Naxçıvan
Dövlət Universitetində "Azərbaycan milli mətbuatı - 140"
mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü
ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq
vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140
illik yubileyinin keçirilməsi haqqında" 2 iyun 2015-ci
il tarixli sərəncamına, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10
iyun tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər
Planına əsasən Milli Mətbuat Günü muxtar respublikada da
silsilə tədbirlərlə qeyd olunur. Rektor müstəqil,
demokratik mətbuatın formalaşmasında ümummilli lider
Heydər Əliyevin misilsiz xidmətlərindən, milli
jurnalistikanın inkişaf strategiyasının ölkə başçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən,
Naxçıvan Dövlət Universitetində ali təhsilli jurnalist
kadrlarının hazırlanmasına və onların iş yerləri ilə
təmin olunmasına göstərilən dövlət qayğısından bəhs
edib. Rektor Naxçıvan Dövlət Universitetində Media
Mərkəzi şəklində cəmləşən "Qeyrət" nəşriyyatı, Mətbuat
şöbəsi, "Universitet" televiziyası və "Nuhçıxan"
radiosunun fəaliyyətlərini yüksək qiymətləndirib,
universitetin jurnalist əməkdaşlarını peşə bayramı
münasibətilə təbrik edərək mükafatlandırıb.
Konfransda universitetin tədris işləri üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə
"Naxçıvanda mətbuatın yaranması və inkişafı",
tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə
fəlsəfə doktoru, dosent İman Cəfərov "Azərbaycan
mətbuatı tarixində "Molla Nəsrəddin" mərhələsi",
universitetin "Qeyrət" nəşriyyatının direktoru, tarix
üzrə fəlsəfə doktoru Vaqif Məmmədov "Əkinçi" qəzetində
mətbuat və jurnalistika məsələləri", jurnalistika və
dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə
fəlsəfə doktoru Şəhla Şirəliyeva "Milli mətbuatın
inkişaf tarixi", "Universitet dünyası" muzeyinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru Abbas Hacıyev
"Müstəqillik illərində Naxçıvan mətbuatı", universitetin
Mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru Mehriban Sultan "Ümummilli lider Heydər Əliyevin
milli jurnalistikanın inkişafındakı xidmətləri"
mövzularında məruzələr ediblər. Məruzələrdə milli
mətbuatın Azərbaycanın ictimai-siyasi, elmi-mədəni
həyatında, milli şüurun formalaşmasında və bəşəri
dəyərlərin təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasındakı özünəməxsus rolundan danışılıb. Qeyd
olunub ki, milli mətbuat ictimai mühitin, milli
ideologiyanın, müstəqillik uğrunda mübarizənin
formalaşmasına xidmət edib. Azərbaycanda azad,
demokratik mətbuatın inkişafı ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin kütləvi
informasiya vasitələrinin maddi-texniki bazasının
gücləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi, ölkənin informasiya tələbatının
ödənilməsi, jurnalist kadrların yetişdirilməsi
istiqamətində apardığı məqsədyönlü siyasət bu gün də
uğurla davam etdirilir. Milli mətbuatın yaranmasının
130, 135 və 140 illiklərinin dövlət səviyyəsində qeyd
olunması, jurnalistlərin müxtəlif orden və medallarla,
fəxri adlarla təltif olunması, müxtəlif mətbuat
orqanlarına və informasiya agentliklərinə maliyyə
dəstəyi göstərilməsi, Naxçıvan Muxtar Respublikasının
timsalında regional jurnalistikanın nümunəvi inkişafı
buna parlaq sübutdur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |