Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

Tədrisyönümlü krossvord intellektual inkişaf vasitəsi kimi

 

Bahar İSMAYILOVA,

AMİ-nin Zaqatala  filialının Təbiət fənlərinin tədrisi metodikası   kafedrasının müəllimi, iki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, əməkdar müəllim

 

Müasir  dövrdə  "savadlı"  insan dedikdə onun həm  də  kompüter  savadına yiyələnməsi nəzərdə tutulur. Kompüterlə işləmə  bacarıqları  hər  bir  şəxsin  gələcək  inkişafı  üçün  geniş  imkanlar  açır.  İnformatika  fənninin  əsas  anlayışlarının  daha  yaxşı  mənimsənilməsi,  şagirdlərin söz  ehtiyatının, dərslərdə fəallığının  artması, yaradıcı təfəkkürünün inkişafı  və s.  üçün  müxtəlif  intellektual  oyunlardan,  əyləncəli  çalışmalardan  istifadə  olunması  daha  yüksək   nəticələrin  əldə edilməsinə  kömək  edir.  Əyləncəli  informatika  vəsaitinin  hazırlanması  bu istiqamətdə  görülən  işlərə fayda  verə  bilər.  İntellektual oyunlardan biri  hesab olunan krossvord (ing. crossword) sözlərin təyinatının (mənasının) tapılması üzrə qurulmuş oyundur. Daxil edilmiş sözlər kəsişərək krossvord torunu əmələ gətirirlər. Krossvord xanalardan ibarətdir. Adətən bu xanaların birində tələb edilən sözün ipucu, digərlərində isə tələb olunan sözü  təşkil edən hərflər daxil edilir. Krossvord oyununda tələb olunan söz, ipucu verilmiş xanada göstərilmiş istiqamət üzrə daxil edilməlidir.

Krossvordda yaş məhdudiyyəti yoxdur. Yüz ilə yaxındır ki, bu intellektual oyun  bütün  dünyada populyardır.  Müxtəlif yaş qrupuna daxil olan milyonlarla insan həvəslə krossvord həll edir. Tədqiqatçıların fikrinə görə, krossvord həll etmək insanın zehnini, dünyagörüşünü, yaddaşını inkişaf etdirir.

Bu oyun bəşəriyyətə qədim zamanlardan məlumdur. Tədqiqatçılar b. e. ə. I-IV əsrlərə məxsus krossvorda bənzər tapıntılara rast gəlmişlər. Ginnesin  rekordlar  kitabında  1868-ci  ildə Sayrensesterdə (Böyük Britaniya) evin divarlarında yazılmış  25 hərfli  Roma mənşəli nümunənin  ilk krossvord  olduğu hesab edilsə  də,  son  məlumatlara  görə  ilk krossvord  1875-ci ildə ABŞ-da "CV. Nikolas"  jurnalında  çap olunmuşdur.   Krossvordun  vətəni İngiltərə, ABŞ,  CAR  hesab olunur.  İngilislər  hesab edir  ki,  ilk  krossvordların  müəllifi  XIX  əsrin  sonunda "Tayms"  qəzetində  onları çap etdirən Maykl Devisdir. Amerikanlar  təbii  ki,  ingilislərin  versiyası  ilə  razılaşmayaraq  hesab edirlər  ki,  ilk krossvord  1913-cü  ildə "Nyu York Uorld"  qəzetində  nəşr  olunmuşdur  və onun  müəllifi  jurnalist  Artur  Uinndir. CAR-da  krossvordun  tarixi  ilə  bağlı  yaranmış  fikirlərə görə isə krossvordun müəllifi avtomobil qəzasına görə həbsxanaya düşən və orada bu oyunu yaradan Viktor Orvilldir.

1913-cü  ildən  10  il  sonra  ABŞ-da  ilk  krossvord  məcmuəsinin  nəşr  olunması  və  bir  neçə  gün  ərzində 750 min  tirajla satılmasının   bu  oyunun  bütün  dünyada  yayılmasına  böyük  təsiri  oldu.  Krossvordla  məşğul  olanların  sayı  sürətlə  artmağa,  digər  "başsındıran"  oyunlar yaradılmağa başlandı. Hətta həkimlər oyunçuların oyuna hədsiz dərəcədə  aludəliklərinin  sağlamlığa  zərər  verəcəyindən  narahat  olurdular. Bir  il  sonra  "epidemiya"  Avropanı  bürüdü  və  1924-cü  il noyabrın 2-də Londonda  "Sandi Ekspress"  qəzetində  ilk  Avropa  krossvordu  nəşr  olundu.  Onun  müəllifi  Edvard  Poyus  Mazere  hesab  olunur.

