Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Sumqayıt Dövlət Universitetində təqdimat

 

Böyütmək üçün seçinSumqayıt Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti elmi axtarışlara həvəs göstərən 550-dən çox tələbəni birləşdirir. Fakültələr üzrə tələbə elmi cəmiyyətlərinin səmərəli işini təşkil etmək, kafedralarla, tələbə elmi-tədqiqat işlərinin rəhbərləri ilə sıx əlaqələrin həyata keçirilməsini təmin etmək məqsədilə TEC-ə elmi rəhbərlər təyin olunmuşdur. 

Tədris ili ərzində həyata keçirilən tələbə elmi-tədqiqat işlərinin ümumi nəticəsi kimi SDU TEC üzvlərinin universitetin müvafiq struktur bölmələrində təşkil edilmiş Tələbə Elmi Seminarlarında dinlənilən məruzələri əhatə edən, bir növ hesabat xarakteri daşıyan və ilk təcrübə olan "Sumqayıt Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin Seminar  materialları toplusu" nəşr olunmuşdur.

SDU-nun "Heydər Əliyev Mərkəzi"ndə toplunun təqdimatı keçirildi. Universitetin rektoru, professor Elxan Hüseynov çıxışında bildirdi ki, belə topluların nəşri tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxarır, onlarda elmə həvəs və maraq oyadır. Son illər universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsinə müsbət təsir göstərmişdir. Ölkə başçısı cənab İlham Əliyevin elmin, təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir.

Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov  çıxış edərək bildirdi ki, müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsildir. Məhz təhsil intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət daşıyır.

Seminarda çıxış edən TEC-in elmi rəhbəri, dosent İslam Paşayev diqqətə çatdırdı ki, bu seminarları keçirməkdə əsas məqsəd elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, onlara elmi tədqiqat işlərinin aparılmasında köməklik etmək və istiqamətləndirməkdir.

Tədbirdə tələbələrin sualları cavablandırıldı və fikir mübadiləsi aparıldı. Tələbələr ilk  seminar məqalələrinin toplu şəklində çapdan çıxması münasibəti ilə  rektora təşəkkür etdilər.

Sonda Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu.  

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov