Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Coğrafiyanın tədrisində əyani vasitələrdən istifadə

 

Mehman ƏLİYEV,

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına
Biləsuvar lisey-məktəb kompleksinin coğrafiya müəllimi
 

Böyütmək üçün seçinCoğrafiya fənninin tədrisində əsas şərtlərdən biri əyanilikdir. Əyanilik tədris prosesində şagirdlərin təfəkkürünün formalaşmasında və hafizəsinin inkişafında mühüm rol oynayır. Əyani vasitələrdən istifadə etmək bütün nəzəri məlumatları yadda saxlamağa kömək edir. Tədrisin müxtəlif növlərinə verilən tələblərə görə əyani vəsaitlərə bunları aid etmək olar: çap edilmiş vasitələr (xəritə, şəkil, cədvəl, diaqram, iş dəftəri və s.), mineral və dağ süxurları kolleksiyaları, coğrafi model və maketlər (dağ silsiləsi, təpə, çay vadisi, çay hövzəsi və suayırıcısı), müxtəlif video və audio vəsaitlər və s. Coğrafiyanın tədrisində mövzunu xəritə üzərində şagirdlərlə təhlil edirəm. Şagird nəzəri biliyi öyrəndikdən sonra verilənləri xəritə üzərində taparaq komplektləşdirir. Son zamanlar sualların formatını da dəyişmişik. Şagirdlərə verdiyimiz suallar daha çox praktik xarakter daşıyır. Məsələn: "Avrasiyanın cənubundan şimalına doğru təbii zonaları ardıcıl düzün". Bunun üçün şagird iqlim qurşaqlarını xəritədə göstərir və həmin iqlimə uyğun təbii zonaları ərazilərə uyğunlaşdırır. Buna uyğun suallar çox olur. Şagirdlərlə xəritə üzərində işə aid praktiki tapşırıqlar çox yerinə yetiririk. Bunun üçün dərsliklərdə olan şəkillər kifayət etmir. Əlavə olaraq mövzulara uyğun xəitələrdən də istifadə edirik. Coğrafiya dərsliklərində olan şəkilləri şagirdlərlə  aşağıdakı ardıcıllıqla təhlil edirik:

1.Şəklin ümumi baxışla qavranılması;

2.Şəklin xəritə ilə əlaqələndirilməsi;

3.Ayrı-ayrı hissələrin təhlili və onların xüsusiyyətlərinin izahı;

4.Əldə edilmiş məlumatların xəritə ilə əlaqələndirilməsi.

Təlimdə texniki vasitələrdən də istifadə edirik. Məktəbdə praktiki işlərin hazırlanmasında, təcrübə və müşahidələrin aparılmasında coğrafiya meydançasının böyük əhəmiyyəti var. Coğrafiya meydançası şagirdlərin müxtəlif cihaz və alətlərlə müstəqil  işləməyi, müşahidə və təcrübələrdən praktiki nəticə çıxarmağı öyrədir. Eyni zamanda biz coğrafiya meydançasının bəzi alətlərindən dərsdə də istifadə edirik.

Coğrafiya meydançasına aid olan alətlərlə  havanın temperaturu, təzyiqi, küləyin istiqaməti, yağıntıları müşahidə etməklə onun miqdarını, istiqamətlərini müəyyən edir  və müxtəlif növ ölçü işləri aparırıq.

Bəzi alətlərdən istifadə edərək məktəbin həyətində şagirdlərlə kiçik "meteoroloji stansiya" təşkil etmək fikrindəyik.

Biz müəllimlər relyeflə bağlı dərslərimizdə şagirdlərdə təsəvvür yaratmaq üçün 3D formasında relyef xəritəsindən istifadə edirik. Bu xəritə şəkil formasında verilib. Şagird hər hansı bir ərazinin meyilliyini görməsə onun haqqında heç bir araşdırma edə bilməz. Bunun üçün biz Azərbaycanın relyef xəritəsini 3D formasında gipslə yaratmışıq. Azərbaycanın fiziki coğrafiyasına aid bütün dərsləri bu relyef xəritəsinin üzərində aparıram. Burada biz Kür çökəkliyinin qərbdən şərqə doğru, Böyük Qafqazın şimal-qərbdən cənub-şərqə doğru, Kiçik Qafqazın isə şərqə və cənuba meyilliyinin azaldığını görərik. Bu eyni zamanda çayların istiqamətləri və hara töküldüyünü müəyyən etməyə imkan verir.

Şagirdlərlə Azərbaycanın relyefinə uyğun iqlim tiplərinin yayılmasını və həmin iqlim tiplərinə uyğun torpaq tiplərini müəyyən edirik. Şagirdlər qurşaqların ardıcıllığını  istər torpaq, istərsə də landşaft qurşaqları olsun, müəyyən edə bilmirlər. Lakin şagirdlər burada  ardıcıllığa baxaraq qurşaqları relyefə uyğun müəyyən edə bilirlər. Azərbaycana daxil olan hava kütlələrinin istiqamətlərinə uyğun onların yaratdığı dəyişikliklər və yerli iqlim şəraitində torpaq və bitki örtüyünü müəyyənləşdirir və təhlil edirlər. Bildiyimiz kimi, relyefdən asılı olanlardan biri də ərazimizin geoloji quruluşudur. Ovalıqlardan tutmuş dağların zirvələrinə qədər süxurların yaşı qədimləşir. Şagirdlər ovalıqların ən sonda, yəni kaynazoy erasının çay və dəniz çöküntülərindən yarandığını müəyyən edərək hündürlüyə doğru isə neogen və paleogen süxurlarını təyin edirlər. Bundan sonra isə hündürlüyə doğru mezozoy yaşlı süxurlar gəlir. Bu yaşlı süxurları ərazilərə və  relyef xəritəsinə görə təyin edə bilirlər.

 

Son zamanlar sınaq və qəbul imtahanlarında xəritə üzrə düşən suallar arasında  relyeflə bağlı suallar çox olur. Bu sualları  göstərilən xəritə əsasında araşdırmaq mümkündür.Yəni suala cavab vermək üçün mütləq ərazinin meyilliyini və  hündürlüyünü bilmək lazımdır. Suallardan birini  təqdim edirik. Bu sualda ərazinin A-B profili üzrə torpaq və ya iqlim tipi soruşulur. Burada şagird A-dan B-yə ərazinin yüksəyə doğru qalxdığını görür,  iqlimi və iqlimə uyğun torpaq tiplərini sadalayır.

Ümumiyyətlə, coğrafiyanın tədrisində əyani vasitələrdən istifadə etmək həm şagirdin verilən tapşırıqları tez qavramasına, həm də müəllimin dərs prosesində yüksək nailiyyət əldə etməsinə gətirib çıxarır.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov