Gəncə
Dövlət Universitetinin bir qrup tələbəsi Silahlı
Qüvvələr Günü münasibətilə Gəncə şəhərində yerləşən "N"
saylı hərbi hissədə olub. Görüşdə universitetin
humanitar məsələlər üzrə prorektoru Asif Cavadov hərbi
hissənin komandanlığına və əsgərlərə öz ürək sözlərini
deyib, onları bayram münasibəti ilə təbrik edib.
Bildirib ki, 17-ci ildir ölkəmizdə ümumxalq bayramı kimi
təntənəli şəkildə qeyd edilən həmin günün müəllifi
müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər
Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı
fərmanla bu tarixi gün Azərbaycan Respublikasının
Silahlı Qüvvələr Günü elan edilib. Ümummilli lider
Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və milli
ordu quruculuğunda varislik ənənələrinin bərpası
istiqamətində çox gərəkli bir addım atıb. Ulu öndərin
hakimiyyətə ikinci dəfə gəlişindən sonra ordu quruculuğu
ilə bağlı genişmiqyaslı islahatlara start verilib.
Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin
formalaşdırılması tam başa çatdırılıb, ordu
quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan
qanunlar qəbul edilib.
Prorektor diqqətə çatdırıb ki, hazırda düşmənə lazımi
cavab verəcək, Dağlıq Qarabağımızı azad edəcək qüvvəyə,
hərbi-texniki bazaya malik qüdrətli ordumuz var. Bütün
xalqımız kimi, Gəncə Dövlət Universitetinin çoxminli
kollektivi də ordumuzun bugünkü gücü və qüdrəti ilə fəxr
edir.
Sonra universitetin tələbələri hazırladıqları konsert
proqramı ilə əsgərlərin qarşısında çıxış ediblər.
Konsert proqramı universitetin Tələbə Şurasının sədri
Əfsanə Mövlayevanın "Vətən sevgisi" şeirini söyləməsi
ilə başlayıb. Sərxan Məmmədovun və Sərxan Qasımovun ifa
etdikləri mahnılar, Ruslan Xudaverdiyevin sazda çaldığı
havalar, Eşqin Ocaqverdiyevin qarmonda səsləndirdiyi
oynaq musiqi nömrələri tamaşaçıların rəğbətini qazanıb.
Əsgərlər də tələbələrə qoşularaq ifa etdikləri mahnılar
və rəqslərlə bayram əhvali-ruhiyyəsini daha da
artırıblar.
Sonda hərbi hissənin komandiri görüşdən razı qaldığını
bildirib və universitetin rəhbərliyinə təşəkkürünü
çatdırıb.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |