İyunun
25-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov Macarıstanın insan resursları naziri Zoltan
Balogu qəbul edib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Macarıstan
arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və
Macarıstanın təhsil islahatları sahəsində təcrübəsinin
öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin
Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını
ifadə edib.
Görüş zamanı 11 noyabr 2014-cü il tarixində Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan
Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə
imzalanmış İş Proqramına əsasən Macarıstanda ali təhsil
almaq məqsədilə azərbaycanlı tələbələrə 2015-2017-ci
illər ərzində hər il müxtəlif sahələr üzrə Macarıstan
tərəfindən 200 təqaüdün ayrıldığı xüsusi vurğulanaraq,
bu təşəbbüsün gələcəkdə ikitərəfli əməkdaşlığın
inkişafına müsbət töhfə verəcəyi bildirilib. Təqaüdlər
təhsilin bakalavriat, magistratura və doktorantura
səviyyələrində ölkəmiz üçün prioritet olan informasiya
texnologiyaları, tibb, kənd təsərrüfatı, təbiət elmləri,
mühəndislik, turizm və iqtisadiyyat ixtisas
istiqamətlərində mütəxəssislərin hazırlanmasını təmin
edəcəkdir.
Görüş zamanı eləcə də Azərbaycanla Macarıstan arasında
ali təhsil, ikili diplom və mübadilə proqramları,
universitetlərarası əməkdaşlıq və akademik mobillik
sahəsində mümkün əməkdaşlıq imkanları barədə fikir
mübadiləsi aparılıb.
Z.Balog həmçinin birinci Avropa Oyunlarını izləmək və
bir sıra idman növləri üzrə çıxış edən macarıstanlı
idmançılara dəstək olmaq üçün ölkəmizə səfər etdiyini
bildirib. |