İyulun
15-də Azərbaycan Milli Elmlər Akademiyasında bu qurumun
Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və
Elmin Populyarlaşdırılması İdarəsi və Azərbaycan Mətbuat
Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan milli
mətbuatının 140 illik yubileyinə həsr olunan "Elm və
media: multidisiplinar istiqamətlər və perspektivlər"
mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan
Mətbuat Şurasının nümayəndələri, akademiyanın institut
və təşkilatlarının, həmçinin ölkənin bir sıra aparıcı
media qurumlarının rəhbərləri iştirak ediblər.
Konfransı AMEA-nın prezidenti, akademik Akif Əlizadə
giriş sözü ilə açaraq media nümayəndələrini əlamətdar
yubiley münasibətilə təbrik edib, onlara yeni
yaradıcılıq uğurları arzulayıb. AMEA prezidenti elmi
yeniliklərin, elmin inkişafı istiqamətində aparılan
islahatlarla bağlı məlumatların geniş ictimaiyyətə
çatdırılmasında jurnalistlərin rolundan, ölkəmizdə
mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb.
Milli mətbuatımızın intibah dövrünün Azərbaycanın
müstəqilliyinin bərpasından sonra başlandığını söyləyən
Akif Əlizadə hazırda Azərbaycanda güclü medianın
formalaşdığını qeyd edib. Çıxışında milli mətbuatımızın
140 illiyinin qeyd olunması ilə bağlı Prezident İlham
Əliyevin imzaladığı müvafiq sərəncamın mətbuatın
inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Akademik
Akif Əlizadə AMEA ilə media qurumları arasında
əlaqələrin əhəmiyyətini önə çəkərək bu əlaqələrin
getdikcə daha da güclənməsi istiqamətində fəaliyyətin
genişləndiriləcəyinə əminliyini ifadə edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək
xalqımızın milli şüurunun oyanmasında, milli birliyin
formalaşmasında misilsiz xidmətlər göstərən "Əkinçi"
qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının
tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı
və demokratikləşməsi istiqamətində görülən işlərdən
danışıb.
Mətbuatın hazırkı vəziyyətindən, son dövrlərdə bu
sahənin inkişafı istiqamətində həyata keçirilən
tədbirlərdən geniş söz açan Ə.Amaşov ümummilli lider
Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını
qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini vurğulayıb,
jurnalistləri bayram münasibətilə təbrik edib.
Sonra mükafatlandırma mərasimi olub.
Azərbaycan milli mətbuatının 140 illik yubileyi
münasibətilə AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması
İdarəsi kütləvi informasiya vasitələri ilə səmərəli
əməkdaşlığına görə Azərbaycan Mətbuat Şurasının diplomu
ilə mükafatlandırılıb.
Bir sıra media qurumu isə AMEA-nın diplomuna layiq
görülüb. Qeyd edək ki, "Azərbaycan müəllimi" qəzeti də
Azərbaycan Milli Elmlər Akademiyasının təbliği və elmin
populyarlaşdırılmasında, elmi nailiyyətlərin və
elmi-mədəni tədbirlərin işıqlandırılmasında müntəzəm
iştirakına və göstərdiyi xidmətlərə görə
mükafatlandırılanlar sırasında olub.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |