Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

BDU-da Azərbaycan milli mətbuatının 140 illiyi ilə bağlı konfrans keçirilib

 

Böyütmək üçün seçinİyunun 29-da Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının 140 illik yubileyinə həsr olunan "Azərbaycan milli mətbuatı-140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, KİV rəhbərləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

Konfransın plenar iclasını giriş sözü ilə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik  Abel Məhərrəmov açaraq ölkəmizdə milli mətbuatın 140 illik yubileyinin geniş qeyd olunduğunu, bununla əlaqədar paytaxtda, eləcə də bölgələrdə bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu, bu elmi-praktik konfransın da həmin silsilədən olduğunu söyləyib. 

KİV nümayəndələrinin əksəriyyətinin BDU-nun məzunları olduğunu söyləyən rektor çıxışının sonunda  mətbuat işçilərini təbrik edərək  onlara fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənov konfransda çıxış edərək Prezident İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.

Prezident Administrasiyasının rəsmisi Azərbaycan mediasının bugünkü inkişafı istiqamətində dövlətimizin yürütdüyü siyasət, onun mahiyyəti, ölkəmizdə KİV-in vəziyyəti və milli jurnalistikamızdan gözləntilər barədə fikirlərini diqqətə çatdırıb. Müstəqil Azərbaycan mediasının təməlini ümummilli lider Heydər Əliyevin qoyduğunu söyləyən Əli Həsənov bu dahi şəxsiyyətin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Azərbaycanda media ilə bağlı bütün tənzimləyici dövlət mexanizmlərini, o cümlədən senzuranı ləğv etdiyini bildirib.

Sonda professor Əli Həsənov Milli Mətbuat günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, professor Cahangir Məmmədli, professor Şirməmməd Hüseynov milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salıb, "Əkinçi" qəzetinin yaranmasından, Həsən bəy Zərdabinin əvəzsiz xidmətlərindən, müasir mətbuat üçün yaradılan şəraitdən danışıblar.

Sonra mükafatlandırma mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə  elmin və təhsilin inkişafına verdiyi böyük dəstəyə, gənclərdə sağlam düşüncənin formalaşmasındakı əvəzsiz roluna, məzunu olduğu Bakı Dövlət Universitetinə göstərdiyi yüksək qayğıya, dövlətçiliyimizin qorunmasındakı  müstəsna xidmətlərinə görə "Universitetin dostu" mükafatına layiq görülüb.

Bir sıra mətbuat nümayəndəsinə, o cümlədən qəzetimizin baş redaktoru Bayram Hüseynzadəyə  Bakı Dövlət Universiteti haqqında informasiyaların rəhbərlik etdiyi qəzetdə obyektiv, dolğun və davamlı işıqlandırıldığına görə və Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə "BDU-ya informasiya dəstəyi" xatirə mükafatları təqdim edilib.

Konfrans öz  işini bölmə iclaslarında davam etdirib. 


Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov