Azərbaycan Dillər Universitetində 2015-2016-cı tədris
ilindən ayrıca struktur kimi magistratura və
doktorantura fakültəsi fəaliyyət göstərəcək. Bu barədə
universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun
rektoru, Milli Məclisin deputatı, professor Səməd
Seyidovun 17 iyun 2015-ci il tarixli 66 saylı əmri olub.
Dekanlıq ali təhsil müəssisəsinin fakültəsi haqqında
əsasnamənin şərtlərinə uyğun şəkildə fəaliyyətə
başlayacaq. Ölkəmizdə təhsilin ikinci və üçüncü
pillələrində, yəni magistratura və doktoranturada
məzunlara elmi dərəcə verildiyinə, onlar müdafiə
etdikləri tədqiqat işlərinin nəticələrinə uyğun olaraq "magistr"
və "fəlsəfə doktoru" elmi dərəcələri aldıqlarına görə
magistratura pilləsinin universitetdə beş fakültənin
nəzdində fəaliyyət göstərməsi kimi yeknəsəkliyi aradan
qaldırmaq məqsədilə hər iki pillənin bir qurumda
birləşdirilməsinin daha faydalı və effektli olması
rəhbərlik tərəfindən məqsədəuyğun hesab edilib.
Fakültə özündə birləşdirdiyi pillələr üzrə tədris
prosesinin təşkilinə, dərs yüklərinin ayrı-ayrı
kafedralar üzrə bölünməsinə, cədvəllərin hazırlanmasına
nəzarət edəcək. Bununla yanaşı, dekanlıq I kursa daxil
olmuş magistrantların dissertasiya işlərinin
mövzularının təsdiqi, eyni zamanda II kursun sonunda
həmin tədqiqat işlərinin müdafiəsi ilə bağlı bütün
işlərin həlli məsələlərinə cavabdehdir. Yeni fakültəyə
universitetin ingilis dilinin üslubiyyatı kafedrasının
baş müəllimi Zərinə Aslanova rəhbərlik edəcək.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən universitetdə
magistratura şöbəsinin fəaliyyətinə ümumi nəzarət Elmi
hissə tərəfindən həyata keçirilməyə başlayıb.
Magistratura şöbəsi Elmi hissənin tabeliyinə verildikdən
sonra bir sıra işlər həyata keçirilib. Bunlardan
magistrantlar üçün elmi-metodiki vəsait hazırlanıb nəşr
edilərək bütün dekanlıqlara, kafedralara və magistrlərə
paylanılması, elə ilk gündən dissertasiya işlərinin
mövzularının təsdiqi, elmi rəhbərin təyin olunması və s.
məsələlərin həyata keçirilməsini tənzimləyən
koordinasiya şurası fəaliyyətə başlayıb.
Onu da bildirək ki, ADU-da 300-dən artıq magistrant,
200-dən artıq doktorant təhsillərini, eyni zamanda elmi
tədqiqat işləri sahəsində fəaliyyətlərini davam
etdirir.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti |