Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası
Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə
Komissiya tərəfindən 2015/2016-cı tədris ilində təsdiq
olunmuş ilk tələbələrlə görüşüb.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara
təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə
göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu
bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali
məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan
nazir onların ölkəmizin dinamik inkişaf prosesinə
layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə
Komissiya tərəfindən namizədliyi təsdiq olunan
tələbələrin ilk qrupu təhsilini Böyük Britaniya,
Türkiyə, ABŞ və Almaniyada bakalavriat, magistratura,
rezidentura və fəlsəfə doktoru səviyyələrində davam
etdirəcəklər. Bu tələbələr arasında "Cambridge
University", "Massachusetts Institute of Technology",
"Johns Hopkins University", "Edinburgh University",
"London School of Economics", "Universitat zu Köln" və
"Bilkent Üniversitesi" kimi dünyanın aparıcı ali təhsil
müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.
Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015/2016-cı
tədris ili üçün sənəd qəbulu 15 aprel - 15 iyul
tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və
müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi,
müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı
digər dövlət qurumları və ali təhsil müəssisələrinin
nümayəndələri iştirak edirlər. |