Beynəlxalq
Kimya Olimpiadası Təşkilat Komitəsi tərəfindən ölkəmizdə
keçiriləcək məktəblilərin 47-ci Beynəlxalq Kimya
Olimpiadasının açılışına sayılı günlər qalıb. 9 gün də
keçəcək və paytaxtımız növbəti mötəbər bir beynəlxalq
tədbirə ev sahibliyi edəcək. İyulun 20-də start
götürəcək beynəlxalq yarışmaya ölkəmizdə geniş hazırlıq
işləri aparılıb. Belə ki, 47-ci Beynəlxalq Kimya
Olimpiadasının yüksək səviyyədə keçirilməsi məqsədilə
Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. Həmin
əmrlə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın
sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. 47-ci
Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli
komandaya namizədlərin seçilməsi qaydaları təsdiq
olunub. Eyni zamanda olimpiadanın rəsmi internet. saytı
(www.icho2015msu.az)
istifadəyə verilib.
Qaydalara əsasən olimpiadada çıxış edəcək milli
komandaya namizədlərin seçilməsi məqsədilə ümumtəhsil
müəssisələrinin X-XI sinif şagirdləri arasında kimya
fənni üzrə rayon (şəhər), zona və respublika
mərhələlərindən ibarət seçim turları təşkil olunub.
Yanvarın 18-də keçirilən ilk seçim turunda ümumilikdə X
və XI siniflər üzrə 1472 şagird iştirak edib. Bu
mərhələdə şagirdlərə 30 sual təqdim edilib və onların
cavablandırılması üçün 3 saat vaxt verilib. Suallar
siniflər üzrə məktəb proqramı səviyyəsində qapalı test
formatında hazırlanıb. Rayon (şəhər) mərhələsi üzrə
müsabiqənin nəticələrinə əsasən 684 şagird zona
mərhələsində iştirak etmək hüququ qazanıb.
Növbəti zona mərhələsi bu ilin fevralında Təşkilat
Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə
keçirilib. Mərkəzlər respublikanın müxtəlif bölgələrində
yerləşən ümumi təhsil müəssisələri arasından seçilib. Bu
mərhələdə 693 şagird iştirak edib. Onlar nisbətən
çətinləşdirilmiş 30 qapalı və açıq tipli test
tapşırığını 4 saat ərzində cavablandırıblar. Zona
mərhələsi üzrə müsabiqənin nəticələrinə əsasən 215
şagird respublika mərhələsinə vəsiqə qazanıb.
Seçimin
son - respublika turu martın 1-də M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialında keçirilib.
Bu turda 215 şagird iştirak edib. Şagirdlərə 20
çətinləşdirilmiş qapalı test və açıq tipli suallar
təqdim olunub və onlar bu sualları 4 saat ərzində
cavablandırmalı olublar. Bu mərhələ üzrə müsabiqənin
nəticələrinə əsasən Bakı, Gəncə, Sumqayıt, Şirvan,
Qazax, Masallı və Balakən məktəblərindən 13 şagird milli
komandaya namizəd olaraq seçilib. Aprel ayından
başlayaraq onlarla M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin professorları və bu təhsil ocağının Bakı
filialının mütəxəssisləri tərəfindən beynəlxalq
olimpiadaya hazırlıq məşğələləri keçirilib. Şagirdlər
eyni zamanda nəzəri və praktik biliklərini artırıblar.
Məlumat üçün bildirək ki, Beynəlxalq Kimya Olimpiadası
ilk dəfə 1968-ci ildə 5 ölkədən olan məktəblilərin
iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada)
keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada
2002-ci ildən iştirak edirlər. İndiyədək məktəblilərimiz
bu mötəbər yarışmadan 5 qızıl, 5 gümüş və 14 bürünc
olmaqla ümumilikdə 24 medal qazanıblar.
Sonuncu - 46-cı Beynəlxalq Kimya Olimpiadası 2013-cü
ildə Vyetnamın Hanoy şəhərində keçirilib. Həmin
olimpiadada dünyanın 75 ölkəsindən 300 şagird iştirak
edib. 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak
üçünsə Bakıya 80 ölkədən məktəblilərin gələcəyi
gözlənilir.
47-ci Beynəlxalq Kimya Olimpiadasının keçiriləcəyi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialında bilik yarışmasının yüksək səviyyədə təşkili
üçün hər cür şərait yaradılıb. Filial olimpiadaçıları
qəbul etmək üçün tam hazırdır. Bu mötəbər bilik
yarışında ölkəmizi təmsil edəcək komandamızın üzvlərinə
uğurlar arzulayır, onların bu yaxınlarda başa çatmış I
Avropa Oyunlarında öz uğurlu çıxışları, qazandıqları
medallarla xalqımıza böyük sevinc bəxş etmiş
idmançılarımızın estafetini davam etdirəcəklərinə ümid
bəsləyirik.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |