İyulun
4-8 tarixlərində Azərbaycan
Dövlət
Mədəniyyət və İncəsənət Universiteti musiqi sənəti
fakültəsinin instrumental ifaçılıq kafedrasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyevanın
rəhbərliyi ilə universitetin dörd tələbəsi və
konsertmeysterdən ibarət nümayəndə heyəti Macarıstanın
Balatonfüred şəhərində keçirilən XV Balaton Beynəlxalq
Gənclik İncəsənət Festivalında iştirak edib. Nümayəndə
heyətinin rəhbəri Səbinə Mehdiyeva obyektiv münsiflər
heyəti üzvü kimi qızıl medalla təltif olunub. Müsabiqədə
fortepiano ixtisası üzrə iştirak edən universitetin I
kurs tələbələri Səidə Əliyeva (müəllim Cəmalə
Nəsirova), İlahə Salmanzadə (müəllim Səbinə Mehdiyeva)
bürünc medala, xanəndəlik üzrə təhsil alan III kurs
tələbəsi Murad Kəngərli (müəllim xalq artisti Səkinə
İsmayılova ) və III kurs magistr tələbəsi Emil Mirzəyev
(müəllim Fikrət Manafov) tar ifaçılığı ilə folklor
nominasiyasında birincilik qazanaraq qızıl medallarla
təltif olunublar. Onu da qeyd edək ki, bu il festivala
folklor nominasiyası da əlavə edilib ki, bu nominasiyada
da məhz Azərbaycan musiqisi, xalq çalğı aləti ən yüksək
qiymətə - qızıl medala layiq görülüb. Konsertmeyster
Firuzə Hüseynovaya isə ən yaxşı konsertmeyster diplomu
təqdim olunub.
ADMİU-nun rektoru, professor Fərəh Əliyeva festival
iştirakçıları ilə görüşərək onların təəssüratlarını
öyrənib, yüksək nəticələr əldə etdikləri üçün
təşəkkürünü bildirib. |