Leninqradda  18 avqust 1925-ci  ildə  "Novaya  veçernyaya  qazeta"da  krossvord  nəşr  edilmişdir.  Elə  həmin  il  P.Melentyevin müəllifliyi  ilə 20  krossvordun  daxil  olduğu  məcmuə  nəşr olundu. 2013-cü ildə  artıq müxtəlif çətinlikdə krossvordlar dərc edən 400-dən çox ixtisaslaşmış nəşriyyat qeydə alınmışdı. Zaman keçdikcə krossvordlar İnternetə köçürüldü və burada yeni həyat qazandı.

Klassik krossvorddan başqa 24 növ  müxtəlif  formalı krossvord vardır: skanvord, amerikan  krossvordu, eston krossvordu,  keyvord,  fillvord  və  s. 

Hazırda Ümumdünya Krossvord İdmanı Federasiyası mövcuddur. Krossvordların həll olunması üzrə çempionatlar keçirilir.

Krossvordun  həll edilməsi  yaddaşı  məşq  etdirir,  möhkəmləndirir  və  dünyagörüşü  genişləndirir.  Artıq  neçə  illərdir  ki,  tibb elmi  krossvorddan  sakitləşdirici  vasitə  kimi, müəllimlər isə biliklərin  oyun  şəklində  əldə  olunması, təhsilalanların  intellektual  inkişafının  təmin  edilməsi  və s.  üçün istifadə  edirlər.  Krossvordun  tətbiq  dairəsi  daim  genişlənir  və  ondan  professional  keyfiyyətlərin  yoxlanılması  üçün istifadə  olunur. Son  zamanlar  reklam  üçün  də  krossvorddan istifadə  olunmağa  başlanmışdır. 

 

 Alimlər,  həkimlər  krossvord  həll  etməyin  sağlamlığa  çox  böyük müsbət  təsiri  olduğunu qeyd edirlər. Amerikanın Viskonsin-Medison Universitetinin mütəxəssislərinin fikirlərinə görə, yatmazdan  əvvəl  krossvord  həll  olunmasının  yaddaşı  yaxşılaşdırdığı  artıq  isbat  olunmuşdur.  Çoxdan  məlumdur  ki,  beynin  müxtəlif  hissələri  fərqli  formada  yatır.  Gün  ərzində  fəaliyyət  göstərən  hissə  gün  ərzində  alınmış  informasiyanı nizamlamaq  və  yadda  saxlamağa  imkan  verən  dərin  yuxuya  gedir.  Bəs yaddaşın  formalaşması  üçün  aktiv  iştirak  etməyən hissələrlə  nə  etmək  olar? Onlar  da  yatmalı,  dincəlməlidirlər. Onları  dərin  yuxuya  getməsi  üçün  necə  yormaq olar?  Bu  məqamda  krossvord  həlli  köməyə  çatır. 

Təsdiq  olunmuşdur  ki,  krossvord  həlli  bütün  orqanları  optimal  rejimdə  işləməyə səfərbər  edir.  Krossvordu  həll  etdikdən  sonra  duyduğumuz  məmnunluq  hissi  isə bizim  üçün xüsusilə qiymətlidir. Krossvord həllindən  məmnun  qalma  ən  azı 5  dəqiqəlik ürəkdən  gülüşün  verdiyi faydaya, C vitamininə  bərabər  hesab  olunur.

Statistik  məlumatlara  və  elmi  əsaslandırmalara  görə, amerikalı  alimlər  hesab  edirlər  ki,  dinamik,  təlatümlü  müasir  dövrdə  stresləri  neytrallaşdıran  ən  sadə və  təsiredici vasitələrdən biri  krossvorddur. Avstraliyalı  alim  Perri  Barlet  təsdiq  edir  ki,  sistematik  şəkildə krossvord  həlli,  müəyyən  məsafəyə  qaçışlarla  yaşla  bağlı  bəzi  problemləri  aradan  qaldırmaq  mümkündür. Yuxarıda  qeyd  olunan "məşğələlər"  beyində  yeni hüceyrələrin  yaranmasına  kömək  edir. Professor  Barletin  fikirlərinə  görə,  fiziki məşqlər  və  intellektual oyunlarla məşğələlər  yeni  neyronların yaranmasını, artmasını  stimullaşdırır, bir  çox xəstəliklərin,  patoloji  halların  inkişafının  qarşısını  alır. 

Bir  çox  məşhurlar: teatr  xadimi K. Stanislavski,  kosmonavtikanın  banisi  K.Siolkovski,  məşhur  ingilis  aktrisası Vivyen Li  və  b.  bu "söz  oyunu"nu  çox  sevirmişlər.

Sadə krossvord  həllinin  alqoritmi:

1.  Diqqətlə  krossvordu  nəzərdən  keçirin.  Şərtlərə  baxaraq  sizə  tanış  olan  sözləri,  sonra  isə  onunla  kəsişənləri  axtarın.  Torun  üzərində  digər  sözlərlə  ən çox  kəsişən  sözü tapın,  belə  sözün ən uzun söz olması vacib deyil.  Cavabı  bilirsinizsə,  uyğun  xanaları  doldurun,  bu  sizə  bəzi  ipucuları  tapmaqda  kömək  edəcək.

2. Əvvəlcə daha  çox  üfiqi  istiqamətdə  tapdığınız  sözləri  yazın,  sonra fikrinizdə  sözləri  seçməklə  cavabı  tapmağa  çalışın.

3. Krossvordu  həll edən  zaman  "ilişmə"  baş  verəndə  yenidən diqqətlə  krossvordun  torunu  üfiqi  və  şaquli  istiqamətdə nəzərdən  keçirin,  krossvordun  şərtində  verilmiş,  həll  olunmuş  mövqeni  göstərən  nömrələri  dairəyə alın.  Sizdə  artıq  heç  bir  başqa  həll  variantı  yoxdursa  bir  qədər  fasilə  verin,  dincəlin. Yenə  də  cavabları  tapa  bilmir, özünüzü  məğlub  olmuş  hiss edirsinizsə,  ruhdan düşməyin,  hamı - hətta  çempionlar  belə  bu  yolu  keçmişlər.

4.  Sizdə  olan  lüğətləri,  krossvord  lüğətini  gözdən  keçirin.

Ən  əsası qəzetin növbəti nömrəsini aldıqda hökmən krossvordun cavabları ilə tanış  olun,  yazdığınız cavablarla müəllifin yazdıqlarını  müqayisə edin,  qeyd  dəftərinizə tapmadığınız  sözləri sualları ilə birgə yazın. Bu deyilənlər  krossvord həll etmənin sadə yollarından biridir.  Bu işi görmək üçün müxtəlif variantda alqoritmlər vardır.

Bəzən  sözün  bir  neçə  hərfi  məlum  olur,  amma  söz  heç  cür  yada  düşmürsə,  belə metoddan  istifadə  etmək  olar:  məsələn,  ikinci  hərf  a-dırsa,  onda  bu  hərfdən  əvvəl  əlifbada  olan  hərfləri  fikrinizdə  yazaraq  (va, qa, ...)  yoxlayın,  lazımi  hərfdə  elə  bil  ki,  "aydınlıq"  olur.

Sadə krossvord  yaratmanın  qaydaları:

1. Seçilmiş  mövzuya,  tədris  vahidinə  uyğun  kəsişən  sözlər  yazın (hər  bir  söz  digəri  ilə  ən azı  bir dəfə  kəsişməlidir).

2. Hər  bir  sözü  şaquli  və  üfiqi  istiqamətdə  nömrələyin.

3. Hər  bir  sözü  təyin  edən sualları  nömrələrə  uyğun  olaraq  yazın.

4. Hər  bir  hərfi  xanaya  alın  və  hərfləri  silin.

Krossvord  tərtib  edərkən bəzi  qaydalara  əməl  etmək  lazımdır:

* Sözlər  krossvord  fiqurunun  bütünlükdə  müstəvisi  üzərində  kəsişməlidir.

* Qara  xanalarla  əhatə  olunmuş  hissə  torun 1/6 hissəsindən  çox  ola  bilməz.

* Kəsişmə  olmayan   hissə  torun 1/10  hissəsindən  çox  ola  bilməz.

Krossvordun hər ağ xanasına bir hərf yazılır. Hər bir söz rəqəmlə başlayır və  qara  xana  ilə,  ya  da  krossvord  torunun  sonu  ilə  qurtarır. İstifadə  olunan  sözlər  ismin adlıq  halında olmalıdır (film, əsər adları və s. istisna  olmaqla). Adətən  defislə  yazılan  sözlərdən  istifadə  etmək  olmaz.  Təsadüfi  hallarda  belə  sözü  daxil  edirsinizsə  şərtdə  bu  haqda  qeyd  olmalıdır. Krossvord  tərtib  edərkən  axtarılan  sözü  tapmaq  üçün  şərti  sual  şəklində, sinonim sözü verməklə və ya  sözü  sadəcə təsvir etməklə vermək olar. Krossvorda axtarılan sözlərə aid şərtlər düşündürücü olmalı, cavabı asanlıqla tapılmamalıdır. Şərtlərin  tərifə əsaslanmadan həyatla bağlı, əyləncəli şəkildə verilməsi krossvordun daha maraqlı olmasına  səbəb  olur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov