Bakı Slavyan Universitetində birinci Avropa Oyunlarında
fəal iştirak etmiş universitet könüllüləri ilə görüş
keçirilib. BSU-nun rektoru, professor Asif Hacıyev
birinci Avropa Oyunlarının tarixi və milli əhəmiyyətini,
bu Oyunların ölkəmizin dünya miqyasında böyük uğuru
olmasını qeyd edib. Rektor Prezident İlham Əliyevin və
ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban
xanım Əliyevanın gənclərə göstərdiyi qayğıdan və
oyunlarda könüllülərin fəaliyyətinin onların bir
vətəndaş, mütəxəssis kimi formalaşmasında böyük
əhəmiyyətindən danışıb. Qeyd olunub ki, birinci Avropa
Oyunlarında BSU-nun 1077 tələbəsi 215 istiqamət üzrə
fəal iştirak edib. Rektor könüllülərə təşəkkürünü
bildirib və onların birinci Avropa Oyunları zamanı
qazandıqları təcrübədən universitetdəki ictimai işlərdə,
ümumən gələcək fəaliyyətlərində uğurla istifadə
edəcəklərinə əmin olduğunu söyləyib.
Görüşdə könüllülər öz fəaliyyətləri haqqında danışıb,
birinci Avropa Oyunları barədə xatirələrini və
təəssüratlarını bölüşüblər. Avropa Oyunlarının
könüllüləri kimi iştiraklarından qürur duyduqlarını
bildirən tələbələr bu təcrübənin onların idarəçilik
qabiliyyətinin, dünyagörüşlərinin, dil biliklərinin və
s. inkişafında böyük rol oynayacağını vurğulayıblar.
Könüllülər xarici qonaqların Bakının əsrarəngiz
gözəlliyinə, şəhərimizin yüksək səviyyədə inkişafına
valeh olduqlarını və Azərbaycandan xoş təəssüratlarla
ayrıldıqlarını qeyd ediblər.
Görüş zamanı BSU-nun rektoru "Təhsil aldığı müəssisənin
Tələbə Gənclər Təşkilatında göstərdiyi uğurlu
fəaliyyətə" görə universitetin yeddi tələbəsinə Gənclər
və İdman Nazirliyi və ATGTİ-nin diplomlarını təqdim
edib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |