İyulun
3-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov Rusiya Federasiyasının Ali İqtisad Məktəbi
Milli Tədqiqat Universitetinin rektoru, professor
Yaroslav Kuzminovun rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil
islahatları və bu çərçivədə "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası
barədə qonaqlara ətraflı məlumat verib.
Y.Kuzminov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin
Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraqlı
olduğunu qeyd edərək, artıq bu istiqamətdə praktiki
fəaliyyətin aparıldığını və hazırkı səfərin bu
əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi
daşıdığını bildirib. Qonaq rəhbərlik etdiyi ali təhsil
müəssisəsinin 15 ilə yaxındır Rusiya Federasiyasında
böyük nüfuza malik olduğunu və dünyanın qabaqcıl
universitetləri ilə ikili diplom proqramlarına malik
olduğunu qeyd edib.
Görüş zamanı Ali İqtisad Məktəbi ilə Azərbaycanın ali
təhsil müəssisələri arasında birgə tədris və araşdırma
proqramlarının təşkil olunması imkanları müzakirə olunub.
Ali İqtisad Məktəbi Azərbaycan Dövlət İqtisad
Universiteti ilə sıx əməkdaşlıq edir və iki ali təhsil
müəssisəsi arasında bakalavriat və magistratura
səviyyələrində rus dilində ikili diplom proqramları
həyata keçirilir.
www.edu.gov.az |