Naxçıvan
Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev
Universitetinin növbəti - 198-ci məşğələsi keçirilib.
"Tərəqqi, yüksəliş və intibahın başlanğıc günü"
mövzusunda keçirilən məşğələni giriş sözü ilə rektor,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ümummilli
lider Heydər Əliyevin istər totalitar sovet rejimi,
istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu
zaman Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər
göstərdiyini vurğulayıb. Qeyd olunub ki, 1969-cu il iyul
ayının 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci
katibi seçildikdən sonra keşmiş ittifaqın tənəzzül
etməkdə olan bu respublikası inkişaf yoluna qədəm qoydu.
Azərbaycan qısa bir zamanda aqrar ölkədən sənaye
ölkəsinə çevrildi. Burada bir sıra ittifaq əhəmiyyətli
sənaye müəssisələri salındı, əhalinin maddi-rifah halı
yaxşılaşdırıldı, yeni iş yerləri açıldı. Azərbaycan
tarixinin, mədəniyyətinin qorunması və təbliği,
Azərbaycan dilinin dövlət dili statusu qazanması, milli
elm və təhsilin, səhiyyənin inkişafı istiqamətində mühüm
işlər görüldü. Müstəqillik illərində Azərbaycanda xarici
və daxili siyasətin düzgün müəyyənləşdirilməsi, dinamik
inkişafa və ərazi toxunulmazlığına nail olunması məhz
ümummilli liderin çoxillik siyasi səriştəsinin
nəticəsidir.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə
elmləri doktoru, professor Məmməd Rzayev mövzu ilə bağlı
ətraflı məruzə edərək ümummilli liderin sovet
hakimiyyəti illərindəki fəaliyyəti dövründə Azərbaycanı
müstəqil gələcəyə aparan məqsədyönlü siyasət
yürütməsindən danışıb. Qeyd olunub ki, 1969-1982-ci
illərdə Heydər Əliyev Azərbaycanda siyasi rəhbərlikdə
olduğu müddətdə kənd təsərrüfatının və sənayenin ən
müxtəlif sahələri inkişaf etdi, ölkədə 250 yeni müəssisə
yaradıldı. Yeni-yeni orta və ali ixtisas təhsili
məktəblərinin açılması, elm və təhsil işçilərinə diqqət
və qayğı göstərilməsi, gənclərimizin digər
respublikalarda ali təhsil almalarını təşkil etmək
hesabına Azərbaycan elmi, təhsili tərəqqi etdi.
Azərbaycan SSRİ-nin ən qabaqcıl müttəfiq respublikasına
çevrildi, öz güclü iqtisadi potensialını, intellektual
bazasını yaratmış oldu. Ümummilli lider bu illərdə milli
təfəkkür və şüur səviyyəsini inkişaf etdirməklə, doğma
dilimizi, tariximizi, ədəbiyyatımızı sevdirməklə milli
ideologiyanın formalaşmasında da mühüm rol oynadı.
Ümummilli liderin hər iki hakimiyyəti dövründəki siyasi
fəaliyyəti dünya diplomatiyasına qızıl hərflərlə
yazılacaq bir məktəbdir. Təsadüfi deyil ki, bugünkü
Azərbaycan məhz bu sağlam bünövrə üzərində, ümummilli
liderin ideyalarını sədaqətlə davam etdirmək yolu ilə
dünyanın inkişaf etmiş, beynəlxalq nüfuz qazanmış,
tərəqqipərvər bir ölkəsinə çevrilib.
Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə
fəlsəfə doktoru Mübariz Nuriyev ümummilli lider Heydər
Əliyevin ötən əsrin 60-cı illərinin sonlarında
Azərbaycana rəhbər seçildikdən sonra ölkənin qazandığı
iqtisadi, siyasi uğurlardan danışıb.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |