Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Şamaxıda jurnalistlər üçün yay məktəbi keçirilib

 

İyulun 10-12-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə "Science Activity-2015" adlı yay məktəbi keçirilib.

AMEA-nın 70, Milli Mətbuatın 140 illik yubileyləri  münasibətilə jurnalistlər üçün keçirilən ikigünlük yay məktəbində ölkənin tanınmış media orqanlarının nümayəndələri iştirak ediblər. "Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015" layihəsi çərçivəsində təşkil olunan tədbirin məqsədi AMEA-nın fəaliyyətinin və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, akademiya ilə əməkdaşlıq edən jurnalistləri bu işə daha da stimullaşdırmaqdır.

Tədbiri giriş sözü ilə açan İƏEPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bildirib ki, AMEA-nın və Azərbaycan elminin sürətli inkişafı ölkə vətəndaşları tərəfindən yüksək rəğbətlə qarşılanır. Akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, alimlərimizin elmi göstəricilərinin yüksəldilməsinə zəmin yaradır. Bu gün cəmiyyətdə AMEA-nın və elmin təbliği, elmi istinad mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm işlər görülür.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Milli Mətbuatın 140 və AMEA-nın 70 illik yubileyləri ölkədə bayram səviyyəsində qeyd olunur. O, media işçiləri ilə akademiya və alimlər arasındakı sıx münasibətlərin əhəmiyyətini vurğulayıb. Altmış illik tarixə malik rəsədxananın fəaliyyətindən danışan N.Cəlilov bu qurumun fəaliyyətində inkişafa nail olmaq üçün kadr hazırlığının böyük əhəmiyyət daşıdığını bildirib. Akademik rəsədxananın son illər dövlət vəsaiti hesabına yenidən müasir dünya standartlarına uyğun təmir olunmasından və bu mühüm elmi obyektin Azərbaycan elmində əhəmiyyətindən danışıb.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova "Elmin təbliğində mətbuatın rolu" mövzusunda təqdimatla çıxış edib.

Yay məktəbinin ilk gününün yekununda jurnalistlər rəsədxanada teleskopla səma cismlərini müşahidə ediblər.

Yay məktəbinin ikinci günündə isə yeni media üzrə ekspert Ellada Mustafayeva təlim çərçivəsində "Sosial Media - Ənənəvi medianın online mediaya inteqrasiyası" mövzusunda təqdimatla çıxış edib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Daha sonra İƏEPİ-nin rəhbəri Zülfüqar Fərzəliyev çıxış edərək media orqanlarının nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda yay məktəbində iştirak edən jurnalistlərə AMEA-nın sertifikatları təqdim olunub.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov