Alman ali məktəblərinin birgə qurumu olan Alman Akademik
Mübadilə Xidməti (DAAD) hər il onlarla azərbaycanlı
tələbəyə təqaüd verir. Beynəlxalq ali məktəb
əməkdaşlığı üzrə ən böyük alman maliyyələşdirici
təşkilatı olan DAAD-ın əsas vəzifəsi, ilk növbədə,
tələbələrin və elm adamlarının mübadiləsi vasitəsilə
xarici ölkələrlə akademik münasibətləri dəstəkləməkdən
ibarətdir. DAAD ölkə daxili və xaricində 250-ə yaxın
proqram çərçivəsində və bütün ixtsaslar üzrə tələbə,
məzun və doktorantları, praktikantları, incəsənət
sahəsində çalışan şəxsləri, alimləri maliyyələşdirir.
Bu çərçivədə cari tədris ilində Almaniya
universitetlərinin professor-müəllim heyəti tərəfindən
qiymətləndirilərək seçilən fərqli kateqoriyalardan olan
nominantlara təqaüdlər və sertifikatlar təqdim olunub.
İyunun 16-da Bakıdakı Kapelkhaus Alman-Azərbaycan
Mədəniyyət birliyində DAAD-ın təqaüdünü qazanmış
nominantların təltif olunması ilə əlaqədar tədbir təşkil
edilib. Tədbirdə Qafqaz Universitetinin rəhbərliyi də
iştirak edib. Sevindirici haldır ki, magistratura
təhsili pilləsi üçün DAAD-ın təqaüdünü qazanmış 11
müraciətçidən 5-i Qafqaz Universitetinin məzunudur.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |