Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil
şöbəsinin müdiri Aydın Əhmədovla müsahibə
- Uzun müddətdən sonra təlimdə
fərqlənən ümumtəhsil məktəb məzunlarının medalla
təltifinin bərpa olunması hansısa müsbət dəyişikliklərə
səbəb oldumu? Müşahidələr nə göstərir?
- Təhsildə uğurlu nəticələr qazanan ümumtəhsil məktəb
məzunlarının medalla təltif edilməsi təcrübəsi keçmiş
Sovetlər Birliyi dövründə də mövcud olmuşdur. Bununla
belə, Azərbaycan Respublikasının 1992-ci ildə qəbul
olunmuş Təhsil Qanununda bu məsələ öz əksini
tapmamışdır. Beləliklə də, Azərbaycanın istedadlı
məktəbliləri üçün bu vacib stimullaşdırma tədbiri uzun
müddət tətbiq olunmamışdır. Həmin müddətdə bütün
fənlərdən yekun qiymətləri "əla" olan şagirdlərə yalnız
fərqlənmə attestatı verilmişdir.
2009-cu ildə qəbul edilən "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda bu ədalətsizlik aradan
qaldırıldı və orta məktəb məzunlarının medalla təltifi
qanunla təsbit edildi.
- "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununun qəbulundan sonra məzunların
medalla təltifinə hansı ildən başlandı?
- Bu prosesin aparılmasını hüquqi cəhətdən əsaslandıran
reqlamentləşdirici sənəd - "Qayda" Azərbaycan hökuməti
tərəfindən təsdiq olundu və 2011-ci ildən etibarən ümumi
təhsili xüsusi nailiyyətlərlə bitirən məzunlar qızıl və
gümüş medallarla təltif edilməyə başladı.
- İndiyə kimi neçə nəfər məzun medal
almışdır?
- 2011-ci ildən bu vaxta kimi 569 nəfər qızıl, 71 nəfər
gümüş medalla təltif olunmuşdur. Sevindirici cəhət ondan
ibarətdir ki, medala layiq görülən məzunlar
respublikanın bütün bölgələrini əhatə edir.
- Cari ildə neçə nəfər şagird medala
namizəddir?
- Bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş
316 nəfər şagirdin medalla təltifə namizədliyi irəli
sürülmüşdür. Hazırda həmin şagirdlərin müvafiq
sənədlərinin mövcud qaydalar əsasında ekspertizası
aparılır.
- Medalla təltifdə ən vacib şərtlər
hansılardır?
- Bayaq qeyd etdiyim kimi, medalla təltif qaydaları
hökumət səviyyəsində təsdiq olunmuşdur. Əlbəttə, məzun
medalla təltif olunarkən bir sıra məqamlara diqqət
yetirilməlidir. Heç şübhəsiz, o, tam orta təhsil
səviyyəsində oxuyarkən bütün fənlər üzrə illik
qiymətləri "əla" olmalıdır. Qaydalarda belə bir hal da
nəzərdə tutulub ki, medala namizəd şagirdin ümumi orta
təhsil haqqında şəhadətnaməsindəki qiymətlərin ən az
75%-i "əla" olmalıdır. Qiymətlər öz yerində, medala
namizəd göstərilmək üçün digər bir sıra vacib amillər də
vardır. Hər şeydən əvvəl, medala namizəd məzun məktəbdə
liderlik xüsusiyyəti ilə fərqlənməli, müəllim və şagird
kollektivində böyük nüfuza malik olmalıdır. Həm oxuduğu
məktəbdə, həm yaşadığı yerdə nümunəvi davranışı, mədəni
səviyyəsi ilə hər kəsin hörmətini qazanmalıdır. Eyni
zamanda, əsl mənada medala namizədliyini sübuta yetirmək
üçün ölkə səviyyəsində keçirilən fənn olimpiadalarında,
müsabiqələrdə və digər bu kimi bilik yarışlarında,
habelə, imkan olduqca beynəlxalq miqyaslı bilik
yarışlarında da iştirak edib fərqlənməyi bacarmalıdır.
Bəzi valideynlər elə düşünür ki, övladının medal alması
üçün orta məktəbdə yalnız "əla" qiymətlərlə oxuması
kifayətdir. Halbuki, bir daha qeyd etmək istəyirəm ki,
bu, yalnız məsələnin bir tərəfidir. Medala namizəd
şagird "əla" qiymətlərlə oxumaqla bərabər, həm də
yuxarıda sadalanan keyfiyyətlərə malik olmalıdır.
|