Hörmətli həmvətənlər!
Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik
edir, hər birinizə ən səmimi arzu və diləklərimi
yetirirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək
Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah
əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq,
qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət
edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini
nümayiş etdirir. İnsanların qəlbini və ruhunu ilahi
hikmətlərlə nurlandıran bu bayram günlərində mömin
vətəndaşlarımız din qarşısında vicdani borc və
vəzifələrini ləyaqətlə yerinə yetirir, mənəvi
zənginliyin, əxlaqi kamilliyin sevincini yaşayırlar.
Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı
üçün dualar səslənir, şəhidlərimizin ölməz xatirəsi
ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram
günlərində sizin dua və diləkləriniz, saf niyyətiniz
Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz
mərhəmətini sevimli xalqımızdan əsirgəməyəcəkdir.
Əziz bacı və qardaşlarım!
Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi
bizim multikultural və tolerant prinsiplərə necə yüksək
qiymət verməmizi nümayiş etdirir. Bu gün biz dünyaya bir
daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər
bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini,
milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi
kimi qəbul edirik. Elə buna görə də bu əziz gün
münasibətilə hər bir vətəndaşımıza, ölkəmizin
hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza
səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə
firavanlıq və xoşbəxtlik, süfrələrinizə xeyir və bərəkət
arzulayıram.
Ramazan bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2015-ci il |