Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata
görə, Britaniya Şurası (British Council) ölkəmizdəki
tərəfdaşı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə
birgə Avropa İttifaqının maliyyə dəstəyi ilə "Bərabər və
məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar" (IDEAS)
layihəsi həyata keçirir. 2013-cü ilin aprel ayından
başlamış və 2015-ci ilin oktyabr ayınadək davam edəcək
layihənin əsas məqsədlərindən biri xüsusi qayğıya
ehtiyacı olan insanlarla bağlı QHT-lərin yerli dövlət
qurumları ilə əməkdaşlığının möhkəmlənməsinə nail olmaq,
həmin insanların hüquqlarının müdafiəsini təmin etmək və
eyni zamanda təhsil hüquqlarının bərpa olunması
sahəsində maarifləndirmə işini təşkil etməkdən
ibarətdir.
İyulun 6-da layihənin pilot mərhələsi çərçivəsində baş
tutacaq təlimlərin açılış mərasimi olub.
Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir
müavini Məhəbbət Vəliyeva, BŞTİ-nin İnkişaf layihələri
sektorunun müdiri Lamiyə Şərəfxanova, British Council-ın
Təhsil və cəmiyyət layihələri üzrə meneceri Nərgiz
Hüseynova, IDEAS layihəsinin Azərbaycan üzrə
koordinatoru Səbinə Quliyeva, "Access bank"ın PR
meneceri Nigar Məmmədova iştirak ediblər. Tədbirdə
layihənin, eləcə də layihə çərçivəsində keçirilməsi
nəzərdə tutulan kursların əhəmiyyəti qeyd olunub. Elə
həmin gün sözügedən kurslara start verilib. İyulun 9-dək
davam edən kurslarda Bakı şəhərində yerləşən 50
qabaqcıl və yeniliyə açıq olan ümumi təhsil
müəssisəsinin direktorları iştirak ediblər. Onlara
inklüziv təhsilin əsas fəlsəfəsi, beynəlxalq təcrübənin
və modellərin təqdim edilməsindən ibarət 2 günlük
təlimlər keçirilib.
Təlimlərin keçirilməsində əsas məqsəd "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"ndan irəli gələn xüsusi qayğıya ehtiyacı
olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması
ilə bağlı dövlətin həyata keçirdiyi islahatlara dəstək
verilməsindən ibarətdir.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |