Tailandın
Çanq Mai şəhərində 4-16 iyul tarixlərində keçirilmiş
56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan
məktəblilərinin uğurlu çıxışı təhsil ictimaiyyətimizi
sevindirib. İyulun 14-də Olimpiadanın nəticələri elan
olunub. Fuad Qarayevin rəhbərlik etdiyi Azərbaycan
komandası 2 bürünc medal və 4 həvəsləndirici mükafat
qazanıb. "İstək" liseyinin şagirdləri Məhəmməd Şirinov
və Fərid Həsənli bürünc medala layiq görülüblər. Mirəli
Əhmədli, Tahir Nadirov, Anar Hüseynov və Fərman Dumanov
isə həvəsləndirici yerləri tutublar. Olimpiadada ABŞ,
Cənubi Koreya, Şimali Koreya, Vyetnam, Avstraliya,
İran, Rusiya, Kanada, Türkiyə, Sinqapur və s.
ölkələrdən olan məktəblilər iştirak ediblər. Amerikalı
şagirdlər komanda hesabında Çindən olan
həmyaşıdlarına qalib gəliblər.
56-cı Beynəlxalq Riyaziyyat Olimpiadası əvvəlki illərdən
fərqli olaraq məsələ və tapşırıqların xüsusilə çətinliyi
ilə yadda qalıb. Lakin şagirdlərimiz komandamızın
rəhbərləri - Fuad Qarayev, Elvin Məmmədov, Rəşadət
Qədiməliyevın əməyi sayəsində həmyaşıdları arasında
fərqlənə biliblər.
Hindistanın Mumbai şəhərində keçirilmiş Beynəlxalq
Fizika Olimpiadasında da Azərbaycan məktəbliləri uğurla
çıxış ediblər. Dünyanın 60-a yaxın ölkəsindən (Almaniya,
İngiltərə, Rusiya, ABŞ, Polşa, Avstraliya, Avstriya, Çin,
Fransa, Çexiya və s.) 300-ə qədər məktəblinin iştirak
etdiyi 46-cı Beynəlxaq Fizika Olimpiadasında Bakıdakı
"İstək" liseyinin şagirdi Tural Əliyev bürünc medala
layiq görülərək Azərbaycan bayrağını dalğalandırıb.
Olimpiadanın favoriti olan Çin məktəbliləri 5 qızıl
medal qazanıblar. Amerika, Tayvan, Cənubi Koreya, Rusiya
hər biri 4 qızıl, 1 gümüş medal qazanıblar.
Qeyd edək ki, Tural Əliyev 2014-cü ildə Beynəlxalq
Jautikov Olimpiadasında (Qazaxıstan) gümüş medal,
2014-cü il Beynəlxalq Fizika Olimpiadasında (Qazaxıstan)
bürünc medal, 2015-ci il Asiya Fizika Olimpiadasında (Çin)
bürünc medal qazanıb. Turalın qələbələri bununla bitmir.
O, həm də 2014-cü il fizika fənni üzrə Respublika
Olimpiadasının qızıl medalçısıdır. 2015-ci ildə fizika
fənni üzrə Respublika olimpiadasında qızıl medal qazanan
Tural həm də "Birincilərin birincisi" adına layiq
görülüb.
Tural Hindistandakı qələbəsini sevinclə bölüşür: "Çox
şükürlər olsun, Azərbaycan bayrağını yenidən uca
zirvələrdə dalğalandırmağa nail oldum".
Turalın müəllimi Rəşadət Qədiməliyev:
- Tural Əliyev çalışqanlığı ilə digər şagirdlərə nümunə
ola biləcək şagirddir. Sakit təbiətli və təvazökarlığı
onun xasiyyətində öndə duran xüsusiyyətdir. Özündən
yaşca kiçik, aşağı siniflərin şagirdlərinə dərs
öyrənməkdə öz müəllimləri kimi dəstək olur. Tural
xaricdə oxumaq istəyir. Belə ki, Sinqapurun Nanyanq
Texnologiya Universitetinin mexanika mühəndisliyi
fakültəsinə qəbul olub. Turalın universiteti
müvəffəqiyyətlə bitirib fizika elmi sahəsində
yeniliklərə imza atacağına fənn müəllimi kimi inanıram.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |