zamanda Naxçıvanda tənqid və
ədəbiyyatşünaslıq elminin formalaşması və inkişafında
"Şərq qapısı" qəzetinin yerindən geniş bəhs edilir.
Müəllif bu nəticəyə gəlir ki, "Şərq qapısı" qəzeti sözün
həqiqi mənasında regionda ədəbiyyat, jurnalistika, elm
məktəbi funksiyasını yerinə yetirmiş, Naxçıvanda
şərqqapısışünaslıq elmi formalaşmış, qəzet tədqiqat
obyektinə, elmin bir sahəsinə çevrilmişdir.
Kitabın ingilis dilində nəşr olunmasının əsas səbəbi
Naxçıvanda mətbuatın yaranması və keçdiyi tarixi yol, bu
sahənin inkişafı ilə bağlı Azərbaycanda həyata
keçirilən islahatlar, dövlət və KİV münasibətlərinin
qarşılıqlı inteqrasiyasını dünya oxucularına təqdim
etmək, eyni zamanda ermənilərin Naxçıvana qarşı ərazi
iddialarına mətbuatın dili ilə cavab verməkdir.
Şəhla ŞİRƏLİYEVA,
filologiya üzrə fəlsəfə
doktoru,
dosent |