İyulun 15-də Təhsil Nazirliyində Azərbaycan Milli
Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir
keçirilib.
Tədbirdə Təhsil Nazirliyi tərəfindən təhsil mövzusunda
ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən
jurnalistlər arasında "Maarifçi mətbuat" devizi altında
təşkil edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb
və nazirliyin internet saytının (www.edu.gov.az)
yeni versiyasının təqdimat mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı
direktoru Vüqar Səfərli, nazirliyin müvafiq struktur
bölmə rəhbərləri, "Azərbaycan Televiziya və Radio
Verilişləri" QSC-nin sədr müavini İbrahim Məmmədov, "APA
Holdinq"in prezidenti Vüsalə Mahirqızı, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid, təhsil ekspertləri və KİV
təmsilçiləri iştirak ediblər.
Tədbirdə öncə Təhsil Nazirliyinin saytı təqdim olunub.
Qeyd edilib ki, müasir tələblərə cavab verən sayt
məzmun, dizayn, istifadəçi rahatlığı, texniki imkanlar
və interaktivlik baxımından əsaslı şəkildə yenilənib.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən
saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil
sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks
etdirən dolğun məlumatlar yerləşdirilib.
Saytda
Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirlik
sistemində fəaliyyət göstərən "Qaynar xətt" xidmətləri,
nazirliyin struktur rəhbərlərinin əlaqə vasitələri,
elektron müraciət, interaktiv və informativ xidmət
bölmələri və nazirliyin elektron poçt ünvanları qeyd
olunub. Qanunvericilik bölməsində təhsil sahəsinə dair
normativ-hüquqi sənədlər yer alıb.
Təhsilin bütün pillə və səviyyələri üzrə aparılan
yeniliklər və islahatlar barədə saytdan ətraflı məlumat
almaq mümkündür. İstifadəçilər rahat menyu sistemi və
çoxpilləli axtarış mexanizmi vasitəsilə istədikləri
məlumatı rahat şəkildə taparaq sosial şəbəkələrdə
paylaşa, şrifti böyüdüb-kiçildə, elektron poçt
vasitəsilə göndərə və ya çap edə bilərlər. Saytın
proqram təminatı və informasiya təhlükəsizliyi də ən
yüksək səviyyədə qorunur.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl
Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham
Əliyevin 2 iyun 2015-ci il tarixli "Azərbaycan milli
mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında"
Sərəncamına uyğun olaraq, Azərbaycan milli mətbuatının
140 illik yubileyi respublikamızda geniş şəkildə qeyd
edilməkdədir. Nazir 22 iyul - Milli Mətbuat Günü
münasibətilə KİV nümayəndələrini təbrik edib və təhsil
mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal
iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan Milli
Mətbuatının 140 illik yubileyi münasibətilə təhsil
mövzusunda cəmiyyətin məlumatlandırılmasında fəal
iştirak edən jurnalistlər arasında "Maarifçi mətbuat"
devizi altında Təhsil Nazirliyinin təşkil etdiyi
müsabiqənin əsas məqsədi təhsil proseslərinin geniş
ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar
jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsildən
yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına
dəstək göstərmək və KİV-lə səmərəli əməkdaşlığın
inkişafına təkan verməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil
Nazirliyinin bu təşəbbüsünü alqışladıqlarını və belə
tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar
olduqlarını bildirib, media nümayəndələrini təbrik
ediblər.
Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə "Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" və
qiymətli hədiyyələr təqdim edilib, onlara yeni-yeni
yaradıcılıq uğurları arzulanıb.
www.edu.gov.az |