Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Məktəbimizin uğurlarında daha çox payı olan müəllim

 

Şamaxıda fəaliyyət göstərən məktəblər arasında öz dəst - xətti ilə seçilən təhsil müəssisələrindən biri də E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbidir. Fəaliyyətə başladığı vaxtdan (1989) məktəb rayonun nümunəvi təlim-tərbiyə ocağı kimi daim fərqlənmiş, öz ənənələri, göstəriciləri ilə şöhrət tapmışdır. Məktəbi digər məktəblərdən fərqləndirən amillərdən biri də burada öz işinin öhdəsindən bacarıqla gələn, işini günün tələbləri səviyyəsində qurmağı bacaran, özünü şagirdlərinə sevdirən, yüksək intellektə malik müəllimlərin olmasıdır. Məhz bu müəllimlərin səmərəli fəaliyyətinin nəticəsidir ki, məktəbin şagirdləri ümumməktəb, ümumrayon, zona və respublika səviyyəli tədbirlərdə - fənn olimpiadalarında, idman və hərbi-vətənpərvərlik yarışlarında rayonun adını şərəflə doğrultmağa çalışırlar.

Məktəbdə öz işini günün tələbləri səviyyəsində quran müəllimlərdən biri də dil-ədəbiyyat müəllimi Rahib Qasımovdur. Qabaqcıl iş təcrübəsi ilə tanınan Rahib Qasımov ana dilimizin incəliklərini şagirdlərinə sevə-sevə öyrədir. Müəllim həm də Azərbaycan Universitetinin dissertantıdır və AMİ-nin Şamaxı filialının metodisti, rayon fənn olimpiada komissiyasının üzvüdür.

Rahib müəllimin şagirdləri həm ali və orta ixtisas məktəblərinə qəbul zamanı, həm də müxtəlif  intellekt yarışlarında fəallıqları ilə seçilir. Müəllimin peşəkarlığının nəticəsində məktəbimizin XI sinif şagirdi Rüstəm Mustafayev 2013-cü ilin mayında "Ana dilimizi sevək, sevdirək" şeir müsabiqəsinin Sumqayıtda keçirilən Zona yarışlarında II yerə layiq görülmüş, diplom və pul mükafatı ilə təltif olunmuşdur.

2011-2012-ci  tədris ilində Azərbaycan dili və ədəbiyyat fənnindən Bakıda keçirilən respublika fənn olimpiadasında Rahib müəllimin başqa bir şagirdi -  Səid Xamdiyev qaliblərdən biri olmuşdur.

Bu ilin mayında R.Qasımovun daha bir uğuru həm Şamaxı təhsilinə, həm də məktəbimizin pedaqoji kollektivinə sevinc bəxş etdi. Belə ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən inşa müsabiqəsində məktəbimizin X sinif şagirdi Lalə Quliyevanın inşası münsiflər tərəfindən yüksək qiymətləndirilmiş və o, qaliblərdən biri  olmuşdur. 

Rahib müəllimin uğurları təkcə orta məktəblə məhdudlaşmır. O, təlimçi kimi AMİ-nin Şamaxı filialında fənn kurikulumlarının sirlərini ixtisasartırma kurslarına dəvət olunmuş müəllimlərə həvəslə açıqlayır.  

Ağamustafa TEYMUROV,
Şamaxı rayonu E.Rzayev adına Mədrəsə qəsəbə
tam orta məktəbinin direktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov