Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

700 BAL TOPLAYANLAR

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 14-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda  I ixtisas qrupu üzrə 7,  IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Aşağıda onların adlarını təqdim edirik.

 

Əli ALLAHVERDİYEV  

1998-ci ildə  Naxçıvan MR Şərur  rayonunun  Zeyvə  kəndində anadan olub. 2015-ci ildə  doğulduğu kənddə orta məktəbi bitirib.

I qrup üzrə ali məktəbə imtahan verib. Ən böyük dəstəyi ailəsindən gördüyünü deyən Əli bu nəticəni gözlədiyini bildirdi.  Onu təbrik edənlər arasında dostları, qohumları ilə yanaşı, Naxçıvanın təhsil naziri,  Şərur rayon təhsil şöbəsinin işçiləri də olub.

Əli liseydə təhsil aldığı müddətdə bir sıra beynəlxalq fənn olimpiadalarında  uğurlu çıxış edib. O, respublika üzrə riyaziyyat olimpiadasında gümüş, Nigeriyada fənn olimpiadasında qızıl, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl, 2 bürünc medal qazanıb.

Arzusu   xaricdə təhsilini davam etdirməkdir.


Teymur İSMİXANOV 

1998-ci ildə Bakı şəhərində anadan olub. Türkiyə Diyanət Vəqfi-Bakı Türk Liseyini  bitirən Teymur  İsmixanov orta məktəbdə oxuduğu müddətdə  fizika fənnindən  rayon  olimpiadalarında  iştirak  etdiyini bildirdi.  Sınaqlarda adətən 680 bal topladığından yüksək nəticə göstərəcəyinə əmin olduğunu söylədi. Dedi ki, I qrup üzrə ali məktəbə  qəbul olmaq üçün müəllim yanına getməmişəm, ancaq  oxuduğum məktəbdə  hazırlaşmışam.  Sənədlərimi də "ADA" Universitetinin kompüter  elmləri ixtisasına verməyi  planlaşdırmışam.  Çalışacağam ki,  ölkəmiz  üçün  layiqli mütəxəssis olum.


Firuz ABDUYEV   

1998-ci ildə Bakı şəhərində anadan olub. I qrup üzrə 700 bal toplayan Firuz Abduyev bu il Türkiyə Diyanət Vəqfi-Bakı Türk Liseyini bitirib. 11 illiyi əla qiymətlərlə  bitirən Firuz sınaqlarda 690 bal topladığını qeyd edib. "Atam fizika müəllimi olduğu üçün 9, 10 və 11-ci siniflərdə mənimlə məşğul olub.  11-ci sinifdən isə kompleks olaraq məktəb müəllimləri ilə hazırlaşmışam. 

Bu gün belə bir uğur qazanmağımda müəllimlərimin  zəhməti çox böyük olub. Onlara "Azərbaycan müəllimi" qəzeti vasitəsilə minnətdarlığımı bildirirəm".


Nərmin ƏLİYEVA 

1998-ci ildə Sumqayıt şəhərində anadan olub.  2004-cü ildə Bakıdakı 153 nömrəli tam orta məktəbin  I sinfinə daxil olub.  2008-ci ildə isə  Türkiyə Diyanət Vəqfi  - Bakı Türk liseyinin V sinfinə qəbul olub.  Nərmin  digər şagird yoldaşları ilə  birlikdə  bilik yarışlarında, fənn olimpiadalarında iştirak   edərək I yerin sahibi olub.  O, yaxşı oxumaqla bərabər  I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamaq  üçün öz üzərində səylə çalışıb. Nəhayət ki, istəyinə nail olub.  Nərmin deyir ki,  mən 700 bal toplayacağıma  əmin  idim.  Çünki sınaq  imtahanlarında  yüksək  nəticə  əldə edirdim.  Qəbul imtahanlarında  bütün  testləri  düzgün cavablandırdım. Öz sahəm üzrə aparıcı mütəxəssislərdən  biri olmaq arzusundayam.


Asya MAHMUDOVA 

1996-cı ildə Zaqatala  rayonunun Əliabad qəsəbəsində  anadan olub. IV qrup üzrə 700 bal toplayan Asya Mahmudova  3 il Zaqataladakı "Modern" kurslarında  bir neçə dəfə 700 bal toplayıb. O, orta məktəbi  əla qiymətlərlə bitirib. Sənədlərini Tibb Universitetinin müalicə  işi fakültəsinə  vermək istəyir. Arzusu tanınmış həkim olmaqdır.

Asya onu da əlavə etdi ki, qazandığı nailiyyətlərə görə müəllimlərinə və valideynlərinə minnətdarlığını bildirir.


Arzu HƏSƏNLİ 

1999-cu ildə Bərdə şəhərində  anadan olub. 2004-cü ildə Bərdə  şəhər akademik Zərifə Əliyeva adına  məktəb-liseyin  I sinfinə daxil olub. Məktəbdə  keçirilən tədbirlərdə xüsusi fəallıq göstərib. Buraxılış imtahanlarından "5" qiymətlər alıb.  Ən çox  fizika və riyaziyyat fənlərinə maraq  göstərdiyi üçün   I ixtisas qrupunu  seçib  və 700 bal toplayıb. Sınaq imtahanlarında  da  yüksək nəticə göstərərək  670  bal toplayıb.  O,  yüksək nəticə əldə etdiyinə görə ona dəstək olan valideynlərinə və  müəllimlərinə öz minnətdarlığıni bildirir.  Ali təhsilini Bakı Ali Neft Məktəbində almaq və sonradan xaricdə davam etdirmək  arzusundadır.


Nurlan MƏCİDOV 

Bakı Türk Anadolu liseyinin məzunudur.  İlk təhsilini Bakıdakı 132 nömrəli  tam orta məktəbdə alıb.  Dördüncü sinifdə oxuyarkən  Bakı üzrə "İlin şagirdi" seçilib.  IV ixtisas qrupu üzrə  "Zəka"  kurslarında  iki il hazırlaşıb.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi sınaq imtahanlarında  670-680   bal toplayıb.  Yüksək bal toplayacağına inanıb.  Nurlan  imtahandan çıxanda yaxşı yazdığını  bilib.  Evə gəldikdən sonra düzgün cavabları yoxlayanda çox sevinib. İlk sevincini də anasıyla,  daha sonra sinif yoldaşları və müəllimlərilə bölüşüb.  Nurlan  sənədlərini  Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə vermək istəyir.  Çünki bacısı və qardaşı  tibb sahəsi üzrə  təhsil alırlar.  Onlar təhsillərini Türkiyədə davam etdirirlər. O da  gələcəkdə təhsilini xaricdə davam etdirmək arzusundadır. 


İsa  MƏMMƏDLİ 

1998-ci ildə Bakıda  anadan olub. 2015-ci ildə  Bakıdakı 163 nömrəli  tam orta məktəbi əla qiymətlərlə bitirib. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın  keçirdiyi  bilik viktorinalarında daim fəal iştirak edib və kapitanı olduğu komandada qalib olub.  Məktəbin "Şən və hazırcavablar"  klubunda ədəbi-bədii, vətənpərvərlik proqramlarının təşkilatçısı  və iştirakçılarından biri olub.  İsa Məmmədli  2013-cü ilin noyabrında  "Qürur  gənclərin  vətənpərvərlik  düşərgəsi"nin fəal iştirakçılarından olub və diplomla mükafatlandırılıb.  I ixtisas  qrupu  üzrə imtahandan  700 bal toplayıb.

İsa Məmmədli gələcəkdə  Bakı Ali Neft Məktəbinin  Neft-qaz mühəndisliyi fakültəsində, sonrakı təhsilini isə xaricdə davam etdirmək istəyir.


Nihad ABBASOV 

1999-cu ildə  Sumqayıtda anadan olub. 2015-ci ildə   Qubadlı rayonunun Aşağı Molu kənd tam orta məktəbini bitirib. Orta məktəbin IX  sinfini isə  fərqlənmə şəhadətnaməsi  ilə qurtarıb. Bu il   sınaq imtahanlarında 680-690 bal toplayıb. I qrup üzrə qəbul imtahanında 700 bal topladığını öyrəndikdə  isə çox sevinib. Qazandığı nailiyyətlərə görə orta məktəb müəllimlərinə minnətdarlıq edir.  Sənədlərini Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsinə vermək fikrindədir. Onun arzusu tanınmış mütəxəssis olub, elinə-obasına xeyir verməkdir.


Hazırladılar:
Şakir CƏFƏROV,  Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov