Sənan MUSTAFAYEV,
Azərbaycan Dövlət Neft Akademiyasının məsləhətçi
professoru, əməkdar elm xadimi
Müxtəlif
sənaye texnologiyaları üzrə kifayət qədər mühəndis
hazırlansa da bir sıra sənaye müəssisələri, onların
nəzdində olan elmi-tədqiqat və layihə qurumları mühəndis
çatışmazlığından şikayətlənir. Təhlil göstərir ki, bu
şikayətlər bir sıra hallarda bakalavrdan tam ali
təhsilli mütəxəssis hazırlığının gözlənilməsi ilə
əlaqədar olsa da, çox zaman bakalavr səviyyəsində
mühəndis hazırlığının tədris plan və proqramlarında
olan çatışmazlıqlarla izah oluna bilər.
Uzun illər təhsil sahəsində çalışan bir çox alim və
müəllimlərin fikrincə, təhsil ən yüksək ətalətli
fəaliyyət sahəsidir. Onun məzmun və tələblərini dəyişmək
üçün müəyyən vaxt lazımdır. Son illər ölkəmizdə təhsilin
səviyyəsinin yüksəlməsi üçün bir sıra tədbirlər
görülmüşdür. Bu öz effektini verir. Lakin tədris planı
bir tsikli başa çatmamış yeniləşir, mövcud proqramı tam
mənimsəməyən tələbə yeni tədris planı üzrə tələblərə
cavab vermək məcburiyyətində qalır.
Mühəndis hazırlığında olan bir sıra çatışmazlıqlara
aşağıdakıları aid etmək olar:
* Bakalavr tədris proqramlarının daha
çox nəzəriyyələşdirilməsi və praktiki biliklərə az yer
verilməsi;
* istehsalat təcrübələrinin
keçirilməsinə müəssisələrin laqeydliyi;
* tədris planlarının tərtibində bəzi
ixtisas kafedraları tərəfindən mütəxəssis hazırlığı üçün
zəruri olan fənlərdən çox öz kafedra maraqlarına
üstünlük verilməsi;
* tədris plan və proqramlarının
tərtibinə müvafiq sənaye müəssisələrinin cəlb
edilməməsi;
* ayrı-ayrı qrup ixtisasları üzrə
mühəndis hazırlığında vacib olan fənlərin mütəxəssisin
gələcək fəaliyyət sahəsinin tələblərinə kifayət qədər
cavab verməməsi və s.
Zənnimizcə, mühəndis hazırlığında hazırda mövcud olan
çatışmazlıqları aradan qaldırmaq üçün aşağıdakılar həll
olunmalıdır:
* Tələbənin birinci kursdan
başlayaraq ümummühəndis istehsalat təcrübələrinin
keçməsi. Belə təcrübələr tədris illərində müxtəlif
sənaye və ya ali təhsil müəssisələrində yaradılan
emalatxanalarda keçirilə bilər (belə emalatxanalar həm
də elmi-tədqiqat işləri üçün yardımçı rolu oynaya
bilər). Təcrübələrə praktiki təcrübəsi olan ali
təhsilli mütəxəssislər rəhbərlik edə bilər. Ali
məktəblərdə emalatxanaların yaradılması və təcrübələrin
aparılması mühəndis hazırlığı üçün ayrılan vəsaitlərdə
əksini tapmalıdır.
* Tədris planlarını tərtib edərkən
ayrı-ayrı qrup ixtisaslar üçün vacib fənlərin siyahısı
və onlara ayrılan vaxtın müəyyən edilməsi. Bu məsələnin
həllinə ali məktəblərin təcrübəli müəllimləri ilə
yanaşı, müxtəlif istehsalat sahələrinin
mütəxəssislərinin də cəlb edilməsi. Bunun üçün Təhsil
Nazirliyində tədris plan və proqramları üzrə
komissiyalar yaradılmalıdır.
* Sənaye texnologiyalarının sürətli
inkişafini nəzərə almaqla ali məktəblərə yeni
texnologiyaların tədrisi üzrə qərar qəbul etmək
səlahiyyətinin verilməsi nəzərdə tutulmalıdır.
* Tədrisdə tam şəffaflıq təmin
olunmalıdır.
Tədris proqramlarına qoyulan ümumi tələblər Təhsil
Nazirliyi tərəfindən təsdiq edilməli, onun praktiki
icrasının təmini isə (tədris növləri üzrə və ya mövzular
üzrə saatların ayrılması və s.) aparıcı ali məktəblərə
həvalə edilməlidir.
Ali məktəblərdə elmi fəaliyyətin genişləndirilməsində
və elmi-pedaqoji kadrların hazırlanmasında böyük rol
oynayan vaxtilə aparıcı ali məktəblərdə yaradılan
problem laboratoriyaların fəaliyyəti üçün vəsait
ayrılmadığından onların çoxunun fəaliyyəti dayanıb.
Hesab edirik ki, ümumi büdcədə çox da böyük yer
tutmayan vəsait nəzərdə tutulmalı və həmin
laboratoriyaların bərpası təmin edilməlidir. Bu
laboratoriyalar eyni zamanda magistr hazırlığının da
yaxşılaşdırılmasında ciddi rol oynaya bilər.
Ali məktəblərimizdə mütəxəssis hazırlığı Bolonya
prinsipinə uyğun aparılır. Lakin bir sıra fənlər üzrə
laboratoriya avadanlığının köhnəlməsi və ya heç olmaması
digər ölkələrlə tələbə mübadiləsi etməyə imkan vermir.
Doğrudur, Azərbaycan dövləti mühəndis kadrları
hazırlayan Azərbaycan Texniki Universitetinin,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
maddi-texniki bazasının genişləndirilməsi və
təkmilləşdirilməsi sahəsində xeyli tədbirlər həyata
keçirmişdir. Lakin bu tədbirlərin davam etdirilməsi,
xüsusən vaxtı ilə bir çox ölkələrdə brend kimi qəbul
edilən Azərbaycan Dövlət Neft Akademiyasının qazanılmış
brendinin qorunub, möhkəmləndirilməsi üçün məqsədyönlü
tədbirlər görülməli, vəsait ayrılmalıdır. |