Adətən mətbuatı dördüncü hakimiyyət də
adlandırırlar. Ölkəmizin bütün sahələrində olduğu kimi,
mətbuatda da xidmətləri olan və fədakarlıq göstərən
xanımlar çoxdur. Naxçıvan Muxtar Respublikasında belə
kadrlar arasında hələ ötən əsrin sonlarından başlayaraq
Surə Namidar qızı Seyidin adı xüsusi olaraq çəkilir.
O, Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açmış
və buradakı 39 nömrəli Dəmiryol orta məktəbində təhsil
almışdır. Mətbuata və yaradıcılığa olan marağı onu
Naxçıvan Dövlət Universitetinin filologiya ixtisasına
gətirib çıxarmışdır. Tələbəlik illərində təhsil əlaçısı
və ictimaiyyətçi kimi kollektivdə müəllimlərinin və
rəhbərliyin diqqətini cəlb edən Surə Seyid 1998-ci ildə
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və
ədəbiyyatı ixtisası üzrə bakalavr və 2000-ci ildə
magistratura pillələrini fərqlənmə diplomu ilə
bitirmişdir. Rektorluq tərəfindən Surə xanıma yüksək
etimad göstərilərək universitetin mətbuat xidmətinin
rəhbəri kimi məsul bir vəzifəyə işə götürülmüşdür. O,
paralel olaraq Naxçıvan Dövlət Universitetində nəşr
olunan "Fikir" jurnalının redaktorluğunu da icra
etmişdir. 2001-2005-ci illərdə Naxçıvan Şəhər İcra
Hakimiyyətinin mətbu orqanı olan "Nuh yurdu" qəzetinin
baş redaktoru vəzifəsində çalışan Surə Seyid geniş
mətbuat təcrübəsi qazanmışdır.
Gənc və istedadlı kadr olan Surə Seyidin fəaliyyəti
Naxçıvan Dövlət Universitetinin rektorluğu tərəfindən
dəyərləndirilmiş və o, 2002-ci ildə jurnalistika və
dünya ədəbiyyatı kafedrasının müəllimi təyin olunmuşdur.
Az sonra 2006-cı ildə ona həmin kafedranın müdir əvəzi
və 2008-ci ildən isə müdiri vəzifəsi etimad
göstərilmişdir.
Surə xanım bu məsul vəzifələrlə yanaşı, 2006-cı ildən
yeni yaradılmış universitet televiziyasına da (UTV)
rəhbər təyin olunmuşdur. Ötən müddətdə hazırlanan bir
çox verilişlərin, eləcə də dörd sənədli filmin
rejissorluğunu edən Surə Seyid medianın televiziya
qolunda da yaradıcılığını uğurla sınaqdan keçirmişdir.
İşinin miqyasının belə genişliyi müqabilində gənc Surə
Seyid "Şərq qapısı" qəzeti və Naxçıvan ədəbi mühiti"
adlı dissertasiya işi üzərində də çalışmış və 2008-ci
ildə Naxçıvan Dövlət Universitetinin İxtisaslaşdırılmış
Dissertasiya Şurasında elmi işini müvəffəqiyyətlə
müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti
Yanında Ali Attestasiya Komissiyası tərəfindən
filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq
görülmüşdür. Onun elmi rəhbəri akademik İsa Həbibbəyli,
rəsmi opponentləri fəlsəfə üzrə elmlər doktoru,
professor İslam Ağayev, filologiya üzrə fəlsəfə doktoru
Allahverdi Məmmədov, professor Kamran Məmmədov,
professor Adil Babayev və digər tanınmış alimlər
dissertasiya işini yüksək dəyərləndirmişlər.
Surə Seyid Naxçıvan Dövlət Universitetinin Elmi
Şurasının 16 iyul 2010-cu il tarixli qərarı ilə çapa
tövsiyə olunan "Şərq qapısı" qəzeti və Naxçıvanda ədəbi
mühit" adlı monoqrafiyasını Bakıda "Elm və təhsil"
nəşriyyatında kütləvi tirajla çap etdirmişdir.
Monoqrafiyanın Naxçıvan mətbuat tarixi üçün xüsusi
əhəmiyyətini kitaba yazılan rəylər və göndərilən
məktublar da ifadə edir. Naxçıvan mətbuat tarixinə dair
qiymətli araşdırma Rusiya Jurnalistlər və Yazıçılar
ittifaqlarının üzvü, Naxçıvan MR-in əməkdar jurnalisti,
professor Rudolf İvanovun da diqqətini cəlb etmiş və
onun kitabla bağlı düşüncələri monoqrafiya üçün
göndərdiyi rəy-məktubda öz əksini tapmışdır.
Surə Seyidin mətbuatla bağlı apardığı araşdırmaları
bununla yekunlaşmamış, o, jurnalistika ixtisasının
tələbələri üçün xüsusi əhəmiyyət kəsb edən bu tarixin
tədris planına salınaraq seçmə fənn kimi tədris
olunmasına nail olmuşdur. Universitet rəhbərliyinin
razılığı əsasında magistratura şöbəsinin Mətbuat tarixi
ixtisasının tədris planına "Naxçıvanda Kütləvi
İnformasiya Vasitələri tarixi" adlı seçmə fənn əlavə
olunmuş və Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən verilmiş qrifə uyğun olaraq "Naxçıvanda
mətbuatın inkişaf tarixi" adlı dərs vəsaiti nəşr
olunmuşdur. Qeyd edək ki, bu mənbə Naxçıvan Dövlət
Universitetində oxuyan tələbələr və ziyalılar üçün
yeganə qiymətli elmi mənbədir.
Elmi və təcrübi imkanları geniş olan Surə Seyid
mətbuatla bağlı elmi axtarışlarını davam etdirmək
məqsədilə doktorluq dissertasiyası üçün "Azərbaycanda
internet jurnalistikası: yaranması və inkişaf
istiqamətləri" mövzusunu seçmişdir. Hazırda o, bu
istiqamətdə elmi axtarışlarını davam etdirir.
Bundan əlavə o, NDU-da buraxılan çoxtirajlı "Yeni fikir"
qəzetinin ilk redaktoru kimi fəaliyyəti ilə də həm
pedaqoji kollektivin, həm də çoxsaylı tələbələrin
sevgisini qazanmışdır.
2011-ci ilin sonlarında filologiya üzrə fəlsəfə doktoru,
dosent S.Seyidə Naxçıvan Dövlət Universitetinin tədris
işləri üzrə prorektor vəzifəsi həvalə olunmuşdur.
Ötən qısa müddət ərzində çalışdığı ali təhsil ocağında
tədrisin kredit sisteminə uyğunlaşması, Bolonya
prosesinə keçid və tədrisdə yeni texnologiyaların
tətbiqi Surə Seyidin fəaliyyətinin aparıcı
istiqamətlərini təşkil etmişdir. Cənubi Koreyanın KOİCA
şirkəti ilə birgə həyata keçirilən uğurlu layihələrdən
olan "Naxçıvan Dövlət Universitetində elektron təhsil
şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu"
layihəsinin həyata keçirilməsində Surə Seyidin birbaşa
əməyi olmuşdur. Layihənin tərkib hissələrindən olan
akademik idarəetmə, elektron təhsil və elektron sənəd
dövriyyəsi kimi bölmələrin hazırlanması işinin həyata
keçirilməsi birbaşa onun fəaliyyətinin nəticəsidir. O
layihə çərçivəsində Cənubi Koreya Respublikasında olmuş,
bu sahədə Koreya təcrübəsini mükəmməl öyrənmişdir. Eyni
zamanda Naxçıvan Dövlət Universitetinə dəvət olunmuş
koreyalı mütəxəssislərin köməyilə bu sahədə kadrların
hazırlanmasına çalışmış, buna nail olmuş, özü də zəngin
təcrübə qazanmışdır.
O, Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Mətbuat
Şurasının üzvü kimi də dövlət və media münasibətlərinin
formalaşması istiqamətində mətbuatda ardıcıl çıxışlar
edir. Surə Seyid Naxçıvan Dövlət Universitetində
gələcəyin jurnalist kadrlarının hazırlanmasının yüksək
səviyyədə təşkilinə çalışır və buna rəhbərlik edir. O,
yerli və xarici mətbuatda çoxsaylı elmi məqalələri,
konfrans çıxışları, çap etdirdiyi monoqrafiyaları ilə
jurnalistikanı öyrənən tələbələrə, çalışan gənc
jurnalist kadrlara bələdçilik edir, bu peşənin sirlərini
öyrədir və təbliğ edir.
Tanınmış mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Surə Seyidin
xidmətləri müxtəlif səviyyəli elmi konfranslarda,
beynəlxalq seminar və treninqlərdə sertifikatlarla
qiymətləndirilmiş, o, "Qafqaz Media" ictimai birliyinin
"Cəsarətli jurnalist" və "Müqəddəs qələm" mükafatı,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Naxçıvan
Dövlət Universitetinin fəxri fərmanları ilə təltif
olunmuşdur.
Xalqımız Azərbaycan Milli Mətbuatının 140 illiyini qeyd
etmək ərəfəsindədir. Bu mətbuatın son 25 illik
mərhələsində Surə Seyidin də yaddaqalan xidmətləri
çoxdur. Əsrin dörddə birindən artıq bir müddətdə - XX
əsrin son onilliyində pedaqoji fəaliyyətində, təcrübi
fəaliyyəti-qəzet redaktoru, böyük bir ali təhsil
ocağının mətbuat xidmətinin bütün sahələrində
qəhrəmanımızın pedaqoq-publisist əməyi vardır.
Naxçıvan mətbuatının əsas qəzeti "Şərq qapısı"nın
tədqiqatçısı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı
"Nuh yurdu" qəzetinin naşiri - redaktoru olmuş
filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyidin
gələcək genişmiqyaslı fəaliyyətində, şəxsi həyatında ona
yeni-yeni uğurlar diləyirik.
Nadir HÜSEYNBƏYLİ,
Abbas HACIYEV,
Naxçıvan Dövlət Universiteti |