Sual:
Ali təhsil pilləsinin hansı səviyyələri var?
Bakalavriat, magistratura və doktorantura dedikdə nə
başa düşülür?
Cavab:
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
17.1.5-ci maddəsinə görə ali təhsil pilləsinin
bakalavriat, magistratura və doktorantura səviyyələri
mövcuddur.
Həmin Qanuna əsasən bakalavriat təhsil səviyyəsində tam
orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı
ixtisasların təhsil proqramları üzrə geniş profilli ali
təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili
başa çatmış ali təhsildir. Bakalavriatı bitirən
məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir.
Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla,
ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi
tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən
öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar
fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə
məşğul olmaq hüququ verir. Bu səviyyədə bakalavr təhsili
bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə
müvafiq təhsil proqramları əsasında mütəxəssislər
hazırlanır. Magistratura səviyyəsini bitirən şəxslərə "magistr"
ali elmi-ixtisas dərəcəsi verilir. Bu təhsil səviyyəsini
bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə
bilərlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali
təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.10-cu
bəndinə görə ali təhsilin bakalavriat və magistratura
təhsil proqramlarını başa vurmuş və yekun dövlət
attestasiyasından keçmiş tələbələrə ali təhsil
müəssisəsini bitirməsi barədə dövlət nümunəli sənəd (diplom)
verilir.
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla
elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas
və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi
təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil
müəssisələrində adyunkturalarda) həyata keçirilir və
müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi
dərəcələr ali təhsil müəssisələrində və elmi
təşkilatlarda fəaliyyət göstərən dissertasiya
şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun
olaraq verilir. Azərbaycan Respublikasında aşağıdakı
elmi dərəcələr müəyyən edilir:
Fəlsəfə doktoru - elm sahələri göstərilməklə;
Elmlər doktoru - elm sahələri göstərilməklə.
Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi
dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin
elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli
sənəd - diplom verilir.
Bundan əlavə qeyd edirik ki, tibb təhsili təhsil
proqramlarına və dövlət təhsil standartlarına uyğun
olaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara
müvafiq olaraq həkim və həkim-mütəxəssis ali
peşə-ixtisas dərəcələri verilir.
Sual: Təhsil müəssisələrinin
fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün
hansı sənədlər tələb olunur?
Cavab:
Azərbaycan Respublikasının Prezidentinin 02.09.2002-ci
il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a
və Nazirlər Kabinetinin "Fəaliyyət növlərinin
xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya)
verilməsi üçün tələb olunan əlavə şərtlər barədə"
07.11.2002-ci il tarixli, 174 nömrəli qərarına əsasən
xüsusi razılıq (lisenziya verilməsi) üçün aşağıdakı
sənədlər tələb olunur:
1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında
şəhadətnaməsinin surəti;
2. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması
haqqında müvafiq sənədin surəti;
3. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün
ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə,
istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğın Nəzarəti Xidmətinin və Səhiyyə
Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin Rəyləri;
5. Təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri
haqqında məlumat;
6. Təhsil müəssisəsinin maddi-texniki bazası (yerləşdiyi
binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup,
yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman,
musiqi zalı, həkim otağı və izolyator, mətbəx, metodiki
kabinet, sanitar qovşağı və s.) və təlim-tərbiyə
prosesinin təminatı haqqında ətraflı məlumat (texniki
təminat vasitələri, proqram, metodiki təminat, didaktik
materiallarla təminat və s.);
7. Dini təhsil müəssisələri tərəfindən müvafiq
fəaliyyətin həyata keçirilməsi üçün Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin rəyi.
Lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi
lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini
təsdiq edən sənəd təqdim edir.
Sual: Lisenziyası olmayan təhsil
müəssisəsini bitirməyin nəticəsi nədir?
Cavab:
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında
hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və
akkreditasiya olunmuş təhsil müəssisələrinin
fəaliyyətinə hüquqi təminat verilir.
Fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməmiş və
akkreditasiya olunmamış təhsil müəssisələrinə
məzunlarına təqdim edilməsi üçün Təhsil Nazirliyi
tərəfindən dövlət nümunəli sənəd (diplom) verilmir və
həmin təhsil müəssisəsi tərəfindən məzunlara verilmiş
diplomlar xarici ölkələrdə tanınmır.
Sual: Məzuniyyət hüququ nə vaxt
yaranır?
Cavab:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu
maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən
(peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin
müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən
edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna
malikdirlər.
Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə görə
İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən
istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı
andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
Sual: Əmək məzuniyyətindən
hissələrə bölünməklə istifadə oluna bilərmi?
Cavab:
Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən əmək
məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə
hissələrə bölünərək verilə bilər, bu şərtlə ki,
məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki
təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir
hissəsindən istifadə edildiyi hallarda onun qalan
hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və
ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə
növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib
verilir.
Sual: Əmək müqaviləsinə xitam
verilməsi əsasları hansılardır və əmək müqaviləsinə 2 və
daha artıq əsasla xitam verilə bilərmi?
Cavab:
Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək
Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Bu əsaslara
aşağıdakılar daxildir:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;
d) tərəflərin iradəsindən asılı olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Əmək Məcəlləsinin 76-cı maddəsinə görə əmək müqaviləsinə
eyni zamanda iki və daha artıq əsasla, həmçinin
qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu
Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv
edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Sual: Təhsil müəssisələrinin
akkreditasiyası nədir?
Cavab:
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
16.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli
qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları"na əsasən təhsil müəssisəsinin
akkreditasiyası təhsil prosesinin təşkilinin,
maddi-texniki bazasının, təhsil proqramlarının, kadr
potensialının, maliyyə resurslarının və təhsil
infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və
digər normativ-hüquqi aktların tələblərinə uyğunluğunun
müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil
müəssisəsinin statusunun müəyyən edilməsi, onun
fəaliyyətinin növbəti müddətə (5 il müddətinə, əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi
şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3
il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.
Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi
|