Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının və mentorluq xidmətinin təşkili barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) maliyyələşdirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinin 1-ci Əlavəsinin (Layihənin Təsviri) B Hissəsinin (Müəllimlərin ixtisasartırma təhsilinin müasirləşdirilməsi) 1-ci bəndinə və TSİİL-in 2-ci komponentinin İcra Planına uyğun olaraq, 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərinin ibtidai, V-VIII siniflərində dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini  rəhbər tutaraq  

ƏMR EDİRƏM: 

1. 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərinin ibtidai, V-VIII siniflərində dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları və mentorluq xidməti təşkil edilsin.

2. Nəzərə alınsın ki:

2.1. Naxçıvan MR-də fənn kurikulumlarının tətbiqi üzrə müəllimlərin nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə zəruri tədbirlər yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

2.2. Respublikanın şəhər və rayonlarında təlim kursları və mentorluq xidməti TSİİL çərçivəsində keçirilmiş tenderlər nəticəsində ibtidai siniflər və V-VIII siniflərdə tədris olunan fənlər üzrə bu tədbirləri həyata keçirmək hüququ qazanmış təşkilatlar tərəfindən onlarla bağlanmış müqavilələrin şərtlərinə uyğun icra olunur (təşkilatların siyahısı əlavə olunur).

2.3. Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin ibtidai, V-VIII siniflərində dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin həmin kateqoriyadan olan müəllimləri isə məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunurlar.

2.4. Təlim kursunu müvəffəqiyyətlə  başa vurmuş müəllimlərə Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sertifikat verilir.

2.5. Təlim kurslarından keçmiş və 5 ilədək pedaqoji stajı olan müəllimlər könüllü müraciətləri əsasında 2015-2016-cı tədris ilinin əvvəlindən başlayaraq mentorluq proqramına cəlb olunurlar.

2.6. 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərinə yeni işə qəbul olunan ibtidai və V-VIII siniflərdə dərs deyəcək müəllimlər üçün əlavə qruplar yaradılmaqla təlim kursları keçirilir.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

3.1. Təhsil şöbəsinin (idarəsinin) təlim kurslarının keçirilməsi üzrə əlaqələndiricisinin və kurs keçirilən məktəblərə təhkim olunan əməkdaşların siyahısını əmrlə təsdiq etsinlər və səlahiyyətlərini müəyyənləşdirsinlər.

3.2. İbtidai siniflər və V-VIII siniflərdə tədris olunan fənlər üzrə təlim kurslarını həyata keçirən təşkilatla birlikdə keçiriləcək kursların cədvəlini tərtib etsinlər, məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş məktəblərdə lazımi şəraitin yaradılmasını, hər bir təlim otağının zəruri texniki vasitələrlə (kompüter, proyektor) təchiz olunmasını təmin etsinlər.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri:

4.1. Təlim dili göstərilməklə kurslara cəlb olunacaq müəllimlərin siyahısını dəqiqləşdirib təsdiqləsinlər.

4.2. Təlim kurslarının monitorinqini keçirsinlər və nəticələrə dair arayış hazırlayıb Nazirliyə təqdim etsinlər.

4.3. Təlim kursları başa çatdıqdan sonra təlim keçirən təşkilatlarla təhvil-təslim sənədləşməsini həll etsinlər və təlimlərin nəticələri barədə Nazirliyə hesabat təqdim etsinlər.

5. Məcburi köçkün rayonlarının təhsil şöbələri ibtidai, V-VIII siniflərdə dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlərin işlədikləri ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilər üzrə təşkil olunan təlim kurslarında iştirakına ciddi nəzarət etsinlər.

6. İnsan resursları şöbəsi (F.Qədirov), TSİİL üzrə əlaqələndirici qrupun direktoru (E.Rüstəmov) təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında təhsil orqanlarına və təlimləri keçirən təşkilatlara əməli köməklik göstərilməsi üzrə müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etsinlər.

7. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerli təhsili idarəetmə orqanlarına göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə olunsun.  

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 iyul 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov