|  | 
							
								| 
						
						 Abdulqədir ABDULLAYEV 
								
								1988-ci ildə anadan olub. Azərbaycan Dövlət 
								Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 
								Boks idman növü ilə məşğul olur. "Baku Fires" 
								klubunda məşq edir. Məşqçisi Maqomed 
								Aripqadjievdir. 2004-cü ildən yarışlara qatılıb. 
								Dünya üzrə silsilə boks yarışlarının 
								iştirakçısıdır. I Avropa Oyunlarının boks 
								yarışları çərçivəsində 91 kq çəki dərəcəsində 
								döyüşən idmançı səkkizdəbir finalda macarıstanlı 
								Adam Hamoriyə qalib gəlib. Növbəti dörddəbir 
								finalda fransalı Paul Omba Biopqolayı  
								mübarizədən kənarlaşdırıb. Yarımfinalda rusiyalı 
								Sadam Maqomedovla qarşılaşan Abdulqədir onu da 
								3:0 hesabı ilə  məğlub edib. Finalda isə onun 
								rəqibi Ukraynanı  təmsil edən  erməni boksçusu 
								Gevorq Manukyan olub. Rəqibi zədələnməsinə görə 
								oyundan imtina etdiyindən qələbə Abdulqədirə 
								verilib və o I Avropa Oyunlarının  qızıl 
								medalına sahiblənib.  | 
							
								| 
 | 
							
								| 
						
						 Pərviz BAĞIROV 
								
								1994-cü ildə anadan olub. Boksda yarımorta çəki 
								dərəcəsində (69 kq) döyüşür. "Neftçi" idman 
								klubunun üzvüdür. Burada məşqçi Vüqar 
								Ələkbərovun rəhbərliyi altında  məşq edir. 
								Yarışlarda iştirakı 2007-ci ildən başlayıb. 
								İndiyədək  bir sıra yüksək səviyyəli yarışlarda 
								iştirak edib. Ən yaddaqalan çıxışı 2011-ci ildə 
								olub. Həmin il İrlandiyanın paytaxtı Dublin 
								şəhərində keçirilən gənclər arasında Avropa 
								çempionatında 1-ci yeri tutub. 
								
								Pərviz I Avropa Oyunlarında da yarımorta çəki 
								(69 kq) dərəcəsində mübarizə aparıb. Rinqə ilk 
								olaraq səkkizdəbir finalda çıxıb. Bu mərhələdəki 
								döyüşündə moldovalı Vasili Belousu məğlub edən 
								idmançımız növbəti - dörddəbir finalda 
								almaniyalı Abass Baraunu mübarizədən 
								kənarlaşdırıb. Yarımfinalda böyük britaniyalı 
								Coş Kellini məğlub edən Pərviz finalda Rusiya 
								idmançısı Aleksandr Besputinlə qarşılaşıb. Öz 
								döyüş taktikası ilə rəqibini tamamilə çıxılmaz 
								vəziyyətə salan idmançımız yekunda qələbə 
								qazanıb və dövlətimizin himnini səsləndirib. | 
							
								| 
 | 
							
								| 
						
						 Albert SƏLİMOV 
								
								1986-cı ildə anadan olub. Azərbaycan Dövlət 
								Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 
								İdmanın boks növü ilə məşğul olur. 1999-cu ildən 
								yarışlarda iştirak edir. "Baku Fires" klubunun  
								təmsilçisidir. Məşqçisi Nuri paşa Talıbovdur. 
								
								Mütaliə etməyi sevir. Ölkə və beynəlxalq 
								səviyyəli silsilə boks yarışlarının 
								iştirakçısıdır. Adətən 60 kq çəki dərəcəsində 
								rinqə çıxan Albert Səlimov I Avropa Oyunlarında 
								da boks yarışlarına bu çəki dərəcəsində qatılıb. 
								Mübarizəyə səkkizdəbir final mərhələsindən 
								başlayan Albert bu mərhələdə Gürcüstanı təmsil 
								edən Otar  Eranosyanı məğlub edib. Dörddəbir 
								finalda Bolqarıstan idmançısı Elian Dimitrovu 
								3:0 hesabı ilə üstələyən idmançımız yarımfinalda 
								irlandiyalı boksçu Sin Makkombu mübarizədən 
								kənarlaşdırıb. Finalda rəqibi, fransalı  idmançı 
								Sofian Qumulinə nisbətən olduqca cəld və 
								taktikalı döyüş nümayiş etdirən Albert Səlimov 
								çoxsaylı zərbələri ilə hər üç raundu üstün başa 
								vurub və çempion olub.  İlk Avropa  Oyunlarının 
								qalibləri sırasına düşən idmançımızın şərəfinə 
								Azərbaycanın Dövlət himni ifa olunub. 
								 | 
							
								| 
 | 
							
								| 
						
						 İlham ZƏKİYEV 
								
								1980-ci ildə Sumqayıtda anadan olub. Sumqayıt 
								şəhər 5 nömrəli tam orta məktəbin məzunudur. 15 
								yaşından idmanın cüdo növü ilə məşğuldur. 
								1998-ci ildən bir sıra yarışlarda iştirak edib. 
								Gənclər arasında keçirilən  Avropa 
								birinciliyinin qaliblərindən, sambo üzrə 
								yeniyetmələr arasında respublika çempionu olub. 
								1999-cu ildə hərbi xidmətdə olarkən  yaralanan 
								İ.Zəkiyev ordudan tərxis olunduqdan sonra 
								paralimpiyaçıların sırasında cüdo yarışlarında 
								iştirak edir. 2004 və 2008-ci illər Afina və 
								Pekin Olimpiya oyunlarında 100 kq-dan yuxarı 
								çəki dərəcəsində çempion olub və qızıl medal 
								qazanıb. 2012-ci il  London Paralimpiya 
								Oyunlarında bürünc medal alıb. 
								
								2003-cü ildə  Kvebekdə (Kanada), 2006-cı ildə 
								Brommatda keçirilən dünya çempionatında bürünc, 
								2007 və 2010-cu illərdə San Paulada və Antalyada 
								təşkil olunmuş dünya çempionatlarında gümüş 
								medallar qazanıb. 2005-ci ildən bəri 5 dəfə 
								Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013) 
								olub. Əməkdar idman ustasıdır. "Şöhrət" ordeni 
								və "Tərəqqi" medalı ilə təltif olunub. Heydər 
								Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" 
								mükafatının laureatıdır. 
								
								İlham Zəkiyev I Avropa Oyunlarında da 
								paracüdoçular sırasında 90 kq-dan yuxarı çəki 
								dərəcəsində mübarizə aparıb. Yarışa yarımfinal 
								mərhələsindən qoşulan Paralimpiya çempionu 
								finala gedən  yolda Yunanistan idmançısı Klimis  
								Papaçistosla üz-üzə gəlib və ona 27 saniyə 
								ərzində ipponla qalib gəlib. Həlledici mərhələdə 
								rəqibi ukraynalı Aleksandr Pominov olub. İlham 
								bu döyüşü də inamla udaraq çempion olub. 
								 | 
							
								| 
 | 
							
								| 
								
								Elvin  MƏMİŞZADƏ  
								
								1991-ci ildə anadan olub. Azərbaycan Dövlət 
								Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 
								İdmanın boks növü ilə məşğul olur. Yarışlara 
								1999-cu ildən başlayıb. "Gilan" klubunda məşqçi 
								Elbrus Rzayevin rəhbərliyi altında məşq edir. 
								Sanballı idman uğurları var. Belə ki, 2007-ci 
								ildə yeniyetmələr arasında Avropa çempionatında 
								I yeri tutub. 2009-cu il Avropa çempionatında da 
								(gənclər) I olub. 2010-cu il Avropa 
								çempionatında və Avropa Kubokunda 2-ci yeri 
								tutub. 2013-cü il Avropa çempionatının bürünc 
								medalçısı,  "Böyük İpək Yolu" turnirinin (Bakı) 
								qalibidir. 
								
								Elvin I Avropa Oyunlarında da ənənəvi olaraq 
								çıxış etdiyi yüngülvari çəki (52 kq) dərəcəsində 
								mübarizə aparıb. Əvvəlki döyüşlərdə olduğu kimi 
								I Avropa Oyunlarının çempionu adı uğrunda 
								döyüşlərdə də yüksək mübarizə əzmi göstərib. 
								Səkkizdəbir final mərhələsində irlandiyalı Mayls 
								Kaseyi,  dörddəbir final mərhələsində 
								bolqarıstanlı Daniel Asenovu, yarımfinalda isə 
								almaniyalı Həmzə Tubanı mübarizədən 
								kənarlaşdırıb. Azərbaycan Respublikasının 
								Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva 
								və ailə üzvlərinin izlədikləri final görüşündə 
								Elvin İtaliya təmsilçisi Vinçenzo Pikardi ilə 
								qarşılaşıb. Hər üç raundu üstün başa vuraraq 3:0 
								hesabı ilə qələbə qazanan idmançımız çempion 
								olub. | 
							
								| 
 | 
							
								| 
						
						 Lorenzo 
								SOTOMAYOR 
								
								1985-ci ildə anadan olub. Kubalıdır. 2013-cü 
								ildən Azərbaycan milli komandasının tərkibində 
								yarışlarda iştirak edir. Azərbaycan boksçusu 
								kimi debütü 2013-cü il dekabrın 19-da Rusiyanın 
								Xantı-Mansiysk şəhərində Sibirdə ilk dəfə nefti 
								kəşf edən həmyerlimiz Fərman Salmanovun 
								xatirəsinə həsr olunmuş boks üzrə Neft 
								Ölkələrinin Dünya Kuboku turnirində olub. 
								
								Sotomayor "Qəbələ" idman klubunda çalışan kubalı 
								məşqçi Lazaro Jimenez Martinezin yetirməsidir. 
								
								Birinci yarımorta (64 kq) çəki dərəcəsində 
								mübarizə aparan Lorenzo Sotomayor bir sıra 
								beynəlxalq səviyyəli boks yarışlarında uğurla 
								iştirak edib. 
								
								I Avropa Oyunlarına da yarışlardan biri öncəsi  
								dediyi kimi "Qızıldan başqa medal məni 
								maraqlandırmır" qətiyyəti ilə qatılan Sotomayor 
								bu oyunlarda yüksək ustalıq və əzmkarlıq nümayiş 
								etdirib. Yarışlara onaltıdabir finaldan başlayan 
								idmançımız bu mərhələdə sloveniyalı Edin 
								Sejdinoviçi məğlub edib. Səkkizdəbir finalda 
								moldovalı Dmitri Qalaqotu da mübarizədən 
								kənarlaşdıran Sotomayor dörddəbir finalda 
								rumıniyalı Daniel Nikulesku ilə qarşılaşıb və 
								qələbə qazanıb. 
								
								Yarımfinalda  Ukrayna boksçusu Viktor Petrovu da 
								udan milli yığmamızın kubaəsilli üzvünün finalda 
								rəqibi daha güclü olub. Buna baxmayaraq o, 
								London Olimpiya Oyunlarının bürünc mükafatçısı 
								olan italiyalı Vinçenzo Mangiakapzeyə heç bir 
								şans verməyib və beş ardıcıl qələbə nəticəsində 
								ilk Avropa Oyunlarının qalibi olub. | 
							
								| 
 | 
							
								| 
						
						 Teymur 
								MƏMMƏDOV 
								
								1993-cü ildə Bakıda anadan olub. Azərbaycan 
								Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 
								məzunudur. "Rabitə" idman klubunda məşqçi İlham 
								Əlimzanovun rəhbərliyi altında məşq edir. 
								2003-cü ildən beynəlxalq yarışlarda iştirak edir. 
								
								2011-ci ildə Bakıda keçirilən  dünya 
								çempionatında II, Ankarada keçirilən Avropa 
								çempionatında I yerləri tutub. 2012-ci il London 
								Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. 
								2013-cü ildə Almatı şəhərində keçirilən dünya 
								çempionatında 3-cü yerə, Avropa çempionatında 
								isə II yerə çıxıb. I Avropa Oyunlarında boks 
								yarışlarında 81 kq çəki dərəcəsində iştirak edən 
								Teymur Məmmədov 1/16 final mərhələsində böyük 
								britaniyalı Coşuna Buatsini, 1/8 final 
								mərhələsində polşalı Jordan Kalınskini, 
								dörddəbir final mərhələsində danimarkalı Peter 
								Müllekberqi, yarımfinalda isə rusiyalı Pavel 
								Silyaqini mübarizədən kənarlaşdırıb. Finalda da 
								italiyalı Valentino Manfredoniaya qarşı inamla 
								və əzmlə döyüşərək ona 3:0 hesabı ilə  qalib 
								gəlib və I Avropa Oyunlarının çempionu olub. 
								Beləliklə  o,  Azərbaycana 15-ci qızıl medalı 
								qazandırıb. T.Məmmədova və digər mükafatçılara 
								medalları Prezident İlham Əliyev təqdim edib.
								 |