İyulun
10-da təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi
nəzdində fəaliyyət göstərən idman məktəblərindən
"Bakı-2015" I Avropa Oyunlarında uğur qazanmış
idmançılarla görüşüb.
Görüş iştirakçılarını salamlayan nazir qeyd edib ki,
tarixdə ilk dəfə ölkəmizdə keçirilmiş "Bakı-2015" I
Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi
hamımızda böyük qürur hissi doğurub. Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin böyük
diqqət və qayğısı, I Avropa Oyunları Təşkilat
Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın yüksək
təşkilatçılıq bacarığı nəticəsində qısa müddət ərzində
müasir tələblərə cavab verən müxtəlif idman
obyektlərinin tikilib istifadəyə verilməsi, tələb olunan
infrastrukturun yaradılması, digər hazırlıq işlərinin
görülməsi Avropa Oyunlarının yüksək səviyyədə
keçirilməsinə zəmin yaradıb.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat
kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən
təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən
Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar I Avropa
Oyunlarının proqramına daxil olan idman növlərinin
məktəblilər arasında təbliği, şagirdlərin vətənpərvərlik
ruhunda tərbiyə edilməsində idmanın rolunun artırılması
məqsədilə keçirilib.
Avropa Oyunlarının təşkili və keçirilməsində Təhsil
Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15
kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib.
Bütün bunlar nəzərə alınaraq, Təhsil Nazirliyi
tərəfindən ali təhsil müəssisələri və kolleclərə
təşəkkür məktubları göndərilib.
Təhsil
naziri deyib ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin qeyd etdiyi kimi, könüllülər ölkəmizin bir daha
böyük potensiala, insan kapitalına malik olduğunu
göstərdilər. Tələbə-könüllülərin fəaliyyətinə I Avropa
Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
tərəfindən də yüksək qiymət verilib.
Könüllülər arasında SABAH qruplarının tələbələrinin
uğurlu fəaliyyəti də qeyd olunmalıdır. Cari ilin
martından fəaliyyətə başlayan "SABAH-ın könüllüsü"
proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH
qruplarındakı könüllülərin "Bakı-2015" I Avropa
Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə silsilə
tədbirlər keçirilib.
Nazir bildirib ki, I Avropa Oyunlarının təcrübəsini,
könüllülərin iştirakını nəzərə alaraq, 5 dekabr 2015-ci
il tarixdə-Beynəlxalq könüllülər günündə
tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi
nəzərdə tutulub.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından
söhbət açan nazir "Bakı-2015" I Avropa Oyunlarında həmin
məktəblərin yetirmələrindən olan Amil Qasımovun sambo
idman növü üzrə II, Hacı Əliyevin sərbəst güləş idman
növü üzrə III, Eldar Səfərovun idman gimnastikası üzrə
komanda yarışında III yeri tutduğunu nəzərə çatdırıb.
İdmançıları təbrik edən Mikayıl Cabbarov onların idman
karyeralarında daha parlaq uğurlar qazanacaqlarına
ümidvar olduğunu bildirib.
"Bakı-2015" I Avropa Oyunlarının əhəmiyyəti haqqında
fikirlərini bildirən təhsil nazirinin müavini Firudin
Qurbanov ölkəmizdə mövcud olan yüksək səviyyəli idman
infrastrukturunun istənilən beynəlxalq yarışı keçirməyə
imkan verdiyini nəzərə çatdırıb. Bütün bunlar ölkəmizdə
idmana göstərilən dövlət qayğısı və dövlət başçısının
şəxsi dəstəyi sayəsində reallaşdırılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru
Səadət Qəndilova I Avropa Oyunlarında uğur qazanmış
idmançıları təbrik edib, tələbə-könüllülərin
fəaliyyətini yüksək dəyərləndirib.
Sonra hər üç idmançıya Təhsil Nazirliyi tərəfindən Fəxri
fərman və qiymətli hədiyyələr təqdim olunub.
Daha sonra Təhsil Nazirliyinin, ali təhsil
müəssisələrinin, kolleclərin, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin və Təhsil Nazirliyi sistemində fəaliyyət
göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa
Oyunlarında fəal iştirak etmiş bir qrup əməkdaşı Fəxri
fərmanla təltif olunub.
www.edu.gov.az |