Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

47-ci Beynəlxalq Kimya Olimpiadasına start verildi

 

Böyütmək üçün seçinİyulun 21-də Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi olub.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən olimpiadanın açılış mərasimində 75 ölkədən 292 olimpiadaçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Əvvəlcə 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edən komandalar təqdim olunub. Sonra olimpiada haqqında videoçarx nümayiş etdirilib.

Açılış mərasimində 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz PAŞAYEVA çıxış edərək dedi:

- 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarını, möhtərəm alimləri, dəyərli qonaqları salamlayır, hər birinizə "xoş gəlmisiniz" deyirəm.

Böyütmək üçün seçinBu əhəmiyyətli və fərəhli tədbirin prezidenti olmaqdan məmnunluq və şərəf hissi duyuram. Sevincimin, qürurumun əsas ilham mənbəyi isə burada əyləşmiş gənclər - olimpiada iştirakçılarıdır. Eşq olsun sizə!

Əziz uşaqlar, olimpiadanın şərtlərinə uyğun olaraq sizi müsabiqə, həqiqi yarış və əlbəttə ki, həyəcan dolu saatlar, anlar gözləyir. Şübhə etmirəm ki, sizlər artıq kimya elminə dair biliklərə yiyələnmiş, sağlam rəqabətə, həqiqi sınaqlara hazır olan gənclərsiniz. Əziz dostlar, əmin olun ki, bizim ölkədə olduğunuz müddət Azərbaycan, Bakı şəhəri, universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümidvaram ki, bu evin qonaqpərvərliyini, insanpərvərliyini, xeyirxahlığını bizimlə birgə olduğunuz hər bir an hiss edib, duyacaqsınız. Müsabiqənin obyektiv, ədalətli, yarış məkanının doğru, şəraitin tam uyğun olması üçün əlimizdən gələni əsirgəməmişik. Çünki sizin arzularla bizim arzular, sizin ümidlərlə bizim ümidlər, sizin qələbələrlə bizim qələbələr ayrılmazdır və bir vəhdət təşkil edir. Siz, gələcəyin kimyaçı alimləri qəlbinizdə daim dərk etmək, kəşf etmək hünərini, icad etmək, anlamaq ehtirasını, alovunu daşımalısınız. Bu istək, bu alov və bu həvəs heç zaman zəifləyib sönməməlidir. Bəşəriyyət addım-addım, mərhələ-mərhələ mövcud aləmi, dünyanı, təbiəti, kainatı öyrənməyə, izah etməyə can atıb, çalışıb və həmişə çalışacaq. Uğurlu gələcəyin saf qəlbli və aydın zəkalı insanlardan - alimlər ordusundan asılı olduğuna əsla şübhə etməyin. Şübhə etməyin ki, kəşf edilməmiş mətləblər, bu gün elm üçün sirr olan bir çox məqamlar sizin təqdimatınızı gözləyir.

Əziz dostlar, bu gün hamımız anlayırıq ki, planetimiz o qədər də böyük deyil. Məhz bu səbəbdən Bakı Olimpiadasının şüarını - "Həyat sanki böyük bir kimya laboratoriyasıdır", - deyə seçdik. Unutmayın ki, bu laboratoriyanın böyük bir hissəsi canlı təbiətdən - bizi yaradan və yaşadan təbiətdən ibarətdir. Təbiəti qorumaq gözəlliyi qorumaq deməkdir - gözəlliyi qorumaq həqiqəti qorumaq deməkdir, həqiqəti qorumaq mənəviyyatı qorumaq deməkdir, mənəviyyatı qorumaq isə bəşəriyyəti qorumaq deməkdir. Sizlər bu dəyərlərin daşıyıcıları olmalısınız. Çünki bu dəyərlər olmadan biliklər mənasız, elm məhdud və aciz, bəzən isə hətta təhlükəli ola bilər. Səxavətli, xeyirxah, geniş, humanist ürək və mərd, işıqlı, istedadlı zəka - budur ideal!

Dahi yazıçı Hötenin dediyi kimi, "Elm bütün insanlara mənsubdur və elmin milliyyəti olmur". Bu gün bu zalda 75 ölkəni təmsil edən 75 komanda əyləşib. Hər bir komandanın üzvləri daxilən və zahirən müxtəlif, ayrı-ayrı dillərdə danışan və dəyişik ənənələrə bağlı olan insanlardır. Eyni zamanda, bu gün bizi bir araya gətirən, birləşdirib bir komanda edən əvəzsiz amil göz qabağındadır. Məhz bu amil bizi bir ölkənin, sərhədsiz məmləkətin, ümumi məmləkətin vətəndaşlarına çevirir. Bu məmləkətin adı isə Elm, Təhsil və Mədəniyyətdir. Bu məmləkət sarsılmaz məmləkətdir. Onun öz simvolları da var. Məmləkətin bayrağı işıq, yəni, günəş, himni quşların, bülbüllərin nəğməsi,  ağacların  pıçıltısı,  dalğaların səsi, nişanəsi isə həyatın, varlığın özüdür.

Bir daha sevgi dolu ürəklə sizi salamlayır, gənc iştirakçılara uğurlu nəticələr, maraqlı anlar, xoş əhval-ruhiyyə, tükənməz həvəs, səbir, möhkəm iradə və daxili inam arzulayıram. İcazənizlə Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə 2015-ci ildə Bakıda, Azərbaycanda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edirəm!

Sonra Baş nazirin müavini İsmət Abasov, Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li  çıxış ediblər.

Çıxışlardan sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, kimya üzrə Nobel mükafatı laureatları Rudolf Artur Markus, professor Əhməd Zevayl, dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə, Merilənd Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü və ABŞ Milli Elmlər Akademiyasının üzvü Roald Saqdeyevin tədbir iştirakçılarına təbrik və videomüraciətləri ünvanlanıb. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov