Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi,
İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
akademik Rasim Əliquliyev Hesablama Texnikası
Assosiasiyasının (Association for Computing Machinery -
ACM) əməkdar üzvü seçilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ACM-in üzvlərinin 25
faizini təşkil edən əməkdar üzvlüyə iş təcrübəsi ən azı
10 il, davamlı peşəkar üzvlüyü beş il olan, yüksək elmi
nailiyyətləri ilə fərqlənən üzvlər seçilirlər.
1947-ci ildə əsası qoyulmuş ACM dünyanın kompüter
mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri
birləşdirən, hesablama texnologiyalarının inkişafına
dəstək verən, İKT üzrə mütəxəssislərin formalaşmasına
kömək edən ən böyük elm və təhsil cəmiyyəti hesab olunur.
ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək,
məlumatları paylaşmaq, mühüm problemləri araşdırmaq,
idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət
üzvlərinin şəxsi inkişafına, uğurlu karyera
qurmasına dəstək olur, professional şəbəkə imkanları
təmin etməklə üzvlərinin özünüinkişafına şərait yaradır.
|