Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Təhsilin təmayüllər üzrə təşkili zamanın tələbidir

 

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovla müsahibə 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

y.aliyev@muallim.edu.az
 

Böyütmək üçün seçinSon illər ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlar çərçivəsində tətbiq olunan yeniliklərdən biri də ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinə başlanılmasıdır. Geniş ictimaiyyətin də təqdir etdiyi bu yenilik təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və onların növbəti dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun ötən ay imzaladığı əmrlə daha geniş tətbiq mərhələsinə qədəm qoymuşdur. Bəs nazirliyin sözügedən əmri ilə müəyyən olunmuş pilot məktəblərində eksperimentin uğurla davam etdirilməsi üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulur? Hazırda təhsil ictimaiyyətində maraq doğuran bu məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovla görüşdük. 

- Aydın müəllim, istərdik öncə tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinin zəruriliyi və mahiyyəti haqqında danışasınız.

- Əvvəla onu deyim ki, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit edilmişdir. Təhsilin təmayüllər üzrə təşkilini ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan ciddi addımlardan biri kimi qiymətləndirmək lazımdır. Təmayülləşmə müvafiq fənləri əhatə edən təhsil sahələri üzrə bilik və bacarıq səviyyəsi ilə fərqlənən şagirdlərin istedadlarının, potensial imkanlarının, meyil və maraqlarının reallaşmasına, onların ümumi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən prosesdir.

Şübhə yoxdur ki, ümumi təhsil pilləsində oxuyan şagirdlərin heç də hamısı təhsilalma bacarıqlarına görə eyni səviyyədə deyildir. Ona görə də məlum məsələdir ki, ümumi təhsilin son səviyyəsində ümumi orta təhsili uğurlu nəticələrlə başa vuran, xüsusi qabiliyyət nümayiş etdirən, gələcəkdə təhsillərini ali məktəblərdə davam etdirməyə qadir olan istedadlı şagirdlər təhsil almalıdır. Zənnimcə, bu, ədalətli yanaşmadır və müzakirə mövzusuna çevrilməməlidir.

- Səhv etmirəmsə, potensial imkanlarına, meyil və marağına görə şagirdlərin seçilməsi, belə şagirdlərdən ibarət təmayüllü siniflərin təşkili təcrübəsi əvvəllər də mövcud olmuşdur.

- Elədir. Əsasən, ötən əsrin 70-ci illərindən etibarən keçmiş Sovetlər birliyində, eləcə də Azərbaycanda istedadlı uşaqların üzə çıxarılmasına, onların təhsilinin xüsusi tədris planı və proqramlar əsasında təşkilinə, ayrı-ayrı fənlər dərindən öyrədilən siniflərin, habelə təhsil müəssisələrinin yaradılmasına diqqət yetirilməyə başlandı. Lakin onların şəbəkəsi o qədər də geniş deyildi. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra bu məsələlər geniş vüsət aldı, bilik və bacarıqları ilə fərqlənən şagirdlərlə iş sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi təhsil sahəsində əsas prioritet istiqamətlərdən birinə çevrildi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin "Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır" proqram xarakterli tarixi müddəası bu istiqamətdə aparılan işlərə böyük stimul verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 17 aprel 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"na uyğun olaraq, ölkəmizdə yeni tipli təhsil müəssisələrinin, yəni lisey və gimnaziyaların, ümumtəhsil məktəblərinin nəzdində lisey siniflərinin geniş şəbəkəsi yaradıldı və davamlı olaraq inkişafı təmin edildi.   

- 2009-cu ildə "Təhsil haqqında" Qanunun qəbul olunması tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinə hüquqi zəmin yaratdı. İstərdik ki, bu istiqamətdə görülən təşkilati tədbirlər haqqında danışasınız.

- Bayaq dediyim kimi, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq edilməsi Azərbaycan təhsilində mühüm yenilik və uğurlu bir addımdır. Bununla belə, təmayülləşmə elə də sadə proses deyildir və onun tətbiqi üçün bir sıra təşkilati-pedaqoji tədbirlərin həyata keçirilməsi zəruri məsələ kimi meydana çıxır.

