Məhəmməd HƏSƏNQULİYEV,
Laçın rayonu Qarakeçdi kənd 1 nömrəli
tam orta məktəbin müəllimi, əməkdar müəllim
Qitə sözünün mənası haqqında şagirdlərdə təsəvvür
yaratmaq məqsədilə beyin həmləsi metodundan istifadə
edib aşağıdakı şəkildə sual-cavab aparılır:
1. Yer kürəsinin bölündüyü altı böyük quru hissəsi necə
adlanır?
(Qitə).
2. Coğrafi termin kimi bu sözün ifadə etdiyi leksik məna
ilə lirikanın qitə janrı arasında nə kimi məna yaxınlığı
var? (Coğrafi qitə qurunun hissələri, parçaları olduğu
kimi qitə janrında yazılmış şeirlər də lirikanın həcmcə
kiçik hissələri, parçaları, tikələridir).
3. Sizcə, qitə sözü hansı anlama gəlir? (Parça, hissə,
tikə anlamına gəlir).
4. Hansı kiçik şeir parçası qitə adlanır? (Qitə azı
iki beytdən ibarət və birinci beyti sonrakılarla
həmqafiyə olmayan kiçik şeirdir).
5. Qitə ilə qəzəlin ümumi oxşar və fərqli xüsusiyyətləri
hansılardır?
Bu mərhələdə əyani vəsaitlərdən istifadə olunur. Yazı
taxtasından üzərində iri hərflərlə yazılmış bir qəzəl və
bir qitə olan iki iri plakat asılır. Şagirdlər hər iki
şeir üzərində müqayisəli şəkildə müşahidə aparmaqla
asanlıqla cavab verərək deyirlər ki, qitənin
qafiyələnməsi qəzəlinki kimidir (birinci beyt istisna
olmaqla), qitə həcmcə kiçikdir, ən çox ictimai-siyasi
mövzuda yazılır, sonda müəllifin təxəllüsü göstərilmir
və s.
Müəllimin şərhi: Müəllim şagirdlərin bilik və
məlumatını daha da genişləndirmək üçün bildirir ki,
M.Füzulinin "Divan"larında qəsidələrdən əlavə qitə
janrında yazılmış şeirlər də mühüm yer alır. Dahi şair
bu qitələrdə öz düşüncələrini daha aydın və açıq ifadə
edir, geniş, uzun-uzadı ümumiləşmələrlə yox, konkret bir
obyektə üz tutub müraciət etməklə konkretləşdirir,
məsləhət və tövsiyələr verir. Bu baxımdan şairin
müəllimə məsləhətlə başlayan qitəsi səciyyəvidir.
"Ey müəllim, aləti təzvirdir əşarə
elm,
Qılma əhli-məkrə təlimi maarif,
zinhar.
Hiylə üçün elm təlimin qılan
müvsidlər,
Qətli-am üçün verir cəllada tiği
abidar".
Bu qitədə şair göstərir ki, məkr əhlinə elm öyrədən ona
baş kəsmək üçün qılınc verir.
Başqa bir qitəsində şair cahillə kamal əhlinin
aralarındakı ziddiyyəti, bir-birini inkar etməsini
məntiqi dəlillərlə elə izah edir ki, əlavə şərhə ehtiyac
qalmır:
Əhli kəmalə cahil əgər qədər qılmasa,
Məzurdur məlamətin bitmək rəva degil.
Cahil təbiətində məzaqi kamal yox,
Hər nəfsə irtidai- təbiət xəta
degil.
Ülfət həmişə fəri olur aşinalığın,
Cahil fəzilət əhli ilə aşina degil.
Göründüyü kimi, şair cahil mühitin kamal sahiblərinə
qiymət verməməsinin səbəbini açıqlayır, zalım fələyi
mərifət əhlini alçaldıb, cahilləri ucaldaraq hər
arzusuna çatdırmasından şikayətlənir.
Füzuli qitələri sayca azdır, lakin onların içərisində
məşhur "Padişahi-mülk..." qitəsi ədəbi-bədii dəyərinə
görə xüsusi önəmə malikdir. Şeirdə sənət və sənətkar
yüksək bədii zövqlə, bədii məntiqlə tərənnüm
edildiyindən, sənəti və sənətkarı müdafiə meyli
həddindən artıq güclü olduğundan bu qitə fəxriyyə
xarakteri daşıyır.
Bu məlumatdan sonra müəllim "Padişahi-mülk..." qitəsinin
məzmunu üzərində iş aparır. Bildirir ki, qitədə iki
surət, iki şəxs qarşılaşdırılır: hökmdar və şair. Füzuli
irsinin ən səciyyəvi və parlaq nümunələrindən biri olan
bu kiçik şeir incisi üç hissədən ibarətdir. Birinci
hissədə hökmdarın əməlləri, əldə etdikləri və aqibəti
bütün kəskinliyi ilə təsvir edilir. İkinci hissədə isə
şairdən, onun uğurlarından, qələbələrindən və hökmdarın
aqibətindən fərqli olan uğurlu taleyindən bəhs edilir.
Padşah-hökmdar qızıl, gümüş rüşvət verib qoşun toplayır
və yüz fitnə-fəsadla bir ölkə alır. Aldığı ölkələrdə
əmin-amanlıqdan, rahatlıqdan əsər-əlamət yoxdur. İşğal
olunmuş ölkənin əhalisi soyğunçuluğa məruz qalıb
talanır. Bir inqilab, çevriliş baş verdikdə, daha
doğrusu göylərin çarxının geri fırlanması nəticəsində
özü də məhv olur, ölkəsi də. Bu hissədə padşahların
apardığı işğalçılıq müharibələri kəskin tənqid edilir.
İkinci hissədə isə ölkənin hökmdarından tamamilə
fərqlənən, onun büs-bütün əksi olan bir adamdan, şeir
sultanı adlandırılan şairdən bəhs edilir. Bu şairin
yazdığı əsərlər hökmdarın qızıl-gümüşlə topladığı
qoşuna-əsgərlərə bənzədilir. Bu sözlər ilahi bir
qüvvətlə hərəkət edib get-gedə, tədriclə bütün quru
yerləri və dəryaları fəth edir. Lakin fəth etdiyi
yerlərdə-ölkələrdə heç kəsə ziyan yetirmir, vergi, xərac
istəmir, narahatlıq törətmir. Əksinə onlara zövq,
təsəlli verir, onlarda ədalətsizliyə, eybəcərliyə qarşı
nifrət oyadır. Şairlə hökmdarın qarşılaşdırılmasında
məqsəd sənətin hökmranlığının əbədi olmasını
bildirməkdir. Şeir-sənət sultanı olan şair yoxsuldur,
amma özünü fitnə-fəsadla, talançılıqla sərvət toplayan
padşahlardan varlı sayır, bilir ki, bir dəyişiklik baş
verən kimi onların hər şeyi heçliyə varacaqdır. Ona görə
də şair hökmdarın bəxşiş barədə təklifini qəbul etmir,
hesab edir ki, əbədi olanların çörəkdən ötrü heç
olanlara nökərçilik etməsi yaramaz:
Qılmasın dünyada sultanlar mənə
təklifi cud,
Bəs durur başımda tövfiqi-qənaət
əfsəri,
Hər cəhətdən fariğəm aləmdə haşa kim
ola,
Rizq üçün əhli-bəqa, əhli-fənanın
çakəri.
Qitənin üçüncü, nəticə hissəsində qənaətdən tac qoyan
şairin bu yenilməzliyindən danışılır.
"Padişahi-mülk..." qitəsinin məzmunu üzərində aparılan
işin davamı kimi geniş təhlilini vermək, mükəmməl
mənimsətmək məqsədilə şagirdlər tapşırıqlar üzərində
müstəqil işlədilir. Bunun üçün sinif üç qrupa bölünür
və qruplar adlandırılır: padşah-hökmdar qrupu,
şair-sultan qrupu, nəticə qrupu. Hər qrupa aşağıda
göstərilmiş sual və tapşırıqlar yazılan vərəqlər-
kartlar paylanır.
I qrup (padşah-hökmdar qrupu): 1."Padişahi-mülk..."
qitəsi neçə hissədən ibarətdir? 2."Padişahi-mülk
dinari dirhəm rüşvət verib, Fəthi kişvər qılmağa eylər
mühəyya ləşkəri" beytini nəsrlə ifadə et. 3."Yüz
fəsadi-fitnə təhrikilə bir kişvər alır, Ol dəxi
asari-əmnü istiqamətdən bəri" beytini nəsrlə ifadə et.
4."Göstərən saətdə dövrani-fələk bir inqilab, Həm özü
fani olur, həm ləşkəri, həm kişvəri" beytini nəsrlə
ifadə et. 5.Bu hissədə padşahların nəyi qələmə alınıb
kəskin bir dillə ifadə edilir?
II qrup (şair-sultan qrupu): 1.Əsərin ikinci hissəsində
kimdən danışılır? 2.Şairin yazdığı əsərlər nəyə
bənzədilir? 3.Yoxsul şairin sözləri nə edir, haraları
fəth edir? 4.Şairin söz ordusu tutduğu ölkələrdə nə iş
görür, necə təsir bağışlayır? 5."Gör nə sultanam məni
dərviş kimi feyzi-süxən, Eyləmiş iqbalımı əsari-nüsrət
məzhəri" beytini nəsrlə ifadə et. 6.Şair özünü sultan
adlandırmaqla nə demək istəyir? 7.Şairin padşahdan
üstünlüyü hansı misralarda əks olunub? 8."Hər sözüm bir
pəhləvandır, kim bulub təyiqi-həq, Əzm qıldıqca tutar
tədricilə bəhrü bəri" beytini nəsrlə ifadə et.
III qrup (nəticə qrupu): 1."...Qılmasın dünyada
sultanlar mənə təklifi-cud. Bəs durur başımda
tövfiqi-qənaət əfsəri" beytini şərh et. 2.Qənaətdən
tac qoyan şair əgər hökmdardan bəxşiş alıb ona
nökərçilik etsə, bu, nə iş olar? 3.Qeyd edildiyi kimi
bu qitə fəxriyyə xarakteri daşıyır, fəxriyyə nədir,
lirikada nəyin ünsürüdür? 4."Padişahi-mülk" qitəsi
Füzulinin məşhur "Şikayətnamə" məktubunu xatırladır,
onunla eyni vaxtda yazılıb deyirlər. Nə üçün, nəyə görə?
Qitənin dilində müasir oxucu üçün çətin anlaşılan çoxlu
ərəb və fars sözləri işlənmişdir. Əsərin oxusu və
məzmununun mənimsədilməsi mərhələsində lüğət üzərində iş
aparılır. Buna baxmayaraq qrupların təklif olunan
sualları cavablandıra bilməsi üçün ayrıca vərəqlərdə
aşağıdakı sözlərin lüğəti də təqdim edilir:
padişahi-mülk-ölkənin padşahı; dinaru-dirhəm-qızıl və
gümüş pul; fəthi-kişvər-ölkə tutmaq;
mühəyya-hazırlanmış; ləşkər-qoşun, ordu; fəsad-nifaq,
qarışıqlıq; asari-əmn-asayiş əlaməti; feyzi-süxən-sözün
faydası; məzhər-təzahür; təyidi-həq-Allahın köməyi;
mərsumi-məvacib-vergi və maaş; şuri-şər-qalmaqal, ziyan;
təklifi-cud-bəxşiş təklif etmə; tövfiqi-qənaət
əfsəri-qənaət yardımının tacı; farığ-asudə, azad;
rizq-azuqə; əhli-bəqa-əbədi olan; əhli-fəna-heç olan;
çakər-nökər; istiqamət-mətinlik, səbat.
Müəllim şagird və digər öyrənənlərin ədəbiyyat
nəzəriyyəsindən aldıqları biliklərini xatırlatmaq və
genişləndirmək məqsədilə müsahibə aparır:
1. Şeirimizin hansı vəznlərini tanıyırsınız? Cavab:
heca, əruz, sərbəst.
2. Heca və əruz vəznlərini şərtləndirən əsas aparıcı
xüsusiyyətlər hansılardır? Cavab: heca vəznində şeirin
bütün misralarında hecaların sayı eyni olur. Əruzda isə
bu funksiya uzun hecalar və vurğu ilə tənzim olunur,
hecaların sayı eyni olmaya da bilər.
"Padişahi-mülk..." qitəsinin əruzun rəməl bəhrində
yazıldığını dedikdən sonra müəllim rəməl bəhri haqqında
qısa şərh verir: "Rəməl" sözü ərəbcə dəvənin ləngərli
yerişindən, ritm və ahəngindən götürülmüşdür. Rəməl
bəhrində yazılan şeirlərdə bir əzəmət, bir vüqar özünü
göstərir. Klassik şairlərimiz öz dövrlərinə qarşı
narazılığını, qüssə və kədərini, daxili iztirablarını
ifadə etmək üçün rəməl bəhrini seçmişlər. Füzulinin "Söz",
"Heyrət ey büt..." qəzəlləri, Sabirin "Beynəlmiləl",
"Nədamət və şikayət" şeirləri, Vaqifin "Görmədim"
müxəmməsi rəməl bəhrində yazılmışdır. Rəməl bəhri
failatün, failatün, failatün, failün cüzlərinin təkrarı
və dəyişməsi yolu ilə yaranır.
Rəməl bəhri haqqında biliklərini möhkəmləndirmək
məqsədilə hər qrupa bəhrin cüzlərini əks etdirən diaqram
sxem təqdim edilir və tapşırılır ki, hər qrup özünə aid
beytləri sxem üzrə qəlibə vursun. Qitənin bir misrası
nümunə üçün sxemdə qəlibə salınır ki, əruzda sözlərin
hecalara bölünə bilməsi və sxemin bir bölümündən digər
bölümünə
fAilAtün |
fAilAtün |
fAilAtün |
fAilün |
Fəthi-kişvər |
qılmağa
ey |
lər mühəyya |
ləşkəri |
(bir cüzdən başqasına) keçməsini əyani şəkildə
görsünlər (bizim nümunədə "eylər" sözü).
Çalışmanın sinifdə başlanan və vaxt
çatışmazlığından tamamlanmayan hissəsi ev tapşırığı kimi
verilir. |