Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Ölkəmizi
müxtəlif beynəlxalq bilik yarışlarında,
olimpiadalarda təmsil edən məktəblilərimizin son illər
ayrı-ayrı ölkələrdən olan həmyaşıdları arasında yüksək
intellektual bilik və bacarıq nümayiş etdirmələri, hər
dəfə vətənə medallarla qayıtmaları təhsil sistemimizin
inkişafının göstəricisidir. Bu dəfə də yeniyetmə
şagirdlərimizin daha bir xoş sorağını Serbiyadan aldıq.
Azərbaycan təhsilinin yetirmələri, Bakıdakı "İstək"
liseyinin şagirdləri Serbiyada keçirilən Junior Balkan
Riyaziyyat Olimpiadasında (JBMO 2015) uğurla çıxış
edərək bir gümüş, 3 bürünc medal qazanıblar. Liseyin
yetirmələri Mirəli Əhmədli gümüş, Mehdi Ağakişiyev, Anar
Hüseynov və Anar Abbaslı bürünc medala layiq
görülüblər. Olimpiadada Serbiya, Rumıniya, Turkiyə,
Bosniya Herseqovina, Albaniya, Makedoniya, Moldova,
Yunanıstan, Kipr, Bolqarıstan, Monteneqro, Azərbaycan,
Qırğızıstan, Qazaxıstan, Fransa, Tacikistan və s. kimi
ölkələrin nümayəndələri iştirak ediblər. Gəlin
Serbiyada Azərbaycana medallar qazandırmış
şagirdlərimizlə daha yaxından tanış olaq.
Mirəli Əhmədli:
2000-ci il dekabrın 9-da Gəncə şəhərində anadan olub.
İlk təhsilinə şəhər 4 nömrəli tam orta məktəbdə
başlayıb. Sinifdə ən yaxşı oxuyan şagirdlərdən biri
olub. İbtidai sinfi bitirdikdən sonra 27 nömrəli
məktəbin xüsusi istedadlar sinfində (XİS) oxuyub.
- VII sinifdən Gəncə Türk Liseyinə qəbul olundum və
olimpiadaya seçim üçün məntiq imtahanında iştirak
etdim. İmtahandan yüksək nəticə ilə keçdim və
riyaziyyat üzrə olimpiada komandasına qəbul olundum.
VIII sinifdə imtahan verərək təhsilimi, eləcə də
olimpiadaya hazırlıq işlərimi Bakıdakı "İstək"
liseyində davam etdirməyə başladım. İlin sonunda hər
il 26-29 iyun tarixləri arasında keçirilən JBMO
(Junior Balkan Mathematics Olimpiad) üçün seçimlər
oldu və olimpiadaya qatılmaq hüququ əldə etdim.
Serbiyaya 6 nəfərlik komanda və liderimiz olaraq
Elvin Məmmədovla birlikdə getdik. Riyaziyyat
olimpiadasında 4 fənn üzrə sual verilir (algebra, number
theory, geometry, combinatorics). Suallar nə qədər
mürəkkəb olsa da, ciddi hazırlıq nəticəsində olimpiadada
gümüş medal əldə edə bildim. Bu, mənim olimpiadada ilk
medalım deyildi. Ötən il də Makedoniyada keçirilən
Balkan Riyaziyyat Olimpidasında bürünc medal
qazanmışdım.
Anar Abbaslı:
2001-ci il yanvarın 21-də Bakı şəhərində anadan olub.
2007-ci ildə Bakıdakı 70 nömrəli tam orta məktəbin I
sinfinə gedib. 2013-cü ildə Dədə Qorqud Özəl Türk
liseyinə qəbul olunub. Hazırda Bakı "İstək" Liseyinin
Xalqlar Dostluğu filialında təhsilini davam etdirir.
2015-ci ildə Serbiyada keçirilən Junior Balkan
Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülüb.
- VI sinfin sonunda Dədə Qorqud Özəl Türk liseyinə
qəbul olundum. Artıq 7-ci sinfin ortalarında məntiq
imtahanı verərək olimpiadaya hazırlaşmağımın bünövrəsini
qoydum. İmtahan verərək təhsilimi Bakıdakı "İstək"
liseyində davam etdirməyə başladım. Elə bu zamandan
etibarən komanda rəhbərimiz Elvin Məmmədov ilə
olimpiada çalışmalarımızı davam etdirməyə başladıq.
Nəhayət, iyunun 24-də 6 nəfərlik komanda və
müəllimimiz Elvin Məmmədovla birlikdə Serbiyaya yola
düşdük. Bütün iştirakçılar kimi, mən də həyəcanlı idim.
Beynəlxalq səviyyəli ilk olimpiadam olduğu üçün daha çox
həyəcanlı idim. Nəhayət, olimpiada suallarına uğurla
cavab verərək bürünc medala layiq görüldüm. Bu uğuruma
görə valideynlərimə, riyaziyyatı yorulmadan biz
şagirdlərə öyrədən müəllimlərimiz Elvin Məmmədova,
Tural Bədəlova, olimpiada koordinatorumuz Anar Fərmanova
və mənə daim dəstək olan Yusuf Durana təşəkkür edirəm.
Mehdi Ağakişiyev:
1999-cu il dekabrın 29-da Göyçay rayonunda anadan olub.
2006-cı ildə Bakıdakı 18 nömrəli tam orta məktəbin I
sinfinə gedib. 2012-ci ildə Bakı Özəl Türk Liseyinə
qəbul olunub. Hazırda Bakıdakı "İstək" liseyində
təhsilini davam etdirir. 2015-ci ildə Qazaxıstanda
keçirilən Beynəlxalq Jautikov Olimpiadasında iştirak
edib. 2015-ci ildə riyaziyyat üzrə respublika fənn
olimpiadasında gümüş medala layiq görülüb. Mehdi
müəllim ailəsində böyüyüb. Anası riyaziyyat
müəllimidir. Qardaşı Murad hazırda Kanadada Toronto
Universitetində təhsil alır.
- 2012-ci ildə imtahanla Bakı Özəl Türk Liseyinə daxil
oldum. Buradakı təhsil dövründə bir neçə imtahan
verərək riyaziyyat olimpiadasına seçildim. Daha sonra
riyaziyyat olimpiadasına hazırlıq düşərgəsində olimpiada
sinfinə seçildim. Cari ilin aprelində 26-29 iyun
tarixlərində Serbiyada keçiriləcək yeniyetmələr
arasında Balkan olimpiadası seçimlərinə qatıldım və
komandaya daxil oldum. İyun ayının 24-də 6 nəfərlik
komanda və müəllimimiz, həmçinin komanda rəhbərimiz
Elvin Məmmədov ilə birlikdə Serbiyaya yola düşdük. Və
nəhayət iyunun 26-da keçirilən imtahanda ailəmin və
müəllimimin mənə olan inamını doğruldaraq bürünc medal
qazandım. Əldə etdiyim uğura görə ailəmə və müəllimimiz
Elvin Məmmədova borcluyam.
Anar Hüseynov:
2000-ci il aprelin 23-də Tovuz rayonunun Qovlar
kəndində anadan olub. İlk təhsilini Qovlar kənd tam
orta məktəbində alıb. Daha sonra imtahan verərək Gəncə
Türk Liseyinə qəbul olunub. Anar hələ uşaqlıqdan
dəqiq elmlərə daha çox maraq göstərməyə başlayıb.
Riyaziyyat həmişə onun üçün ən sevimli və maraqlı fənn
olub. Anar da dərsləri ilə yanaşı çalışqanlığı,
əməksevərliyi sayəsində fənn olimpiadalarında uğur
qazana bilib.
- VII sinfin ortalarından başlayaraq riyaziyyat üzrə
olimpiada hazırlıqlarına başladım. VII sinfin sonunda
əvvəlcə Qubada, daha sonra Bakıda keçirilən olimpiada
komandasına seçim imtahanında fərqləndim. Artıq IX
sinifdə oxuyarkən olimpiadaçıların Bakı seçmə
imtahanında riyaziyyat üzrə Azərbaycan komandasına
qəbul olundum və ölkəmizi beynəlxalq bilik
yarışında təmsil etmək hüququ qazandım. İyunun
26-29-da Serbiyada keçirilən riyaziyyat olimpiadasına
çox ciddi hazırlaşmışdım. Suallar çətin olsa da bürünc
medal qazana bildim. Əlbəttə ki, olimpiadada
qazandığım uğurda valideynlərimin, müəllimlərimin rolu
böyükdür. Müəllimlərim yorulmadan və böyük əmək sərf
edərək bizə elmlərin sirlərini öyrədiblər. Əsas
istəyim müxtəlif beynəlxalq miqyaslı olimpiadalarda
Azərbaycanın nailiyyətlərini daha da artırmaqdır.
Komandanın rəhbəri, "İstək" Liseyinin
müəllimi Elvin Məmmədov "Azərbaycan müəllimi" qəzetinə
verdiyi eksklüziv açıqlamasında şagirdlərimizin nüfuzlu
Balkan Riyaziyyat Olimpiadasında uğurlu çıxışları barədə
danışdı:
- Azərbaycanı builki Junior Balkan Riyaziyyat
Olimpiadasında təmsil edən şagirdlərimiz bu zamana
qədər sözügedən tədbirdə iştirak etmiş komandalardan ən
güclüsü idi. Hər bir iştirakçımız beynəlxalq səviyyəli
olimpiada hazırlığını ən yüksək səviyyədə
tamamlamışdır. Olimpiadanın sual və tapşırıqlarının
bir az çətin və şagirdlərimizin bəzilərinin təcrübəsiz
olmasına baxmayaraq yetirmələrimiz bilik yarışmasında
ölkəmizi layiqincə təmsil edərək 1 gümüş, 3 bürünc
medal qazandılar. Şagirdlərimizdən yaşları nisbətən az
olan Ağaəli Zeynallı və Anar Abbaslı olimpiada
hazırlıqlarını daha da təkmilləşdirərək növbəti il
keçiriləcək JBMO-da uğurla iştirak etmək üçün təcrübə
əldə etdilər. Ümid edirəm ki, qarşıdan gələn illərdə də
beynəlxalq səviyyəli olimpiadalarda şagirdlərimizin
qazandıqları medalların sayı artmaqda davam edəcək.
Şagirdlərimizi, onların valideynlərini, müəllimlərini
təbrik edir və uğurlarının davamını arzulayırıq.
|