Məlum olduğu kimi, "Təhsil haqqında" Qanunda 9 illik ümumi orta təhsil icbari təhsil müddəti kimi təsbit olunmuşdur və ölkəmizdə icbari ümumi orta təhsil üzrə ilk buraxılış 2016-2017-ci dərs ilinə təsadüf edəcəkdir. Həmin buraxılışın ilk məzunları 2008-2009-cu dərs ilində yeni təhsil proqramları (kurikulumları) ilə təhsilə cəlb olunmuş şagirdlər olacaqdır. Yalnız bundan sonra təmayülləşmənin bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur.

Bununla belə, Qanunun qəbulundan sonra nazirliyin rəhbərliyi tərəfindən belə bir fikir irəli sürüldü ki, təmayülləşməyə kütləvi şəkildə keçməmişdən əvvəl bu prosesə müvafiq hazırlıq işləri aparmaq, təmayülləşmə barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaq üçün pilot məktəblər vasitəsilə sınaq aparılsın. Bu haqda eyni zamanda təhsil mütəxəssisləri və ekspertlərlə müəyyən müzakirələr təşkil olundu. Nəticə olaraq Təhsil Nazirliyi tabeliyindəki 5 təhsil müəssisəsi - Bakı Avropa Liseyi, akademik Zərifə Əliyeva adına lisey,  Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Fizika-riyaziyyat və informatika təmayüllü lisey və İlyas Əfəndiyev adına "Elitar" gimnaziya pilot müəssisələr kimi seçildi. Həmin müəssisələrin müəllimləri, şagirdləri və valideynlər arasında təhsilin təmayülləşməsinin mahiyyəti və məqsədi  barədə geniş izahat, maarifləndirmə işləri aparıldı. Şagirdlərin təmayül istiqamətləri üzrə meyil və maraqları nəzərə alınmaqla siniflər üzrə komplektləşdirilməsi aparıldı.

Müxtəlif təmayüllər (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət) üzrə tədris planları, proqramlar hazırlandı və 2011-2012-ci dərs ilindən pilot layihə tətbiq olunmağa başlandı. Sonrakı illərdə "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzi, Kimya-biologiya təmayüllü lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot müəssisələr sırasına daxil edildi.

- Yəqin ki, əldə olunan nəticələr təhlil edilib, müvafiq müzakirələr aparılıb.

- Əlbəttə. Təmayülləşmənin tətbiq edilməyə başlandığı 2011-2012-ci dərs ilinin sonunda pilot məktəblərin direktorlarının nazirlikdə hesabatları dinlənildi. Belə bir yekdil rəy bildirildi ki, tam orta təhsil səviyyəsində fənlərin sayının azaldılması, təmayül fənlərinin tədrisinə ayrılan həftəlik dərs saatlarının miqdarının nəzərəçarpacaq dərəcədə artırılması və beləliklə də təhsilin şagirdlərin meyil və maraqları əsasında təşkili  həm şagirdlər, həm də valideynlər tərəfindən müsbət qarşılanır. Belə bir fikir də səsləndi ki, təmayülləşmənin tətbiqi ilə repetitor xidmətindən istifadə halları tam aradan qaldırılmasa da, qismən azalmışdır.

Bir cəhəti də qeyd etmək istərdim: təmayül istiqamətləri üzrə tədris planları hazırlanarkən onların hər birində "Azərbaycan dili", "Ədəbiyyat", "Azərbaycan tarixi", "Fiziki tərbiyə", "Gənclərin çağırışaqədərki hazırlığı" fənlərinə müəyyən saat ayrılmışdır.

Ulu öndər Heydər Əliyev təhsillə bağlı nitq və çıxışlarında hər zaman xüsusi qeyd edirdi ki,  bizim uşaqlarımız doğma ana dilimizi, ədəbiyyatımızı, tariximizi mükəmməl öyrənməli və bilməlidirlər. Ona görə də bu tədris planları tərtib edilərkən ulu öndərin tövsiyələri proqram xarakterli müddəalar kimi nəzərə alınmışdır. Qeyd edilən fənlərin təmayüllər üzrə tədris planlarına daxil edilməsi, eyni zamanda, şagirdlərin dünyagörüşünün genişlənməsinə, fiziki sağlamlıqlarının mühafizəsinə, bir çox həyati bacarıqlara yiyələnməsinə etibarlı zəmin yaradır.  

- Növbəti dərs ilindən daha 50 məktəb təmayülləşmənin tətbiq olunduğu pilot məktəblər sırasına daxil edilmişdir. Bu məktəblər hansı kriteriyalar əsasında seçilib?

- Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi təşəbbüsü hörmətli nazirimiz tərəfindən irəli sürülmüşdür. Onun tapşırığı əsasında bu məsələ bir neçə dəfə işgüzar müzakirə olunmuş, mütəxəssis rəyləri dinlənilmişdir. Nəticə etibarilə əlavə olaraq nazirliyin birbaşa tabeliyindəki 4, Bakı şəhərindən 33, Sumqayıtdan 5, Mingəçevirdən 4, Gəncədən 3, Şirvandan isə 1 məktəb pilot məktəblər sırasına daxil edilmişdir.

Həmin məktəblər müəyyənləşdirilərkən bu müəssisələrdə bir neçə paralel IX siniflərin olması, məktəbin infrastrukturunun, ilk növbədə maddi-tədris bazasının hazırkı tələblərə cavab verməsi, bunlarda peşəkar səviyyəli və təcrübəli fənn müəllimlərinin çalışması, eləcə də məktəblərə rəhbərlik edən şəxslərin idarəetmə sahəsində səriştə və bacarığı vacib şərtlər kimi nəzərə alınmışdır.

Eyni zamanda bir sıra digər zəruri təşkilati tədbirlər həyata keçirilmişdir. Belə ki, yerli təhsili idarəetmə orqanları tərəfindən valideyn və şagirdlərlə izahedici, maarifləndirici tədbirlərin təşkili təmin olunmuş, məktəb rəhbərləri ilə təlimati seminarlar keçirilmişdir. Eləcə də Bakı şəhərində həmin pilot məktəblərin direktorlarının iştirakı ilə müşavirə aparılmış, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir. Bunlarla yanaşı, təmayül istiqamətləri üzrə tədris planları və proqramları yenidən baxılaraq təkmilləşdirilmişdir.

Yeni pilot məktəblərinin siyahısı və tədris planları Azərbaycan Respublikası təhsil nazirinin 08 iyun 2015-ci il tarixli 644 nömrəli əmri ilə təsdiq edilmişdir. Həmin əmrdə eyni zamanda layihənin həyata keçirildiyi müddətdə məktəb rəhbərlərinə və yerli təhsili idarəetmə orqanlarına metodik köməklik göstərilməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün dərs ili ərəfəsində öyrədici təlimlərin keçirilməsi xüsusi qeyd edilmişdir.

Bir məsələni də deyim ki, həmin əmrə görə, təmayül sinifləri minimum 20 nəfərdən ibarət tərkibdə komplektləşdirilməlidir. Lakin həmin siniflərdə şagirdlərin sayı artıq da ola bilər. Həm də vacib deyil ki, hər hansı bir pilot müəssisəsində müəyyən edilmiş 4 təmayül istiqamətinin hər biri üzrə siniflər təşkil edilsin. Direktorlara bildirilib ki, təmayül sinifləri komplektləşdirilərkən şagirdlərin aidiyyəti istiqamət üzrə meyil və maraqları, istedadları başlıca amil kimi nəzərə alınmalıdır.

Pilot məktəblərin direktorlarını ciddi maraqlandıran bir məsələyə də aydınlıq gətirmək istərdim: həmin müəssisələrdə  bu və ya digər təmayülə cəlb olunmayan uşaqlar adi siniflərdə komplektləşdirilməli, onların təhsili mövcud tədris planı və proqramları əsasında həyata keçirilməlidir. Bununla əlaqədar qarşıya müəyyən problemlər çıxarsa, onlara fərdi qaydada baxılıb müvafiq tədbir görüləcəkdir.

Ümid edirik ki, pilot müəssisələrində təmayülləşmənin tətbiqi Təhsil Nazirliyinin, eləcə də yerli təhsili idarəetmə orqanlarının dəstəyi ilə uğurlu alınacaq və gələcəkdə ölkə üzrə təmayülləşməyə kütləvi keçid üçün etibarlı zəmin yaradacaqdır.

- Müsahibə üçün təşəkkür edirik.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov