Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

Daha bir məktəblimiz beynəlxalq olimpiadada bürünc medal qazanıb

 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
 

Böyütmək üçün seçinAzərbaycanlı şagirdlər  beynəlxalq səviyyəli daha bir bilik yarışmasında uğura imza atıblar.  Bakıdakı  "İstək" liseyinin X sinif şagirdi Məmməd Əliyev iyulun 12-dən 19-dək Danimarkada  keçirilən  XXVI  Beynəlxalq Biologiya  Olimpiadasında (International Biology Olympiad 2015)  ölkəmizi uğurla təmsil edərək tam 4 illik fasilədən sonra ilk dəfə ölkəmizə bürünc medal qazandırıb.   

Danimarkanın Təhsil Nazirliyi, Aarhus Universiteti və Danimarka Texnik Universitetinin təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirilən olimpiadada  ölkəmizi layiqincə təmsil etmiş Məmməd Əliyev  1999-cu il sentyabrın 19-da Gəncə şəhərində anadan olub.  İlk təhsilinə 4  nömrəli tam orta məktəbdə  başlayıb. VII  sinifdə Gəncə Özəl Türk  Liseyinə qəbul olunub.  Liseydə oxuduğu  müddətdə biologiya fənninə olan marağı  nəticəsində  müəllimlərinin  dəstəyi ilə beynəlxalq biologiya olimpiadasına hazırlaşmağa qərar verib. VIII  sinifdə liseylərarası biologiya  olimpiadasında  birinci  yeri  tutub  və  qızıl medalla təltif olunub. Nəticədə  Bakıdakı  "İstək" liseyində  oxumaq hüququ  qazanıb.  Beləliklə də  Bakıda təcrübəli müəllimlərin köməyi ilə biliklərini  daha da genişləndirmək şansı əldə edib. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi beynəlxalq biologiya olimpiadası üzrə seçmə imtahanında II yeri tutaraq komandanın 4 üzvündən biri olub.  Nəticədə ötən il İndoneziyada keçirilmiş beynəlxalq biologiya olimpiadasında Azərbaycanı təmsil edib.

Məmməd  bizimlə söhbətində olimpiada təəssüratlarını belə bölüşdü:

- Danimarkanın Aarhus şəhərində keçirilən 26-cı  Beynəlxalq Biologiya Olimpiadasında  ABŞ, Çin,  Böyük Britaniya, İspaniya, Rusiya, Almaniya, Argentina, Belçika, Avstraliya,  Kanada, Danimarka, Finlandiya, Belarus,  Türkiyə,  Sinqapur, İsveç, İran,  İtaliya,  Yaponiya,  Meksika,  İndoneziya  olmaqla ümumilikdə 62 ölkə iştirak edirdi.  İmtahanlar nəzəri və praktik hissələrdən ibarət idi. Hər tur 4 saatdan 6 saata kimi davam edirdi.   Qeyd edim ki, Azərbaycan komandası  bu olimpiadada  sonuncu  dəfə   2010-cu ildə  medal qazanmışdı.  Üçrəngli bayrağımızı Danimarkada dalğalandırmaq mənə qismət olduğu üçün çox xoşbəxtəm. Vətənimi layiqincə təmsil etməyə nail olduğum üçün sevinirəm. Medaldan  başqa  bütün dünyadan olan  çoxlu dost  tapmağa da imkanımız  oldu.  Komanda rəhbərimiz  Rəşad  Səlimov və fənn müəllimim Anar Məcidov, "İstək" liseyində  olimpiada koordinatorumuz Anar Fərmanov olimpiada ərzində bizə hərtərəfli dəstək oldular.

Qeyd edək ki, bu olimpiadada öz ölkələrində keçirilmiş milli biologiya olimpiadalarının qalibi olan  yaşı 15-dən artıq  məktəblilər iştirak edə bilərlər.  Hər bir ölkə olimpiadaya 4 iştirakçı və komandanın rəhbərlərini göndərir. Olimpiada 1990-cı ildən başlayaraq hər il uyul ayında keçirilir. Yarışmanın rəsmi dili ingilis dilidir. Olimpiadada biologiyanın hüceyrə biologiyası, molekulyar biologiya,  bitkilərin anatomiya və  fiziologiyası, heyvanların anatomiyası və fiziologiyası, etologiya, genetika və təkamül, ekologiya kimi  əsas mövzularına toxunulur.   Olimpiadanın keçirilməsində məqsəd istedadlı şagirdləri bir araya gətirmək, onların biologiya elmini öyrənmək səylərini  stimullaşdırmaq, gələcəkdə uğurlu elmi  karyera qurmalarına kömək göstərməkdir. Bundan başqa, olimpiada müxtəlif  ölkələrin tədris planlarını və təhsil tendensiyalarını  müqayisə etməyə imkan  verir. Bu isə milli səviyyədə biologiya təhsilinin keyfiyyətinin yaxşılaşdırılması üçün çox faydalıdır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov