Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun
təşkilatçılığı və Danimarkanın Kopenhagen şəhərində
yerləşən ESSE İnstitutu təlimçilərinin iştirakı ilə
Bakıda dörd günlük seminar keçirilir.
Azərbaycan Dillər Universitetinin akt
zalında təşkil olunmuş "Pedaqoji kadrların
peşəkarlığının yüksəldilməsi: mənəvi dəyərlərə əsaslanan
təhsil" mövzusundakı seminarda paytaxtdan və bölgələrdən
müəllimlər, təhsil işçiləri iştirak edirlər.
Öz işinə iyulun 1-də başlayan seminarı Təhsil
Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə
doktoru Qulu Novruzov açaraq son 6-7 ay ərzində
institutun təşəbbüsü və təşkilatçılığı ilə artıq ikinci
dəfədir ki, böyük bir elmi metodik tədbirin
keçirildiyini bildirdi və seminarın mövzusunun
aktuallığını, əhəmiyyətini qeyd etdi. TPİ-də təhsilin
məzmunu sahəsində aparılan tədqiqatlarda şəxsiyyətin
formalaşması ilə bağlı təlim-tədris prosesində müəyyən
boşluqların olduğunu və bunun onları narahat etdiyini
deyən direktor məhz bu boşluqları doldurmaq, eləcə də
təhsilin inkişafı üzrə Dövlət Strategiyasında və onu
reallaşdırmaq üçün qəbul olunmuş mühüm dövlət
sənədlərindəki tədbirlərdə də öz əksini kifayət qədər
tapmış şəxsiyyətin formalaşdırılması ilə bağlı
məqamları, komponentləri təhsilimizə gətirmək, TPİ-də
hazırlanan 12 illik təhsilin məzmununda əks etdirmək
üçün beynəlxalq təcrübədən bəhrələnməyə xüsusi diqqət
yetirildiyini bildirdi. Bu məqsədlə institutun
əməkdaşlıq əlaqələri qurduğu təsisatlardan birinin də
Avropa ESSE İnstitutu olduğunu söyləyən Qulu Novruzov
daha sonra bu institutun fəaliyyəti haqqında qısa
məlumat verdi və onun seminarı aparacaq təlimçilərini
iştirakçılara təqdim edərək seminarın işinə uğurlar
arzuladı.
ESSE İnstititunun direktoru, professor Marianna Meyer,
direktor müavini Petra Fon Kalinovski, institutun
əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru Anita Fridrix
çıxış edərək təmsil etdikləri institutun fəaliyyətindən,
aparacaqları seminarın əhəmiyyətindən, mövzu dairəsindən
söz açdılar.
Qısa fasilədən sonra professor Marianna Meyer seminarın
giriş mövzusu olan "Ümumbəşəri dəyərlərə əsaslanan
təhsil: inteqral təhsil" mövzusunda məruzə-təqdimatla
çıxış etdi. Seminarın ilk iş günü məşğələlərində
beynəlxalq təlimçilərin "Ümumbəşəri dəyərlərə əsaslanan
təhsil fəlsəfəsi: "Edukea" konsepsiyası" və "Müəllim
ümumbəşəri dəyərlərin nümunəsi kimi" mövzularında
məruzələri də dinlənildi.
Seminarın iyulun 2 və 3-nə təsadüf edən növbəti 2 iş
günündə "Ümumbəşəri dəyər - "Sevgi", "Ümumbəşəri dəyər -
"Həqiqət", "Edukea" üzrə yaradıcılıq məşğələsi", "Təhsil
sahəsində layihələr", "Ümumbəşəri dəyər - "Əxlaq",
"Ümumbəşəri dəyər - "Əmin-amanlıq", "Ümumbəşəri dəyər -
"Qeyri-zorakılıq", "Metodların xülasəsi" kimi mövzularda
təqdimatlar edildi.
Seminar iyulun 4-də öz işini başa çatdıracaq.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |